Məhkəmə qərarları › İş №2(103)-4473/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4473/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4473/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 və onun, eyni zamanda digər iddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər olmaqla “şəhadətnamənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 414/2020 saylı qətnaməsindən iddiaçıların apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqilə tələblər irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış, ünvan 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən 473,1 kv.metr sahənin satılmasına dair alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi tərəfindən sonuncunun adına verilmiş xx xxxxx 2001-ci il tarixli 001210 nömrəli ‘‘Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzini cavabdeh qismində cəlb etməklə, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxx 2001-ci il tarixli 30/1 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan SSR Dövlət X5 Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən, İddiaçı1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmış, lakin orderdə ayrılmış sahənin ölçüsü göstərilməmişdir. Həmin order əsasında İddiaçı1 binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahəni istifadə etməyə başlamış, o və onun arvadı İddiaçı2 həmin sahədən 2019-cu ilin may ayınadək istifadə etmişlər. Həmin orderin surətinin təqdim edilməsi barədə Azərbaycan SSR Dövlət X5 Komitəsinin hüquqi varisi “xxxxxxxxxxxx” ASC-yə verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, keçmiş Azərbaycan SSR Dövlət Maddi- Texniki Təchizat Komitəsi tərəfindən İddiaçı1 ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyata düşməsi və yaşayış sahəsi ayrılması məqsədi ilə xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli order verilmiş, lakin orderlə ayrılmış sahənin ölçüsü məktubda göstərilməmişdir. Binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahənin 1991-ci ildən 2019-cu ilədək tərəflərindən istifadə edilməsi binanın digər sakinləri tərəfindən təsdiq edilə bilər. Həmçinin həmin sahəyə dair elektrik enerjisinə görə ödənişlər də buna sübutdur. Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qanuni istifadələrində olan 232 kv.metr sahənin də daxil olduğu 473,1 kv.metr sahə Cavabdeh1 satılmış, nazirlik tərəfindən sonuncunun adına verilmiş xx xxxxx 2001-ci il tarixli 001210 nömrəli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” şəhadətnamə ilə onun qanuni istifadəsində olan 232 kv.metr sahənin də daxil olduğu 473,1 kv.metr sahə üzərində Cavabdeh1 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsi və şəhadətnamə istifadə hüququ ilə yüklü əmlaka dair verildiyi üçün etibarsız hesab edilməlidirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 414/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, onun ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri pozulmuşdur, sözügedən alqı-satqı müqaviləsi və şəhadətnamə istifadə hüququ ilə yüklü əmlaka dair verildiyi üçün şəhadətnamə və müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən binada yaşayış sahəsi ayrılmış, həmin order əsasında binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahəni istifadə etməyə başlamışlar. Həmin sahəyə görə Cavabdeh1 öz nümayəndələri vasitəsilə 2019-cu ilin yanvar ayından may ayınadək də onlara halallıq üçün 17.000, 5.000 və 10.000 manat olmaqla ümumilikdə 32.000 manat pul vermişdir. Lakin həmin pul məbləği kifayət qədər deyildir. Həmin sahədən uzun illər istifadə etmişlər. Həmçinin bina pilot layihə çərçivəsində “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2019-cu ilin iyun ayında sökülmüşdür. Həmin MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən tikiləcək yeni binada onlara 20 % artıq sahəli mənzil verilməsi nəzərdə tutulmuşdur. İddiaçıların vəkili-nümayəndəsi də apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, bina bütövlükdə yaşayış təyinatlı binadır. Mübahisəli sahə iddiaçı tərəfindən istifadə edildiyi halda özəlləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Ə.Xalıqova iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu qeyd edib, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, order əsasında iddiaçılara sadəcə yaşayış sahəsi verilmiş, hazırda mübahisəsi gedən sahə verilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir: Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq orderə əsasən İddiaçı1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmışdır. Orderdə yaşayış sahəsinin ölçüsü göstərilməmişdir. “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti “xxxxxx” Müəssisəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ünvanladığı xx xxxxxxx 1998-cu il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq müəssisənin balansında olan ünvan 2 nömrəli ünvanda yerləşən binanın birinci mərtəbəsində 350 kv.metr sahəyə “xxxxx” firması ilə icarə müqaviləsinin bağlanılmasına etiraz etməmişdir. “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti “xxxxxx” Müəssisəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ünvanladığı xx xxxxxx 1999-cu il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 nömrəli ünvanında “xxxxx” firması ilə əlavə 100 kv.metr sahəyə icarə müqaviləsinin bağlanmasına etiraz etməmişdir. “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti “xxxxxx” Müəssisəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ünvanladığı xx xxxx 1999-cu il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti “xxxxxx” Müəssisəsi ilə “xxxxx” firması arasında bağlanmış 01 nömrəli xx xxxxxxxx 1998ci il tarixli müqaviləyə əsasən ünvan 2 nömrəli ünvanda icarəyə verilmiş sahənin özəlləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi-icarəyəverən ilə “xxxxx” Kiçik Müəssisəsinin direktoru Y.Qədimov-icarəçi arasında bağlanmış xx xxxxx 1999-cu il tarixli 5097 nömrəli qeyri-yaşayış sahələri üzrə icarə müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli fərmanına və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx xxxxxx 1999-cu il tarixli 96 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyətinin “xxxxxx” müəssisəsinə məxsus ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə xx xxxxxx 1999-cu il tarixdən xx xxxxxx 1999-cu il tarixədək icarəyə vermişdir. “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti “xxxxxx” Müəssisəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ünvanladığı xx xxxxxx 1999-cu il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müəssisənin balansında olan ünvan 2 nömrəli binasının birinci mərtəbəsinin 481 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi xx xxxxxxx 1996-cı il tarixli müqaviləyə əsasən “xxxxx” firmasına icarəyə verilmişdir. Göstərilən sahədə 1997-ci ilə kimi keçmiş Material Ehtiyatları Nazirliyinin “Azərkimya” idarəsi yerləşmişdir. Respublika Auksion Mərkəzinin xx xxxx 2001-ci il tarixli hərrac protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1qalib alıcı tərəfindən alınmış, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx xxxx 2001-ci il tarixdə Dövlət Əmlakı Nazirliyinin Respublika Auksion Mərkəzində keçirilən auksionda 30/1 nömrəli protokola əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx xxxxx 2001-ci il tarixdə verilmiş 001210 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsindəki 473,1 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən alınmışdır. Müvafiq əmlak 2 nömrəli reyestr kitabının 72 nömrəli səhifəsində qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, keçmiş Azərbaycan SSR Dövlət Maddi- Texniki Təchizat Komitəsi (hazırkı Dövlət Kontrakt Korporasiyası “xxxxxxxxxxxx” Səhmdar Cəmiyyəti) tərəfindən həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin vaxtı ilə işçisi olmuş X3 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanada yalnız qeydiyyata düşməsi və yaşayış sahəsi ayrılması məqsədi ilə xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli order verilmişdir. Hazırda iddiaçılar iddia tələbinin faktiki əsası kimi sözügedən alqı-satqı müqaviləsinin və şəhadətnamənin istifadə hüququ ilə yüklü əmlaka dair verilməsini göstərərək, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə əsaslanıb, həmin müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməli olduğunu iddia edirlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Kollegiya qeyd edir ki, əvvəlcə iddiaçların müvafiq subyektiv hüquqa malik olubolmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır, çünki yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından müəyyən olunduğu kimi, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən İddiaçı1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmışdır. Orderdə yaşayış sahəsinin ölçüsü göstərilməsə də, iddiaçıların özlərinin izahatından da belə aydın olur ki, onlar həmin order əsasında binanın 5-ci mərtəbəsində yaşamışlar və həmin yaşayış sahəsi müqabilində onlara pilot layihə əsasında inşa edilən yeni binada 20 % artıq sahəsi olan yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, orderə əsasən İddiaçı1 yalnız yaşayış üçün sahə verilmişdir, hazırda isə iddiaçılar həmin binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahənin 1991-ci ildən 2019-cu ilədək istifadə etmələrinə əsaslanaraq, həmin sahənin də daxil olduğu 473.1 kv.m sahənin Cavabdeh1 satılması barədə müqavilənin və şəhadətnamənin etibarsızlığını tələb edirlər. Kollegiya qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddia olunann qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı şəxsə hər hansı bir hüquqmüəyyənedici sənəd verilməmişdir, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüququ olmamışdır, belə olan halda iddiaçıların hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqları yaranmamışdır və iddiaçıların həmin sahədən uzun müddət faktiki istifadə etmələri onlara əsas vermir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsinin və verilmiş şəhadətnamənin etibarsızlığını tələb etsinlər. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337-ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx xxxx 2001-ci il tarixdə Dövlət Əmlakı Nazirliyinin Respublika Auksion Mərkəzində keçirilən auksionda 30/1 nömrəli protokola əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmışdır. Kollegiya qeyd edir ki, hazırda iddiaçıların etibarsızlığını tələb etdikləri alqı-satqı müqaviləsi qanunvericiliyin qeyd olunan tələbləri çərçivəsində bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir, iddiaçıların mübahisəsi gedən qeyri-yaşayış sahəsindən faktiki istifadə etmələri həmin qeyri-yaşayış sahəsinə dair qanuni sahib olmaları anlamına gəlmir və buna əsaslanaraq qanunvericiliyin tələblərinə riayət edərək həmin sahənin satılması barədə müqavilənin, həmçinin verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi yolverilməzdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iddiaçılar etibarsız əqdlər üzrə 1 illik kəsici müddəti də ötürmüşlər. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz və ya etibarsız əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırda göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi 2001-ci il tarixdə özəlləşdirilmişdir. Həmin dövrdən isə iddianın qaldırıldığı vaxta qədər 18 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində iddiaçıların mübahisəli sahənin başqasına satılmasından məlumatsız olmaları inandırıcı görünmür. Bu nəticəyə gələn Kollegiya onu da nəzərə alır ki, iddiaçılar Cavabdeh1 həmin sahayə görə halallıq üçün cəmi 32.000 manat pul almışlar, yəni dolayısı ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 satılması onları narahat etməmişdir. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar