Məhkəmə qərarları › İş №2(103)-4477/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4477/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4477/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 Asəf qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli müqaviləyə əsasən “Bank” “Müştəri”yə xx.xx.2028-ci ilədək, illik 25 faiz ödəmək şərtilə, 7260 manat kredit verməyi, borcalan isə onu qaytarmağı öhdəsinə götürmüşdür;

2. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 378nkNAR/23 saylı kredit müqaviləsi üzrə sonuncunun 7197,5 manat əsas, 1195,81 manat faiz, 61,03 manat cərimə borcu mövcuddur;

3. xx.xx.2024-cü il tarixli bildirişə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh borcunun olması və onun tam şəkildə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir;

4. Hesabdan çıxarışa əsasən Cavabdeh hesabına 7260 manat pul köçürülmüşdür;

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu: əsas borc üzrə 7197,50 manat, faiz borcu üzrə 773,66 manat, xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 7197,50 manat, faiz borcu üzrə 1263,49 manat müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 7197,5 manat əsas, 1195,81 manat faiz, 61,03 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8454,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 104,95 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 7260 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 iyul 2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 7197,5 manat əsas, 1195,81 manat faiz, 61,03 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8454,34 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 7197,5 manat, faiz borcuna görə 769,96 manat, cərimə borcuna görə 61,03 manat olmaqla, cəmi 8028,49 (səkkiz min iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 104,95 manat pulun 100 (yüz) manatının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixində tərəflər kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən "xxxx" ASC “borclu” Cavabdeh 7260 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsinə əsaslanaraq müqavilə üzrə yaranmış əsas borca görə 7197,5 manat, faiz borcuna görə 1195,81 manat, cərimə borcuna görə 61,03 manat olmaqla, cəmi 8454,34 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən cavabdehə 60 ay müddətinə, illik 25 % olmaqla 7260 manat məbləğində kreditin verilməsi kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış 7197,50 manat əsas borcu iddiaçıya ödəməlidir. Həmçinin ekspert rəyində də əsas borcun məbləğinin 7197,50 manat olduğu müəyyən edilmişdir. Faiz borcunun məbləği ilə bağlı qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia faiz borcuna görə 1195,81 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişin tərəfə göndərildiyi tarixə-xx.xx.2024cü il tarixinə olan məbləğdə, yəni 769,96 manat hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 445.1, 447.1, 462.1, 462.3, 467-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1, və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, Nərimanov Rayon Məhkəməsi düzgün və əsaslı araşdırma aparmamış, işin faktiki hallarını düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə isə hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, tamamilə iddiaçının xeyrinə bir qətnamə qəbul etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə istinad edərək (cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin normanın dispozisiyasından aşkar görünür ki, sözügedən norma iddiaçıya deyil də, cavabdehə aid edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəməyə ünvanlanmış borcun verilməsi ilə bağlı ərizələr məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin borcu təsdiq edən yazışmalara da düzgün hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmiş, iddiaçı tərəf gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən yalnız Cavabdeh apellyasiya şikayəti vermişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi qətnaməni iddianın Cavabdeh münasibətdə qismən təmin edilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Bank” “Müştəri”yə xx.xx.2028-ci ilədək, illik 25 faiz ödəmək şərtilə, 7260 manat kredit verməyi, borcalan isə onu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğdə vəsaiti cavabdehdə versə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə öhdəlik götürdüyü müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.

23. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

25. Qətnaməni mübahisələndirən Cavabdeh apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır.

26. Belə ki, cavabdeh şikayətində iş materiallarının ətraflı araşdırılmamasını qeyd etsə də, işdən görünür ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilərək eskeprt rəyi əldə edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu: əsas borc üzrə 7197,50 manat, faiz borcu üzrə 773,66 manat, xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 7197,50 manat, faiz borcu üzrə 1263,49 manat müəyyən edilmişdir.

27. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

28. Məhkəmə kollegiyası həmçinin apellyatorun birinci instansiya məhkəməsinin MPM-in 185.5-ci maddəsinə istinadının qanunsuz olması ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bir neçə dəfə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, işdə iştirak etməməsinin üzrlü səbəbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. (i/v 14, 24, 55, 66)

29. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

30. Qeyd olunanlara əsasən kollegiya apellyatorun dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlı olmuşdur.

31. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəməyə ünvanlanmış borcun verilməsi ilə bağlı ərizələrin məhkəmə tərəfindən nəzərə alınmamasını qeyd etsə də iş materiallarından cavabdehin məhkəməyə bununla bağlı hər hansı bir müraciəti aşkar edilmir. Əksinə ekspert rəyi ilə borcun olması təsdiq olunur.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

33. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar