Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4481/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 290F saylı ümumi sahəsi 107.0 kv.m. olan ev İddiaçı2, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 290E saylı ümumi sahəsi 145.90 kv.m. olan ev İddiaçı1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 290G saylı sahə xüsusi mülkiyyət hüququ ilə İddiaçı4 adına, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 566C saylı (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 31) sahəsi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 6-cı paralel küçəsi, 2) sahəsi 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyta alınmışdır. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1470 kv.metr torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz sayılaraq ləğv edilməsi və təhlükəli tikinti zamanı evlərinə dəyən zərərə görə cavabdehlər tərəfindən maddi təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlərin qanunsuz apardığı tikinti-inşaat işləri nəticəsində İddiaçı1 evinin ətrafındakı hasarda, həyətin bir hissəsinin asfalt örtyündə dərin çatlar əmələ gəlmiş, evin daxili divarları və tavan müxtəlif yerlərdən çat verib, evin bünövrəsi zədələnib qəzall vəziyyətə düşmüşdür. İddiaçı4 evinə də təqribən eyni qaydada ziyan dəyib. Cavabdeh tikintini onlara məxsus fərdi evlərin texniki göstəricilərini nəzərə almaqla həyata keçirməli olduğu halda buna əməl etməmişdir. Cavabdeh və onun podratçıları tikintini həyata keçirərkən, torpağa dair hüquqverici sənədlərdə və layihədə göstərilən cizgi daxilindən kənara çıxaraq onlara məxsus fərdi yaşayış evlərinin və hasarların bilavasitə bünövrəsinə qədər gəlib çataraq həmin ərazidə qazıntı və bərkitmə işləri aprmağa başlamış, ağır texnika ilə aparılan işlər nəticəsində də mülkiyyətlərində olan daşınmaz əmlaklara ciddi ziyanlar dəymişdir. Həmin ərazini nəzarətə götürmüş FHN kimi dövlət orqanı hadisə yerində araşdırma aparmış və cavabdehin həqiqətən də dövlət və ictimai marağa zidd ciddi qanun pozuntusuna yol verdiyini müəyyən etmişdir. Rəsmi dövət orqanı tikintini dayandırmaq barədə rəsmi qərar vermişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-90/24 saylı iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar cavabdehlərin hərəkətlər nəticəsində onlara maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişlər.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.4, 164.1, 165.1, 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsində iddia ərizəmizə baxılan müddətdə aşkar ediblər ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən aparılan tikinti layihələri Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun hazırlanmadığından (hündürlük, mərtəbələrin sayı, tikinti əmsalı, tikinti sıxlığı əmsalı, ara məsafəsi) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməyib və Səbail Rayon İcra Hakimiyyətinə bildirilib ki, iradlar aradan qaldırıldıqdan sonra həmin tikililərin Dövlət Reyestrinə daxil edilməsinə baxılacaq. Arxitektura Komitəsinin bu mövqeyi Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, № 3-35/2-6020/2023 saylı etirazda, mənim müraciətimə cavab olaraq göndərilmiş 23 aprel 2024-cü il tarixli məktubda və vəkil sorğusuna cavab olaraq göndərilmiş 26 aprel 2024-cü il tarixli məktublarda öz əksini tapıb (surətləri əlavə edilir). Məhkəmənin cavabdehlərin öz mülkiyyətindən istifadə hüququnun həyata keçirilməsində sərbəst olmaları və iddiaçıların tələblərinin cavabdehlərin qanunla qorunan bu hüquqlarının həyata keçirilməsinə müdaxilə olması ilə bağlı arqumentə istinadı mülkiyyət hüququnun mahiyyətinin məhkəmə tərəfindən səhv təfsir edildiyini təsdiq edir. Birincisi, mülkiyyət hüququ mütləq hüquq deyil, nisbi hüquqdur. Yəni, mülkiyyət hüququ qanuni əsaslarla məhdudlaşdırıla bilər. İkincisi, məhkəmənin qeyd edilən mövqeyi faktiki olaraq hüquqdan sui-istifadəni təsbit edib ki, buna da qanunla yol verilmir. İddiaçıların tələbi cavabdehlərin öz mülkiyyətlərində tikinti aparılmasının qadağan edilməsi ilə bağlı olmayıb, iddiaçıların tələbi cavabdehlərin qanunsuz olaraq apardıqları və iddiaçılara zərər vurmaqla nəticələnən tikinti işlərinin qadağan edilməsi ilə bağlı olub. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməyib, əksinə, həmin maddələrin mahiyyətinə zidd əsaslandırmaya istinad edib. Məhkəmə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə təqdim edilmiş məktublarında cavabdehlərin Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırdığı lahiyələrinin qanunvericiliyin tələblərinə uyğun olmadığına dair mövqeyini (xx.xx.2023-cü il tarixli, № 3-35/2-6020/2023 saylı Etiraz, 23 aprel 2024 və 26 aprel 2024 tarixli məktublar), cavabdehlərin hansı layihələr əsasında tikinti apardıqlarını və bu layihələrin qanunvericiliyn tələblərinə uyğunluğunu araşdırmaq və buna hüquqi qiymət vermək əvəzinə, cavabdehlərdən tikintinin hansı hüquqi əsasla aparıldığını təsdiq edən sənədləri, layihələri tələb etmək əvəzinə, əsassız olaraq cavabdehlərin mülkiyyət hüquqi əsasında tikinti apardıqlarını yazaraq, hüququn mahiyyətinə zidd qərar qəbul edib. Məhkəmənin iddaçılara zərər vurulmadığını əsaslandırmaq üçün istinad etdiyi ekspert rəyi kifayət qədər ziddiyyəlidir. Əvvəla, məhkəmənin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyi FHN təqdim etdiyi mütəxəssis rəyi ilə demək olar ki, eynidir. Bu da ekspert rəyinin heç bir tədqiqat aparılmadan FHN-in mütəxəssis rəyin köçürüldüyünü təsdiq edir. Belə ki, ekspertiza rəyinin özündə də suallara cavab verilərkən mütəxəssis rəyinə istinad edilir. Mütəxəssis rəyində olduğu kimi, ekspert rəyində də evimin 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmir-beton örtük tavasının üzərində sonradan vurulmuş döşəmənin hazırlıq qatında (sement-qum məhlulu) müxtəlif ölçülü çatların müşahidə edildiyini yazıb. Halbuki, həmin sement-qum məhlulunu qaşıdıqda çatların 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmir-beton örtük tavasının özündə yarandığı aydın-açıq görünür. Bundan başqa, ekspert evin yükdaşıyan konstruksiyalarında çat və deformasiyaların müşahidə edilmədiyini yazıb ki, bu da həqiqətə uyğun deyil. Eyni zamanda rəyin təsviri hissəsində göstərilmişdir ki, guya İddiaçı1 yükdaşıyan divarları boşluqlu kərpicdən tikilmişdir. Halbuki, bu də həqiqətə uyğun deyil. Həmin divarlar daşla hörülmüşdür. Bunun sübutu üçün İddiaçı1 dəfələrlə yerində müayinənin keçirilməsinə dair vəsatət versə də, təmin edilməyib. Hətta ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadında da ekspertizanın məhkəmənin yerində müayinədə iştirakı ilə keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yerində müayinəni həyata keçirməyib. Bundan başqa, rəydə ən bariz açıq-aydın başqa təhrif etmə onda özünü göstərib ki, məhkəmənin vurulmuş zərərlə bağlı sualına isə ekspert belə cavab vermişdir ki, evlərimizdə və hasarlarda yaranmış çatlara səbəb Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan tikintilər deyil, guya evlərimizin tikinti norma və qaydalarına və seysmik normaların tələblərinə əməl edilmədən tikilməsi səbəbindən baş verib. Bu tamamilə həqiqətdən uzaqdır. Əgər evlərimiz qeyd edilən tələblərə uyğun aparılmasaydı, o zaman FHN buna öz razılığını verməz, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ də bizə mülkiyyət hüququna dair Çıxarış və Texniki pasport verməzdilər. Üstəlik, məhkəmə prosesində evlərimizdə baş vermiş çatların nə zaman yarandığı araşdırılmayb, buna dair məhkəmə ekspertizası qarşısında heç bir sual qoyulmayıb və bu məsələyə hüquqi qiymət verilməyib. Halbuki, bu sual işin ədalətli həlli üçün çox önəmli və hüquqi qiymətləndirmə tələb edən sualdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh2 nümayəndəsi Vəkil1 izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə İddiaçı1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı ona aid hissədə, yəni onun iddia tələbinin rədd olunması hissəsində yoxlanılır, belə ki, digər iddiaçılar qətnaməni mübahisələndirməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 tələbinə münasibətdə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. İşdən göründüyü kimi, İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi qonşuluqda yerləşir. Cavabdehlərin hər birinin mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər tərəfindən mülkiyyətlərində olan sahədə müəyyən tikinti işləri aparılmış və hazırda həmin tikililər yarımçıq vəziyyətdədir.
19. İddiaçı1 mülkiyyətində isə 0,013776 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 145,90 kvm ümumi sahəsi olan 3 mərtəbəli fərdi yaşayış evi vardır.
20. İddiaçı1 iddia edir ki, cavabdehlərin apardıqları tikinti işləri nəticəsində onun evinə, həyətinə və hasarına ziyan dəyib. Ona görə də o, tikinti-qazma işlərinin qanunsuz sayılmasını, inşa olunmuş tikilinin sökülməsini, dəymiş zərərin ödənilməsini və s. tələb edir.
21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
23. Məhz hər hansı səbəbli əlaqə müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi tədqiq olunan sübutlara məcmu halında qiymət verərək və Mülki Məcəllənin 158.4, 164.1, 165.1, 170.2, 1097.1-ci maddələrini işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək cavabdehlərin iddiaçıya zərər vurulmasında təqsirlərinin olmadığı qənaətinə gəlmişdir.
24. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 3-16-16/2-10/8120 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-18-2/2-1242/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi evə keçirilən baxış zamanı evin 1-ci, 2-ci və 3-cü mərtəbələrində monolit dəmir-beton örtük tavasının üzərinə sonradan vurulmuş döşəmənin hazırlıq qatında (sement-qum məhlullu) müxtəlif ölçülü çatlar müşahidə edilmişdir. Evin sol yan fasad hisəsinin 2-ci mərtəbə səfiyyəsində öz yükünü daşıyan divarda qalınlığı 2-3 mm olan birtərəfli çat müşahidə edilmişdir. Evin əsas yükdaşıyan konstruksiyalarında (sütunlar, riqellər, örtük tavaları) çat və deformasiyalar müşahidə edilməmişdir. Bu çatlara səbəb iddiaçının evinin və hasarın tikinti norma və qaydalarının və seysmik normaların tələblərinə əməl edilmədən inşa edilməsidir. Cavabdehlər tərəfindən qazılmış bünövrə çalasının ətrafındakı daş konstruksiyalı hasarda (cavabdehlərə məxsus ərazinin hasarında) belə çat və deformasiyalar müşahidə edilmir. ünvan 2 ünvanında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən aparılan tikinti-qazma işləri nəticəsində İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar, 3-cü yaşayış massivi 290E ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəyməmişdir. Bu səbəbdən də dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmir-tikinti işləri aparılmasının və dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunan tikililər yarımçıq şəkildədir. Həmçinin baxış zamanı aparılmış ölçü işləri nəticəsində inşa olunacaq hər iki yaşayış evlərinin eni və uzunluğunun, sütunlar arasında məsafənin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 aid hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
26. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ekspert rəyinin ziddiyyətli olması ilə bağlıdır.
27. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayaraq qeyd edir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və rəy verilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-18-2/2-1242/2024 saylı mütəxəssis rəyi də nəzərə alınmışdır. İş materiallarında həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı sübut yoxdur. Məhkəmə kollegiyası elə buna görə də iş üzrə təkrar ekspertiza təyin olunmasına lüzum görmədi.
28. Apellyasiya şikayətinin digər dəlili qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması, məhkəmə tərəfindən işin hallarının düzgün müəyyən olunmaması, MPMin 9-cu maddəsi ilə təsbit edilmiş çəkişmə prinsipinin pozulması barədədir.
29. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin həqiqi halları düzgün müəyyən edilmiş və MPM-in 217.2-ci maddəsinin tələbinə əməl edilərək həmin hallara uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
31. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən adı çəkilən normalardan heç birinin tələbi pozulmamışdır və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
34. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, lakin onun tələbləri Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinə uyğun olmadığından, əsassız olduğundan düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.
38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür (mpm-nin 217.3cü maddəsi). Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verdiyindən apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
40. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
41. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur.
43. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. O, cavabdehə məhkəmə iclaslarında iştirak etmək, izahat vermək üçün bütün imkanları yaratmalıdır. Ümumiyyətlə, məhkəmə öz qərarını tərəfləri qanunla müəyyən olunmuş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə yox, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qətnamə apelyatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni İddiaçı1 iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.