Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4482/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2592/2025 saylı, 7 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 82/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 4.449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4.526,77 (dörd min beş yüz iyirmi altı manat yetmiş yeddi) manat pul Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı "xxxx" ASC-də sığortalanmış “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Xidmətdə sürücü vəzifəsində çalışmışdır. Əmək vəzifələrinin icrası ilə əlaqədar Cavabdeh Xidmətin “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus nəqliyyat vasitəsi olan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən idarə edildiyinə baxmayaraq, “Nissan Teana” markalı avtomobil nəqliyyat vasitəsinin icbari sığorta olunmadığı müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətdə sürücü vəzifəsində işləyən Cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilmişdir.
2. Ödəniş tapşırığından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "xxxx" ASC-nə 4.526,77 manat ödəniş həyata keçirilmişdir
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh reqress qaydasında Dövlət Xidmətinin xeyrinə dəymiş ziyana görə 4.526,77 (dörd min beş yüz iyirmi altı manat) manat 77 qəpik tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra - cavabdeh) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) sürücü vəzifəsində işlədiyi zaman Dövlət Xidmətinə məxsus 00-21 SX dövlət qeydiyyat nömrəli “Nissan Teana” markalı avtonəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2017-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş və baş vermiş hadisəsilə əlaqədar xx.xx.2017-ci il tarixli, TYP 037213 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, təqsirli bilinmişdir. "xxxx" ASC-ti 2022-ci il ildə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-82/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4.449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4.526,77 (dörd min beş yüz iyirmi altı manat) manat 77 qəpik pul vəsaitinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-yə ödənilməsini, iddia qalan hissədə təmin edilməməsini qət etmişdir. Beləliklə, Dövlət Xidmətinə dəymiş 4.526,77 (dörd min beş yüz iyirmi altı manat) manat 77 qəpik məbləğində ziyan cavabdehdən reqress qaydasında tutulmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2592/2025 saylı 7 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4.526 (dörd min beş yüz iyirmi altı) manat 77 (yetmiş yeddi) qəpik alınaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(011)-82/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sığorta ödənişinə görə tutulmalı olan 4.526,77 manat məbləğ tam həcmdə ödənildiyindən, o da həmin məbləği məlum yol-nəqliyyat hadisəsində təqsirli olan və ona məxsus avtomobili idarə edən Cavabdeh tələb etməkdə haqlıdr. Cavabdeh qeyd edilən öhdəliklə bağlı məsuliyyətini istisna edən hallar müəyyən edilmədiyindən onun tərəfindən 4.526,77 manat məbləğ iddiaçıya ödənilməlidir
7. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 21.1, 21.2, 1096, 1097.1 və 1114.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2592/2025 saylı 7 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını qəbul edərkən əsaslı faktları və hüquqi normaları nəzərə almamışdır. İlk növbədə, qeyd etmişdir ki, onun idarə etdiyi "Nissan Teana" markalı avtomobil Dövlət Xidmətinin balansında olmuşdur. O, yalnız işçi kimi xidməti tapşırıq çərçivəsində həmin avtomobili idarə etmişdir. Avtomobilin icbari sığorta edilməməsi onun hərəkətindən irəli gəlməmişdir və bu məsələ birbaşa işəgötürənin səlahiyyət və məsuliyyət dairəsinə daxildir. Avtomobilin qanunvericiliklə tələb olunan sığortasının olmaması, Dövlət Xidmətinin hərəkətsizliyi və vəzifə borclarının lazımi qaydada yerinə yetirilməməsi nəticəsində baş vermişdir. Məhkəmə nəzərə almamışdır ki, onun fəaliyyəti sadəcə işçi olaraq təyin edilmiş xidməti vəzifələrin yerinə yetirilməsindən ibarət olmuşdur. İşəgötürən – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – öz hüquqi öhdəliklərini yerinə yetirmədiyi halda, onun şəxsi məsuliyyət daşımağı haqsızlıqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 20.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 21.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 22.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 23.1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
24.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 27.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 28.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 32.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 33.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. 34.Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 35.Qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 36.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(011)-82/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı-təşkilatın əməkdaşı olan 00-21 SX dövlət qeydiyyat nömrəli “Nissan Teana” markalı avtomobilin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsilə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobili vuraraq yol-nəqliyyat hadisəsini törətmişdir. 37.Cavabdeh xidməti vəzifələrinin icra edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarə edərkən mülki hüquq pozuntusu törətdiyi yuxarıda adı çəkilən qətnamə ilə öz təsdiqini tapmışdır. Belə olan halda da zərərçəkmiş şəxsə sığorta ödənişi ödəmiş "xxxx" ASC-nin yol-nəqliyyat hadisəsinin iştirakıçısı olan Cavabdeh və işəgötürəninə qarşı vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. ASC də öz istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə qarşı iddianı irəli sürərək bu hüquqdan istifadə etmişdir. 38.Belə ki, subroqasiya mahiyyətcə, tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət edilməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
39. Hazırda da iddiaçının Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərə görə ödədiyi əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır. O da, bu hüququndan istifadə edərək məhkəməyə müracət etmiş, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərə görə ödədiyi 4.526,77 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İstinad olunan maddənin dispozisiya şərtlərinə görə iddiaçı cavabdehdən bu məbləğin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə qanundan irəli gələn əsaslar üzrə yaranmış bu öhdəliyi icra etməməklə, iddiaçının hüququnu pozmuş, sonuncunun MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində sadaladığı arqumentlər əsassızdır.
42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 2.948,6 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2592/2025 saylı 7 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev