Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4483/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 saylı, 26 may 2025-ci il tarixli qərardadından cavabdeh X2 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7.987,85 manat olmaqla, 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560,74 manat faiz borcu və iş üzrə ödənilmiş 99.88 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 3.806 (üç min səkkiz yüz altı) manat, 23 (iyirmi üç) qəpik əsas, 1.684 (min altı yüz səksən dörd) manat, 74 (yetmiş dörd) qəpik faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 6.351 (altı min üç yüz əlli bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq, qətnamənin “təsviri” hissəsinə "xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 LPO İddiaçı ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3.699 manat, faiz borcu üzrə 766 manat, xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət etdiyi tarixə) əsas borc üzrə 3.699 manat, faiz borcu üzrə 766 manat, faiz borcu üzrə (5%-lə) 554,34 manat təşkil edir." cümləsi və “Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən tədqiqat dəyəri 100 manat olan ekspertiza xərci 50 manat məbləğində İddiaçı ASC-yə, 50 manat məbləğində isə cavabdeh X3 aid edilməlidir.” cümləsinin əlavə edilməsi, qətnamənin 4-cü səhifəsinin 1-ci cümləsinin “Ona görə də, əsas kredit və faiz borclarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır.“ əvəzinə “Məhkəmə ekspert rəyini də nəzərə alaraq hesab edir ki, əsas borc üzrə 3.699 manat və faiz borcu üzrə 766 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.” kimi oxunması, qətnamənin “qət etdi” hissəsində “Cavabdeh X1 3.806 (üç min səkkiz yüz altı) manat, 23 (iyirmi üç) qəpik əsas, 1.684 (min altı yüz səksən dörd) manat, 74 (yetmiş dörd) qəpik faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 6.351 (altı min üç yüz əlli bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.” cümləsi “Cavabdeh X1 3.699 (üç min altı yüz doxsan doqquz) manat əsas, 766 (yeddi yüz altmış altı) manat faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 5.325 (beş min üç yüz iyirmi beş) manat, 74 (yetmiş dörd) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.” kimi oxunması, və qətnamənin “qət etdi” hissəsinə “50 manat məbləğində ekspertiza xərci iddiaçı Dəmirbank ASC-yə, 50 manat isə cavabdeh X3 aid edilsin.” cümləsinin əlavə olunması qərara alımışdır. Həmin qərardaddan cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil şikayətlə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 92/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin apellyasiya şikayəti verildikdən sonra iş materialları ilə yaxından tanış olması, sübutlara bu səviyyədə qiymət verməsi cavabdehi olduqca məmnun etdi. Onda az da olsa məhkəmə sisteminə, ədalətin bərqərar olacağına inam yaratdı. Çünki məhkəmə anlayıb ki, onun xx.xx.2025-ci il tarixli, 2(008)-92/2025 nömrəli qətnaməsi üzrə müəyyən etdiyi “6.351 (altı min üç yüz əlli bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində bir riyazi hesablamaya uyğun olmamaqla yanaşı, sübutsuz bir iddia tələbini təmin etməkdən başqa bir şeyə xidmət etməyib. Belə ki, cavabdeh tərəfindən verilən 12 may 2025-ci il tarixli apellyasiya şikayətində qeyd olunduğu kimi, bu qədər kredit borcunun mövcudluğu şübhə altında olan kredit müqaviləsi əsasında köməksiz bir vəziyyətdə olan qadının üzərinə qoyulması heç bir qanuna, məntiqə və vicdana sığmırdı. Lakin işə baxan məhkəmə bu dəfə də “qaş” düzəltmək istərkən “göz” çıxarıb. Belə ki, işə baxan hakim hesab edib ki, o hansısa texniki yanlışlığa yol verib. Bunun üçün də həmin yanlışlıq aradan qaldırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hakim konkret olaraq birinci instansiya məhkəməsində icraat aparılan zaman yol verdiyi ciddi prosessual pozuntunu qətnamədə “düzəlişlər etmək və ya yanlışlıqları aradan qaldırmaq” adı altında qələmə verib. Hansı ki, belə bir hal qanunvericiliklə yol verilən deyil. Çünki bu bir texniki yanlışlıq deyil, prosessual pozuntu idi. Belə ki, məhkəməyə də məlumdur ki, cavabdehin vəkilinin işə qoşulması, israrlı tələbi və yazılı vəsatəti əsasında şükür ki, iş üzrə ekspertiza təyin edildi. AR Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə aşağıdakılar müəyyən edilib: 13 iyul 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə): - əsas borc üzrə -3699.00 manat; faiz borcu üzrə - 766.00 manat; 12 iyul 2023-cü il tarixə (məhkəməyə müraciət etdiyi tarixə): - əsas borc üzrə - 3699.00 manat ; faiz borcu üzrə - 766.00 manat ; faiz borcu üzrə (5% lə) - 554.34 manat. Hətta daha sonra adıçəkilən ekspertiza keçirilən zaman ciddi pozuntulara yol verildiyi üçün təkrar ekspertizanın keçirilməsi üçün vəsatət verildi. Lakin işə baxan məhkəmə tərəfindən ümumiyyətlə nə xx.xx.2023-cü il tarixli ekspretiza rəyinə istinad edilməyib, nə də təkrar ekspertiza barədə vəsatətə ayrıca bir qərardad şəklində, nə də ki, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnamənin heç bir hissəsində hüquqi münasibət bildirilməyib. Bütün bunlara apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması hissəsində hüquqi və faktiki əsaslar konteksində ətraflı şəkildə aydınlıq gətirilib və apellyasiya məhkəməsinin diqqətinə çatdırılıb. Lakin hal-hazırda işə baxan məhkəmə mövcud prosessual pozuntunu “yol verilən səhvlər” altında qələmə verməklə və ya düzəltməklə, özünü daha da çətin vəziyyətlə üzləşdirib. Ona görə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinnin mənasına görə, qətnamədəki yanlışlıqlar dedikdə, yazı xətaları, qrammatik və orfoqrafik səhvlər nəzərdə tutulur. Adətən qəmamədəki yanlışlıqlar ayrı-ayrı sözlərin, ifadələrin, məhkəmə tərkibinin və proses iştirakçılarının ad və ya familiyalarının səhv yazılmasında özünü göstərir. Hesab səhvi dedikdə, hesab əməliyyatlarında rəqəmin səhv yazılması anlaşılır. Məsələn, «500+500» toplama əməliyyatının cəminin «100» kimi bir «0»-ın az yazılması. Ən əsası, istinad olunan maddəyə əsasən, qətnaməni çıxarmış məhkəmə (hakim) tərəfindən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi zamanı qətnamənin mahiyyətinə toxunulmamalı və ya onun mahiyyətini (məzmununu) dəyişdirilməməlidir. Amma 26 may 2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qərardaddan açıq-aydın bir şəkildə görünür ki, mahiyyəti üzrə çıxarılan məhkəmə qətnaməsinin qət etdi hissəsi ilə adıçəkilən qəradadın nəticə hissəsi arasında 180 dərəcə fərq var. Belə ki, xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnamədə qeyd olunurdu ki, “cavabdeh – X1 3806 (üç min səkkiz yüz altı) manat, 23 (iyirmi üç) qəpik əsas, 1684 (min altı yüz səksən dörd) manat, 74 (yetmiş dörd) qəpik faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 6.351 (altı min üç yüz əlli bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin”. Qətnamədəki yanlışlıqların düzəldilməsi ilə əlaqdədar olan 26 may 2025-ci il tarixli, e-2(008)-92/2025 saylı iş ilə əlaqdədar olan 26 may 2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qərardadla isə “Cavabdeh X1 3699 (üç min altı yüz doxsan doqquz) manat əsas, 766 (yeddi yüz altmış altı) manat faiz, 300 (üç yüz) manat cərimə, 560 (beş yüz altmış) manat, 74 (yetmiş dörd) qəpik illik 5 faiz olmaqla faiz, cəmi 5325 (beş min üç yüz iyirmi beş) manat, 74 (yetmiş dörd) qəpik məbləğində borc pul və 99 (doxsan doqquz) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” deyə müəyyən olunub. Bariz bir şəkildə görünür və işə baxan hakimin özü birbaşa olaraq müvafiq qərardadın 3-cü səhifəsinin 2-ci abzasında qeyd edir ki, “..qətnamənin “təsviri” hissəsinə "xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 LPO Dəmirbank ASC-ə olan borcu xx.xx.2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3699 manat, faiz borcu üzrə 766 manat, xx.xx.2023- cü il tarixə (məhkəməyə müraciət etdiyi tarixə) əsas borc üzrə 3699 manat, faiz borcu üzrə 766 manat, faiz borcu üzrə (5%lə) 554,34 manat təşkil edir." cümləsi və “Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən tədqiqat dəyəri 100 manat olan ekspertiza xərci 50 manat məbləğində iddiaçı Dəmirbank ASC-yə, 50 manat məbləğində isə cavabdeh X3 aid edilməlidir.” cümləsi əlavə edilsin. Göründüyü kimi, hakim qətnamənin heç bir hissəsində istinad etmədiyi ekspert rəyindən ondan apellyasiya şikayəti verildikdən sonra istifadə etmək qənaətinə gəlib. Nəticədə 6.351 (altı min üç yüz əlli bir) manat “borcun” məbləği 5325 (beş min üç yüz iyirmi beş) manata qədər endirilib və qətnamə dəyişdirilib. Lakin təkrarən məhkəmənin diqqətinə çatdırır ki, yanlışlıq o halda olur ki, 3+5=8 olduğu halda 9 yazıla və ya “Camalzadə” soyadı “Cavadzadə” yazılardı. Beləliklə, bu cür situasiyada hakim qətnamədə mahiyyəti üzrə dəyişikliyə yol vermədən sadəcə olaraq texniki yanlışlığı aradan qaldırardı. Digər tərəfdən, əgər işə baxan məhkəmə mahiyyəti üzrə qəbul etdiyi yekun qətnamədə, ümumiyyətlə, istifadə etmədiyi ekspert rəyindən apellyasiya şikayəti verildikdən sonra istifadə edirdisə, heç olmasa digər böyük prosessual pozuntunuda aradan qaldırardı. Çünki təkrar ekspertiza barədə vəsatətə nə ayrıca bir qərardad şəklində, nə də ki, iş üzrə qəbul edilən xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnamənin heç bir hissəsində hüquqi münasibət bildirilməyib. Çox güman bu prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsində icraat təzələnib, yenidən ekspertiza keçirilərdi. Nəticə etibarilə, məhkəmənin məntiqindən və mövqeyindən hasil olan nəticə budur ki, işə baxan məhkəmələr onların qətnaməsindən apellyasiya şikayəti verildikdən sonra maddi və prosessual hüquq normalarına hansı hissədə səhv etdiklərini görüb qətnamədəki “yanlışlıqların düzəldilməsi” adı altında tamamilə yeni qətnamə qəbul edə bilərlər. Ümumiyyətlə, hər şeyi kənara qoyulsa və hesab etsə ki, qətnaməni yazan şəxs o qədər məşğul olub və işə baxan hakim bu işi o qədər dərindən araşdırıb və iş materiallarında o qədər sübutlar olub ki, hakim həmin sübutların içərisində itib qalıb. Lakin hakim heç olmasa özünün təyin etdiyi ekspert rəyinə öz qərarında istinad etsəydi, amma qət etdi hissəsində istinad etməsəydi bu anlaşılan bir hal olardı. Ən azından cavabdehə məhkəmənin gəldiyi qənaəti az da olsa izah edib, ona haqq qazandıra bilərdik. Amma bariz bir şəkildə görünür ki, bu prosessual pozuntudur və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respubliakası Mülki Prosessual Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi mülki prosessual qanunvericilikdə qətnamənin mahyyətinə toxunmadan və ya onun mahiyyətini dəyişmədən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış məhkəmə tərəfindən düzəldilməsi imkanı nəzərdə tutulur. Qətnamədəki yanlışlıqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ifadələrin yazılışı zamanı yol verilmiş yazı xətaları, qrammatik və orfoqrafik səhvlərlə əlaqədar olur. Açıq hesab səhvləri isə adətən hesablama əməliyyatlarının düzgün aparılmaması və bu zaman təsadüfi səhvlərə yol verilməsi ilə əlaqədar olur. Hazırkı halda birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin, qətnamədən narazı qalan tərəfin şikayəti əsasında yuxarı instansiya məhkəməsi tərəfindən qətnamənin dəyişdirilməsi və ya ləğv olunaraq yeni qətnamə çıxarılması yolu ilə düzəldilə bildiyi halda, Mülki Prosessual Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində nəzərdə tutulmuş qaydada düzəltməsi istinad etdiyi maddələrin məzmununa zidd olmuşdur. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 13.1-ci bəndinə görə, məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra onda olan yanlışlıqları və açıq hesab səhvlərini mahiyyətini dəyişmədən düzəldə bilər. Hazırkı halda isə məhkəmə həll etdiyi mübahisə üzrə gəldiyi qənaətin mahiyyəti dəyişdirmişdir. Məhkəmənin istədiyi məqsədə nail olmaq üçün seçdiyi bu prosessual qayda düzgün olmamışdır, yaranmış vəziyyətin düzəldilməsi isə qətnamənin apellyasiya icraatı qaydasında narazı qalan tərəf tərəfindən mübahisələndirilməsi yolu ilə mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh X2 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2025 saylı 26 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4483/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4483/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver