Məhkəmə qərarları › İş №2(103)-4485/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4485/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4485/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X1 qarşı “istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1709/2020 saylı 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsindəki tikilinin 1/2 hissəsi üzərində onun istifadə hüququnun, digər 1/2 hissəsi üzərində cavabdehin istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 28 noyabr 1996-cı il tarixdə ailə qurmuş, birgə nikahdan 27.09.1997-ci il təvəllüdlü Nərminə, 10.08.2000-ci il təvəllüdlü Sevda və 06.07.2009-cu il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşməyə başlamışdır. Onun içkiyə aludə olması, ailənin qayğılarına biganə yanaşması, onlara, ona və övladlarına fiziki və mənəvi təzyiqlər göstərməsi onun ailədən tədricən uzaqlaşmasına gətirib çıxarmışdır. Onlar artıq bir müddətdir ki, ayrı yaşayırlar. O, cavabdehə qarşı aralarındakı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ilə birgə nikah dövründə Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi üzərində ev tikmişlər. Ev tam tikilib başa çatdırılmasa da, ikimərtəbəlidir. Həmin evin tikilməsində onun valideynlərinin də zəhməti çox olmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin torpaq sahəsində tikilmiş ev üzərində onun istifadə hüququ vardır. Bakı şəhəri, Xəzər rayonu, Qala Bələdiyyəsinə verilmiş sorğunun cavabından məlum olur ki, Cavabdeh Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsinə görə Qala Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi üzərində tikili mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1709/2020 saylı 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verməlidir. İş materiallarından görünür ki, hazırki mübahisə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi ünvanında 200 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsindəki tikili ilə bağlıdır. İddiaçı həmin həmin torpaq sahəsi və torpaq sahəsindəki tikilinin 1/2 hissəsi üzərində onun istifadə hüququnun tanınmasını tələb edir ki, həmin torpaq sahəsi də Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşir. Belə olan halda, hazırki iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilməli idi. Kollegiya hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Bundan başqa, hazırki işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdır. Bu isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normasının pozulmasıdır ki, bu da qətnamənin ləğvi ücün əsasdır. Məhkəmə Kollegiyası qeyd edir ki, işə sübutların (yerində müayinə, şahidlərin dindirilməsi və s.) əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması zəruri olduğundan, MPM-nin 39.1-ci maddəsinə əsasən işə məhz Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1709/2020 saylı 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X1 qarşı “istifadə hüququnun tanınması tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar