Məhkəmə qərarları › İş №2(103)-4487/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4487/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4487/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(003)-1841/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmçinin "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cu maddəsinin tələbində də qeyd olunmuşdur ki. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsində qeyd olunur ki, Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda başqa dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununa əsasən, qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq maddələrindən də aydın şəkildə görünür ki, əgər vətəndaş ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində müraciət etmək hüququna sahibdirsə bu dövlət rüsumun 5 il ərzində etibarlı olmasını deməyə əsas verir. Beləliklə, qeyd edilənlərdən də görünür ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilmişdir. Dövlət rüsumunun təxminən 1 il öncədən ödənilməsi iddia ərizəsinin geri qaytarılması üçün səbəb ola bilməz. Belə ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun miqdarda və formada həyata keçirilmişdir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, “...dövlət rüsumunun ödənilməsi bardə qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd olunan iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № 772844569, 30 manat) xx.xx.2021-ci il tarixdə ödəmişdir. Lakin, iddia ərizəsi Bakı şəhər Xəzər rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmişdir.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən təxminən 1 il əvvəl ödənilmiş ********* nömrəli qəbzə istinad edilsə də, həmin qəbzin daha əvvəl istifadə edilməsini göstərən hər hansı sübuta istinad edilməmiş və iş materiallarında qəbzin daha əvvəl istifadə olunmasını göstərən hər hansı sübut aşkar edilməmişdir. Rüsumun idda ərizəsinin verilməsindən nə qədər müddət əvvəl ödənilə bilinməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Belə olan halda, daha əvvəl hər –hansı bir işdə istifadə edilməsi sübuta yetirilməyən rüsumun (qəbzin) 1 il əvvəl ödənilməsi onun qəbul edilməməsi üçün əsas ola bilməz. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilib baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilib baxılmasından ötrü Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar