Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4487/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maneələrin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(004)- 466/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin eksiz layihəsinə əsasən həmin yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-nın sahibliyi və istifadəsindədir.
2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MN-387/15 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqdan ibarət 387 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 683 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı 387 nömrəli mənzil üzrə İddiaçı Cavabdeh MTK-ya borcu qalmamışdır.
4. İcarəyə verən Cavabdeh MTK ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-QA-Eİ 09/19 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən, icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 yerlik avtomobil dayanacağı icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında 100 manat icarə haqqını icarə verənə ödəməyi öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yerləşən yeraltı dayanacaqdan təyinatı üzrə istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə onun arasında bağlanmış 02 fevral 2015-ci il tarixli MN-387/15 saylı Mənzilin Alğı-Satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı mənzil dəyəri tam ödənilməklə tərəfindən əldə edilmişdir. 30 dekabr 2019-cu il tarixdə Cavabdeh MTK ilə onun arasında 1 yerlik (1 avtomobil üçün) yeraltı avtodayanacaq zolağının istifadəyə verilməsi məqsədilə Qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə (“İcarə Müqaviləsi”) bağlanmış və o binanın sakini olaraq avtomobilini yeraltı dayanacaqda saxlayaraq, MTK-ya hər ay 100 manat xidmət (mühafizə) haqqı ödəmişdir. Lakin, 2022-ci ilin yanvar ayından etibarən binanın idarəçiliyini həyata keçirən Cavabdeh MTK-nın nümayəndələri avtomobili yeraltı dayanacağa buraxmaq üçün ondan 150 manat aylıq ödəniş tələb etməyə başlamışlar. O, bununla razılaşmayaraq, yeraltı dayanacağın binanın mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti olduğunu bildirərək, oradan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişdir . Buna baxmayaraq, cavabdehin əməkdaşları onu ümumi paylı mülkiyyət hüququ üzrə ona məxsus sahəyə, yəni mənzil sahibi olduğu binanın yeraltı dayanacağına buraxmırlar, bunanla da qanunla qorunan və dövlət tərəfindən təminat verilən hüquqlarını kobud şəkildə pozurlar.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(004)- 466/2023 nömrəli qətnaməsi ilə (hakim X3) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində "xxxx" MTK-nın balansında olan qeyri-yaşayış sahələri mənzilin ümumi birgə paylı mülkiyyətində olmadığından, yəni mənzilin mülkiyyətçilərinin ümumi mülkiyyətində olmadığından, həmçinin Cavabdeh MTK-nın sahibliyi və istifadəsində olunduğundan İddiaçı iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İddiaçı yenidən icarə müqaviləsi üzrə aylıq 100 manat məbləğində 1 yerlik avtomobil dayanacağının icarəçinin istifadəsinə verilməsini tələb etmişdir. Məhkəmə isə bu hissədə hesab edir ki, müqavilə bağlanan zaman fiziki və hüquqi şəxslər öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 6.2-ci, 43.1-ci, 54-cü, 227-ci, 324-cü, 385.1-ci, 390-cı, 425.1-ci, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kooperativdə müvafiq pay aldığı, eyni zamanda payın əvəzini tam şəkildə təmin edildiyi andan Kompleksin yeraltı dayanacağı ümumi paylı mülkiyyət hüququ ilə mənzil mülkiyyətçilərinə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və müvafiq qaydada sərəncam verilər. Lakin məhkəmə işin bütün hallarını araşdırmamış, qətnamə qanunla göstərilən sübutlarla deyil, qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir. Məhkəmənin qənaətinə görə, eskiz layihədən görünür ki, yaşayış kompleksin yaşayış və qeyri-yaşayış sahələrinin Cavabdeh MTK-nın sahibliyi və istifadəsindədir. Belə ki, məhkəmənin gəldiyi qənaəti Cavabdeh MTK-nın Kompleksin zirzəmisi üzərində “sahiblik və sərəncam” hüquqlarını hüquq müəyyənedici sənəd olmayan “eskiz layihə” əsasında müəyyən edir. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.3 əsasən eskiz layihə tikinti layihəsinin bölmələrindən biridir. Məcəllənin 3.0.27-ci maddəsinə əsasən tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. Digər sözlə, adından göründüyü kimi eskiz layihə tikinti və memarlıq sənədidir və daşınmaz əmlak və ya torpaq üzərində hər hansı hüquq müəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Məhkəmə Kompleksin “18 mərtəbə + Zirzəmili” olduğu qeyd olunduğunu və iddiaçının yazılı izahatını (“....mənfi 3, mənfi 2 və mənfi 1-ci mərtəbələrdə yerləşən yeraltı avtomobil dayanacaqları üçün yerlər nə yaşayış sahəsi, nə də ki qeyri-yaşayış sahəsidir. Həmin sahələr çoxmənzilli binanın ümumi əmlakıdır və qanunvericiliyə uyğun olaraq ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.”) nəzərə almadan, qərəzli şəkildə Kompleksin mənfi 3, mənfi 2 və mənfi 1-ci mərtəbələrdə yerləşən yeraltı avtomobil dayanacaqları üçün yerləri qeyriyaşayış sahəsi olaraq qiymətləndirib. Bu isə öz növbəsində qətnamənin əsassız olması, məhkəmə tərəfindən maddi hüquq normalarının səhv tətbiq edilməsi ilə nəticələnib. Əksinə, məhkəmə tələbin qanuni əsasını düzgün müəyyən etməyərək, Mülki Məcəllənin “öhdəlik hüququnu” tənzimləyən bəzi maddələrini və hüquqi şəxslərin yaratdığı idarə anlayışını qətnamədə vurğulamış və heç bir hüquqi əlaqə qeyd etməmişdir. Qeyd olunan mübahisənin qanuni əsasını Mülki Məcəllənin “kooperativ” (mənzil-tikinti kooperativi) haqqında, əşya hüququ, tikintisi başa çatmayan binalarla bağlı və sair müddəaları, eləcə də Mənzil Məcəlləsinin “çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına dair” müddəalarıdır. Lakin məhkəmə qeyd olunan əsaslardan heç birini tətbiq etməmiş, ümumi ifadələrdən istifadə etməklə binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına tam fərqli status vermişdir. Çox maraqlıdır ki, məhkəmə cavabdehə münasibətdə binanın zirzəmisinə dair hüquq müəyyən etdiyi halda, binaya tikintisi başa çatmamış statuslu bina kimi yanaşaraq onun hüquqlarını görməməzlikdən gəlmişdir. Halbuki bina istismara qəbul olunmuş statusu almışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. e) Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
20. İşin faktiki hallarından göründüyü kimi eskiz layihəyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-nın istifadə və sahibliyindədir. Həmçinin Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MN-387/15 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqdan ibarət 387 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı 387 nömrəli mənzil üzrə İddiaçı Cavabdeh MTK-ya borcu qalmamışdır. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yerləşən yeraltı dayanacaqdan təyinatı üzrə istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir.
21. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-QA-Eİ 09/19 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 yerlik avtomobil dayanacağı icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında 100 manat icarə haqqını icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yenidən icarə müqaviləsi üzrə aylıq 100 manat məbləğində 1 yerlik avtomobil dayanacağının icarəçinin istifadəsinə verilməsini tələb etmişdir.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin -1, -2, -3 mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri "xxxx" MTK-nın balansında olmaqla (çıxarış verilməmişdir, layihədən də göründüyü kimi həmin yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-ya aiddir) mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətində olmamaqla iddiaçı 1 yerlik avtomobil dayanacağına görə icarə müqaviləsi üzrə müəyyən edilən öhdəliyi yerinə yetiriyi halda həmin yerdən istifadəsi mümkündür. Eyni zamanda həmin icara münasibətləri üzrə qiymət də tərəfin müəyyən etdiyi məbləğ olmaqla qanunvericiliyin tələblərinə zidd olmayan formada və şərtlərlə müqavilə bağlanmasının mümkünlüyündən irəli gəlir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.
23. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(004)- 466/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.