Məhkəmə qərarları › İş №2(103)-4488/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4488/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4488/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1851/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1851/2022 nömrəli qərardadı (hakim Sabit Bəhrəmzadə) ilə iddia ərizəsi qaytarılmışdır. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri - hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalı olması, iddia ərizəsinin qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilməsi, dövlət rüsumunun əvvəldən ödənilməsinin iddia ərizəsinin qaytarılmasına əsas olmaması, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun məbləğdə və formada həyata keçirilməsi, iddia ərizəsinin əsassız qaytarılması və s. kimi əsaslandırılmışdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsini qaytarkən, MPM-in 151.1-ci maddəsinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi №741784316-dan görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 03 mart 2021-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmiş, iddia ərizəsi isə məhkəməyə poçt vasitəsi ilə göndərilməklə 29 aprel 2022-ci il tarixdə daxil olmuşdur. Bununla da məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, həmin qəbzin hazırki iş üzrə dövlət rüsumunun ödənilməsinin təsdiq edən sənəd kimi qəbul edilməsi mötəbər deyildir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İşdə olan 03 mart 2021-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada və məbləğdə 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sisteminin məlumatlarına əsasən, ödənilmiş rüsum (03 mart 2021-ci il tarixli, ********* saylı qəbz) əvvəllər başqa işlərdə istifadə olunmamışdır. Göründüyü kimi, rüsumun iddianın verilməsindən bir müddət əvvəl ödənilməsi faktı onun qüvvəsini aradan qaldırmır. Əksi sübut olunmayınca (məsələn qəbzin saxtalılığı, rüsumun əvvəllər başqa işlərdə istifadə olunması və s.) qanunvericiliyin tələblərinə uyğun qaydada ödənilmiş rüsum qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1851/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)- 1851/2022 nömrəli qərardadı ləğv edilsin və iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar