Məhkəmə qərarları › İş №2(103)-4489/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4489/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4489/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 8.802 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mazda Tribute” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının şəxsi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu Ayxan Mancanov avtomobili idarə edərkən yanında dostları olmuşdur. Ayxan avtomobili dostu Məmməd Məmmədliyə sürmək üçün vermiş, bu zaman Ayxan yolda dostunu görmüş, Məmməddən avtomobili sağa çəkərək saxlamasını dostu ilə görüşməsini bildirmişdir. Ayxan dostu ilə görüşməyə gedəndən sonra Məmməd Ayxanın xəbəri olmadan avtomobili digər dostlarına – Cavabdeh idarə etməyə vermişdir. Cavabdeh avtomobili idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi, Bayraq meydanının dayanacağında avtomobillə hərəkətdə olarkən zəncirvari avtoqəza törətmiş və iddiaçının avtomobili istismara yarasız hala düşmüşdür. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində hazırki iş üzrə cavabdeh təqsirlidir. Bununla bağlı cavabdeh inzibati məsuliyyətə cəlb olunmuş və inzibati qaydada cərimə edilmişdir. Məmməd Məmmədli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə, Ayxan Mancanov isə nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün verdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş və cərimələnmişlər. Avtomobillərin təmiri ilə məşğul olan fiziki şəxs X2 avtomobilə baxış keçirmiş, avtomobildə dəyişilməli olan ehtiyat hissələrinin qiymətini və ustaların xidmət haqqını hesablanmış və müəyyən etmişdir ki, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün 8.802 manat pul tələb olunur. Hamil Quliyev bu barədə xx.xx.2023-cü il tarixdə “Qüsur aktı” vermişdir. İddiaçı, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş cavabdehə ziyanın ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi qaydada müraciət etsə də, cavabdeh ziyan ödəməmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat

3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməli olması sübut edilmir. Eyni zamanda mütəxəssis rəyi verən şəxs Hamil Quliyevin nə dərəcədə səlahiyyətli olması məlum deyil. Həmin şəxsin lisenziyasının olması, vergi ödəyicisi olması haqqında məlumat yoxdur. “Kassa mədaxil orderində” tarix, ödənişi edənin şəxsi məlumatları və ödənişi edə şəxsin imzası yoxdur. Cavabdeh avtomobili idarə edərkən ona maneçilik törədilib. Zəncirvari qəza zamanı əlavə olaraq 6 avtomobilə ziyan dəymiş və tərəflər razılığa gəlmişlər ki, həmin avtomobillərin təmiri məsələsi həll olunduqdan sonra qarşılıqlı razılaşacaqlar. Cavabdeh 6 avtomobilin təmirinə 30.000 manata qədər vəsait xərcləmişdir. İddiaçının faktiki olaraq avtomobilə pul xərcləməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. İddiaçının avtomobilinin hazırkı bazar qiyməti 6.000 manat civarındadır. Yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq iddiaçı avtomobilini “Turbo.az” saytında 6.000 manata satışa qoymuşdu. Avtomobilin nominal dəyərinin ümumilikdə cavabdehdən tələb edilməsi qəti şəkildə doğru deyil. Hadisənin baş verməsi ilə iddiaçının məhkəməyə müraciət etməsi arasında cəmi 2-3 ay olmuşdur. Cavabdeh indi də avtomobili təmir etdirməyə hazırdır. Əgər iddiaçı həmin təmirdən narazı olardısa, bu halda məhkəməyə müraciət edə bilərdi. Həmçinin iddia tələbində usta haqqı və avadanlıqların qiyməti həddindən artıq çox hesablanmışdır. İş üzrə ekspertiza tərəfindən verilmiş rəydə bu məbləğ 2.000 manatdan çox azaldılmışdır. Ekspert rəyində də məbləğ artıq hesablanmışdır. Çünki, ehtiyat hissələrinin hamısını yenisi ilə əvəz etməyə ehtiyac olmaya bilərdi, təmir olunan hissələr də olmuş ola bilər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 6.722 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,22 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya maddi zərərin dəyməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması işin mübahisəsiz və aşkar halıdır. Buna görə də, vurulmuş zərərin əvəzi də məhz cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8348 saylı rəyinə əsasən 6.722 manat təşkil edir. Bu səbəbdən də iddia qismən təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməsi barədə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsinin qətnaməsində hazırki mülki işə aid olmayan hallar və sənədlər sadalanmışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddiaya etirazın əsaslarına uyğun izahat verdi.

10. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, habelə qətnamənin məhkəmə xərcləri və məsrəfləri ilə bağlı hissəsini mübahisələndirmir.

13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Bakı Şəhəri Səbail Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında protokoldan” görünür ki, hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh iddiaçıya məxsus “Mazda Tribute” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 21:15-də idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi, Bayraq meydanının dayanacağında yol-nəqliyyat hadisəsi törətmişdir.

17. Səbail RDYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından görünür ki, Cavabdeh qeyd edilən yol-nəqliyyat hadisəsini, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

18. Qeyd edilən qərar qüvvədədir və cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirləməmişdir.

19. Qərar qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə müzakirə edilmir.

20. Bu baxımdan hesab edilməlidir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Başqa sözlə, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.).

22. Bu maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdeh, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinə – mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır və iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir.

23. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

24. Avtomobillərin təmiri ilə məşğul olan fiziki şəxs X1 (VÖEN: **********) verdiyi xx.xx.2023-cü il tarixli “Qüsur aktından” görünür ki, o, iddiaçıya məxsus və yol-nəqliyyata hadisəsi zamanı istismara yarasız vəziyyətə düşmüş avtomobilə baxış keçirərək müəyyən etmişdir ki, həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 8.802 manat pul vəsaiti tələb olunur (o cümlədən: avtomobildə dəyişilməli olan ehtiyat hissələrinin dəyəri 5.852 manat, işçilərin əmək haqqı 2.950 manat).

25. Fiziki şəxs X1 (VÖEN: **********) verdiyi (tarixsiz) ƏHX seriyalı, 220392 saylı “Mədaxil qəbzindən” görünür ki, 2.950 manat ona ödənilmişdir.

26. İddiaçı həmin “Qüsur aktına” əsaslanaraq bildirir ki, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən onun xeyrinə 8.802 manat məbləğində pul tutulmalıdır.

27. İddiaçıya dəymiş maddi zərərin “Qüsur aktında” qeyd edilən məbləğdə olubolmamasını yoxlamaq üçün işə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2024-cü il tarixli, 9/9265 saylı rəyindən görünür ki, iddiaçıya məxsus və 2005-ci il buraxılışlı olan “Mazda Tribute” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6.722 manat olmuşdur.

29. Rayon Məhkəməsi həmin rəyi əsas götürərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 6.722 manat məbləğində pul cavabdehdən tutularaq iddiaya ödənilməlidir.

30. Cavabdeh apellyasiya şikayətində bildirir ki, “Qüsur aktında” və ekspertiza rəyində qeyd edilən məbləğlər şişirdilmişdir, buna görə də həmin sənədlər əsassız hesab edilməklə nəzərə alınmamalıdır.

31. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya dəymiş zərərin daha az olmasını birbaşa yox, faktiki olaraq bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutu (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı mütəxəssisin və ya hər hansı şirkətin “Qüsur aktını”) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Odur ki, Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına ala biləcək hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə əsasən müəyyən etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

33. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

34. Apellyasiya şikayətində cavabdeh bildirir ki, “Qüsur aktını” vermiş şəxs Hamil Quliyevin nə dərəcədə səlahiyyətli olması, onun lisenziyasının olması, vergi ödəyicisi olması haqqında məlumat yoxdur. Həmin şəxsin verdiyi “Kassa mədaxil orderində” tarix, ödənişi edənin şəxsi məlumatları və ödənişi edə şəxsin imzası yoxdur. Lakin Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır.

35. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Çünki (yuxarıda artıq qeyd edildiyi kimi) işə baxmış Rayon Məhkəməsi həmin “Qüsur aktını” və “Kassa mədaxil orderini” deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyi əsas götürmüşdür.

36. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin qətnaməsində hazırkı mülki işə aid olmayan hallar və sənədlər sadalanmışdır.

37. Bu dəlilin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədə hazırkı mülki işə aid olmayan hallar və sənədlər sadalanmışdır. Lakin bu hal qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz, çünki qətnamədə həmin məlumatlar ilə yanaşı hazırkı işə aid olan hallar və sənədlər də qeyd edilmiş və Rayon Məhkəməsi məhz bu işə aid hallara və sənədlərə hüquqi qiymət vermişdir.

38. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

39. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

43. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

44. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

45. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar