Məhkəmə qərarları › İş №2(103)-4494/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4494/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4494/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC –nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi və 18 may 2023-cü il tarixli əlavə qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci ildə (oktyabr) "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi; “Mercedes E230” markalı, 99-DC228 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış ipoteka (girov) müqaviləsinə xitam verilməsi; Kreditor "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı, borcalan İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi 05 oktyabr 2012-ci il göstərilən zaminlik müqaviləsinin ləğv edilməsi; “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin (avtomobilin) qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2012-ci il tarixdə "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə aralarında 36 ay müddətinə, illik 22% olmaqla 6885 manat məbləğində kreditin verilməsinə dair 17-A-1-0- 4845-12 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin “Mercedes E230” markalı, 99-DC228 dövlət qeydiyyat nişanlı avtomobilə dair 05 oktyabr 2012-ci il tarixdə 17-A-1-0-4845-12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə kredit vaxtında və tam ödənilmişdir. Bununla da Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyi qalmamışdır. "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, kreditin statusu tam ödənilmişdir. Lakin Cavabdeh2 MMC 31 avqust 2022-ci il tarixli, 257 saylı məktubla ona xəbərdarlıq edərək 6054 manat məbləğində pulun 3 gün ərzində tərəfindən ödənilməsi tələb edilmişdir. İddiaçı Cavabdeh2 MMC və onun rəhbərliyini (hətta onun istənilən işçisini belə) tanımır. Cavabdeh2 MMC və onun rəhbərliyi arasında münasibətlər mövcud olmamışdir və hazırda da belə münasibətlər mövcud deyildir. Odur ki, Cavabdeh2 MMC-nin onun borclarına görə zaminlik müqaviləsi bağlaması və borclarını ödəməsi həqiqəti əks etdirməməklə, heç ağlabatan da deyildir. Kredit müqaviləsi üzrə kredit tam ödənildiyindən əsas öhdəliyə həmçinin əlavə öhdəliyə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-576/2023 nömrəli 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək "xxxx" ASC (keçmiş "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 17-A-1-0- 4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi ləğv edilmiş, 18 may 2023-cü il tarixli əlavə qətnamə ilə iddia zaminlik müqaviləsinin ləğvi hissəsində rədd, avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin (avtomobilin) qaytarılması vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər icra edildiyi üçün ipoteka saxlayanın ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini həyata keçirən qeydiyyat orqanına müvafiq ərizə ilə müraciət olunmuşdur. Əgər tərəflər arasında hüquq münasibətlər yaradan müqavilələr artıq mövcud deyilsə, iddianı tam təmin edilməsi müəyyən şübhələr doğurmaqdadır. Məhkəmə Cavabdeh1ASC tərəfindən təqdim edilmiş 19 yanvar 2023-cü il tarixli KBD585 saylı və 19 avqust 2022-ci il tarixli ərizələri nəzərə almadan və ərizələrə qətnamədə heç bir münasibət bildirmədən iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə təqdim edilmiş sübutları nəzərə almamış, kredit və ipoteka müqavilələrinin statusunu araşdırmadan, ipoteka p re dmet inin ipotekadan azad olunub-olunmamasını dəqiqləşdirmədən, artıq ləğv edilmiş müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında şikayəti müdafiə edərək həmçinin, bildirdi ki, apellyasiya şikayətində texniki yanlışlığa yol verərək 18 may 2023-cü il tarixli qətnamənin ləğvini qeyd etməyiblər. Əslində isə 07 aprel 2023-cü il tarixli qətnamənin və 18 may 2023-cü il tarixli əlavə qətnamənin ləğvini və iddianın rədd olunmasını xahiş edirlər. Digər cavabdeh məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi şikayətin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan İddiaçı 36 ay müddətinə, illik 22% olmaqla 6885 manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus “Mercedes Benz” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat kimi borcalanla birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Azərbaycan Kredit Bürosu MMC tərəfindən xx.xx.2022-ci il tarixli SF-21382 saylı çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə borc tam ödənilmişdir. Cavabdeh1ASC tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış və 19 avqust 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı kredit borcunu güzəştli şərtlərlə tam icra etdiyindən ipoteka müqaviləsinə xitam verilmiş, sözügedən nəqliyyat vasitəsinin üzərində olan yüklülüyün ləğvi ilə bağlı müvafiq qeydiyyatın aparılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur. Cavabdeh1ASC birinci instansiya məhkəməsində işə baxılarkən 19 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək kredit müqaviləsinin icra olunduğu üçün ipoteka müqaviləsinə xitam verildiyi və avtomobil üzərində yüklülüyün ləğvi barədə BDYPİ-yə müraciət olunduğunu bildirmişdir. Həmçinin, apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi kredit müqaviləsi üzrə borcun tam ödənildiyini, ipoteka predmetinin yüklülükdən azad edilərək üçüncü şəxslərə satıldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1). Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir (maddə 48.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən borclu öhdəliyi kreditorun xeyrinə lazımınca icra etmiş, nəticədə öhdəliyə xitam verilmişdir. Öhdəliyə xitam verildikdə isə ipotekaya da, zaminliyədə xitam verilir. Beləliklə, tərəflər arasında hüquq münasibətləri yaradan müqavilələr artıq mövcud deyildir. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, öhdəliyin icrası nəticəsində özü-özlüyündə artıq ləğv edilmiş müqavilələrin məhkəmə qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir, bu zamana müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddianın predmetini təşkil edən müqavilələr qüvvədə olmadığından məhkəmənin baxacağı mübahisə də mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1). Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 261, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi və 18 may 2023-cü il tarixli əlavə qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar