Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4498/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “İcbari Sığorta Bürosu” X5 və ”Aztimont” ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4498/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər “İcbari Sığorta Bürosu” X5 və ”Aztimont” ASC-yə qarşı kompensasiya və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-502/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh ”Aztimont” ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 28 fevral 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə (hal-hazırda ”Aztimont” ASC) məxsus “Ford Cargo” markalı 90JX958 dövlət qeydiyyat nişanlı avtomobilli həmin hüquqi şəxsin işçisi X4 tərəfindən idarə edərək İddiaçı məxsus olan “Kamaz” markalı 31BE460 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq onu zədələmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İcbari Sığorta Bürosu” X1 5.000 manat kompensasiya məbləğinin, Cavabdeh2 ASC-dən 24.660 manat məbləğində vurulmuş zərərin, 2.000 manat vurulmuş mənəvi zərərin, 185,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan "Kamaz" markalı 31BE460 dövlət qeydiyyat nişanlı avtomobil 28 fevral 2022- ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Ford Cargo” markalı 90JX958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, avtomobil hadisə vaxtı "xxxx" ASC-yə (hal-hazırda ”Aztimont” ASC) məxsus olmuşdur. Avtomobili hadisə zamanı həmin təşkilatın əməkdaşı X4 idarə etmişdir. Hadisə zamanı o, ölmüşdür. Azərbaycan Respublikasının DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin 19 may 2022-ci il tarixli qərarı ilə qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində X4 təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət dəymişdir. Aldığı xəsarətlər nəticəsində uzun müddət müalicə almış, iş qabiliyyəıti olmamışdır. Bu müddət ərzində Cavabdeh2 ASC onun səhhəti ilə maraqlanmamış, heç bir yardım göstərməmişdir. Bu səbəbdən İddiaçı mənəvi sarsıntı keçirmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-502/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 ASC-dən 11.900 manat məbləğində maddi zərər, 500 manat məbləğində mənəvi zərər, 73,4 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, 23,5 manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh2 ASC-dən, 26,5 manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət etmişdir.
5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1, 32.1.1, 32.1.2, 32.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh ”Aztimont” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza tərəfindən bu nəticəyə gəlinməsi üçün hansı zəruri araşdırmaların aparıldığı göstərilməmiş, nəqliyyat vasitəsinin 70 faiz hissəsinin istifadəyə tam yararsız hala düşdüyünün hansı məlumatlar əsasında müəyyənləşdirildiyini əsaslandırmamışdır. Halbuki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərin həcminin müəyyənləşdirilməsi üçün, nəqliyyat vasitəsinin mövcud vəziyyətdə texniki baxışının təşkil edilməsi, əvəz edilməli olan ehtiyyat hissələrinin real bazar dəyərinin və təmir üçün usta haqqı məbləğinin həcminin araşdırılması, amartizasiya xərci çıxılması zəruri olmuşdur. Təəssüflər olsun ki, bütün bu kimi araşdırmalar ekspertiza tərəfindən həyata keçirilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
10. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
14. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu
20. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir:
21. Maddə 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;
22. Maddə 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda;
23. Maddə 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/514 saylı ekspert rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 17000 manat müəyyən edilir. Tədqiq edilən 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 30%-ni təşkil edir. Beləliklə, tədqiq edilən 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla təxminən 11900 (17000,Om - 30%) manat müəyyən edilir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlarla, cavabdeh ”Aztimont” ASC-nin işçisinin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi tam sübuta yetirilmişdir.
34. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
36. Cavabdeh ”Aztimont” ASC apellyasiya şikayətində ekspert rəyinin düzgün olmadığını qeyd etsə də, ekspert rəyinin əsassızlığı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
37. Belə ki, məhkəmə kollegiyası ekspertiza rəyinə işdə olan digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və hazırki rəy iddianın qismən əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər.
38. Bununla bağlı, kollegiya işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından ekspertiza rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır.
39. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar vəzifələrini icra edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
40. Daha sonra, məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin mənəvi ziyan hissəsində iddianı qismən təmin etməsini də əsaslı hesab edir.
41. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
42. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur
43. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC-nin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə və sağlamlığına zərər vurulmuş, iddiaçı uzun müddət avtomobilindən istifadə edə bilməmiş, iddiaçı məcbur olaraq vəkilə və məhkəməyə müraciət etmiş və bu hallar şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmuşdur.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edərək, əlavə olaraq qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı ağır xəsarət almış və 9 gün xəstəxanada müalicə almışdır. Həmçinin bu hal da, iddiaçının mənəvi iztirab keçirməsinə əsas olan hal kimi qiymətləndirilir.
45. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-502/2023 saylı iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova