Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-45/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QSC "xxxx" KB-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi”; Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab edilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh - ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə QSC "xxxx" KB-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair (birinci iş) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsindən QSC "xxxx" KB-nin nümayəndəsi tərəfindən; həmçinin Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab edilməsi” tələbinə dair (ikinci iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. QSC "xxxx" KB (bank) ilə Cavabdeh1 arasında 12 sentyabr 2014-cü il tarixdə 100/02/80674/14 saylı kredit müqaviləsi bağlanaraq Cavabdeh1 12 mart 2015-ci il tarixədək qaytarması şərtilə, illik 18 faizlə 500 000 (beş yüz min) manat kredit verilmiş, 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişlə həmin müqavilənin 2-ci bəndinin 2.1-ci, 2.3-cü və 3-cü bəndinin 3.5-ci və 3.7-ci yarımbəndlərinə “bankın borcalana 12 mart 2016-cı il tarixədək illik 19 faiz ödəmək şərtilə 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaiti verməsi”nə dair dəyişiklik edilmiş, kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evi 13.09.2014-cü il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş, 02 iyun 2015-ci il tarixdə ipoteka müqaviləsinə də müvafiq dəyişiklik olunmuş, 01 aprel 2016-cı il tarixinə Cavabdeh1 412 732,27 ABŞ dolları əsas, 2670,76 ABŞ dolları faiz, 18 096,76 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 433 499,79 ABŞ dolları məbləğində borcunun yarandığı hesablanmışdır.
2. Bank Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən ondan 412 732,27 ABŞ dolları əsas, 2670,76 ABŞ dolları faiz, 18 096,76 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 433 499,79 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 858 000 manat məbləğində müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər lazımınca icra edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır.
5. Məhkəmə, təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, 12 sentyabr 2014-cü il tarixli 100/02/80674/14 saylı kredit müqaviləsi üzrə borc bağlandığından və 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə saziş üzrə 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin nəqd şəkildə verilməsi müəyyən edilmədiyindən iddia tələbi rədd olunmalıdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.11.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 12.09.2014cü il tarixli “Kredit müqaviləsinə” əsasən yaranmış əsas kredit borcunun ödənilməsi məqsədilə 417 240,31 manatın, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin ödənilməsi məqsədilə 5006,88 manatın, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 31 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manatın Cavabdeh1 tutularaq banka ödənilməsi; tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 858 000 manat müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi; evə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 evi ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onun yaşayış sahəsindən məcburi qaydada çıxarılması; iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyərini təşkil edən 50 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi əlavə mühasibatlıq ekspertizası təyin etmiş, alınmış ekspert rəyinə, eləcə də işdə olan bank sənədlərinə əsasən belə qənaətə gəlmişdir ki, 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişlə qeyd edilən 420 000 ABŞ dolları pul vəsaitinin faktiki olaraq Cavabdeh1 verilməsi müəyyən edilmədiyindən, bu məbləğin 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun əsasında ABŞ dolları ilə hesablanıb tərtib edildiyi və hesabdan çıxarış, ödəniş cədvəlləri və sair sənədlər əsasında keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2017-ci il tarixli 19717 saylı rəyi ilə 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi bitdiyi tarixədək Cavabdeh1 banka 499 750,50 manat əsas və 7681,50 manat faiz borcu müəyyən edildiyindən, eləcə də QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi 04.07.2017-ci il tarixli maliyyə arayışında 02.06.2015-ci il tarixə 12.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 417 240,31 manat əsas, 5006,88 manat cərimə olmaqla, cəmi 422 247,19 manat borcunun mövcud olduğu göstərildiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 417 240,31 manat əsas, 5006,88 manat cərimə olmaqla cəmi 422 247,19 manat kredit borcu tutulmalı, tutma ipoteka predmetinə yönəldilməlidir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 08.06.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını qərara almışdır.
9. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “...İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilərkən ekspert qarşısında qoyulan sual Cavabdeh1 12 sentyabr 2014-cü il tarixli 100/02/80674/14 saylı kredit müqaviləsinin son tarixinə, yəni 12 mart 2015-ci il tarixə olan əsas və faiz borcunun məbləğinin müəyyən olunmasından ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişi 12 sentyabr 2014-cü il tarixli 100/02/80674/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab etsə də, həmin sazişdən sonra Cavabdeh1 tərəfindən banka nə qədər vəsait ödənildiyini araşdırmamış və qiymət verməmişdir. Halbuki, bankın özünün təqdim etdiyi hesabdan çıxarışlarda Cavabdeh1 02 iyun 2015-ci il tarixli sazişə qədər 12 sentyabr 2014-cü il tarixli 100/02/80674/14 saylı kredit müqaviləsi üzrə bankın hesabına 159 300 manat (i.v.204-205), 02 iyun 2015-ci il tarixli sazişdən sonrakı dövrdə isə 63 300 ABŞ dolları pul vəsaiti ödədiyi qeyd olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən 12 sentyabr 2014-cü il tarixli 100/02/80674/14 saylı kredit müqaviləsi üzrə borcun tam bağlanması, yəni borcun cavabdeh tərəfindən tam ödənilməsi barədə cavabdehin dəlilləri və eləcə də ekspert rəyində göstərilənlər də bir daha araşdırılmalı və qiymət verilməlidir. Yeni apellyasiya baxışı zamanı təqdim olunan sənədlər işdə olan bank sənədləri, hesabdan çıxarışlarla müqayisəli şəkildə tədqiq olunmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, istər ödənilmiş məbləğin, istərsə də qalıq məbləğin miqdarı ilə bağlı işdə kifayət qədər ziddiyyətli məlumatlar vardır. Ona görə də işə yenidən baxılarkən bu ziddiyyətli məqamlara aydınlıq gətirilməli, borcun tam ödənilib-ödənilmədiyi, borc tam ödənilmədiyi təqdirdə qalıq borcun məbləği və s. kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq edilməklə mübahisəli hüquq münasibətinə qiymət verilməlidir”.
d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsi ilə bankın (ləğvedicinin) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddianın qismən təmin edilməsi, “Bank Standart KB” QSC ilə Cavabdeh1 arasında 12.09.2014-cü il tarixdə bağlanmış 100/02/80674/14 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə 02.06.2015-ci il tarixli 01 saylı “Əlavə saziş” əsasında yaranmış əsas kredit borcunun ödənilməsi məqsədilə 412 732 (dörd yüz on iki min yeddi yüz otuz iki) ABŞ dolları 27 (iyirmi yeddi) sentin, kredit məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 2670 (iki min altı yüz yetmiş) ABŞ dolları 76 (yetmiş altı) sentin, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimə borcunun ödənilməsi məqsədilə 2000 (iki min) ABŞ dollarının (qətnamənin icra ediləcəyi tarixə müəyyən olunacaq rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq “Bank Standart KB” QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin, ilkin satış qiyməti 858 000 (səkkiz yüz əlli səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaitinin hesabına borcun ödənilməsi, satıldıqdan sonra mənzilin 1 aydan gec olmayaraq boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyul 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən apellyasiya baxışına qaytarılmışdır.
12. Kassasiya instansiyası məhkəməsinin işi ikinci dəfə yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur: “...İddiaçının da mövqeyi ondan ibarət olmuşdur ki, 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” 02.06.2015-ci il tarixli 01 saylı “Əlavə sazişə” əsasən, bu saziş “Kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi hesab edilir, digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. "Əlavə sazişlə” Cavabdeh1 02.06.2015-ci il tarixə olan borcu qanunvericiliyin tələblərinə müvafiq qaydada restrukturizasiya edilərək 420.000 ABŞ dolları məbləğinə keçirilmiş və hesab nömrəsi dəyişmişdir. Qanunvericiliyin tələblərinə əsasən restruktizasiya zamanı kassa məxaric orderi verilmir. Qalıq borcun Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə restruktizasiyası əməliyyatı tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilmiş, cavabdeh özü bu əqdə imza etməklə iradəsini ifadə etmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddiaçının bu mövqeyi ilə bağlı qətnamədə heç bir qiymətləndirmə aparmamış, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestr xidmətinin 22.12.2016-cı il tarixli, 19-5/4881 nömrəli "Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışına” istinad edərək, borcalan Cavabdeh1 Bank qarşısında 12.09.2014-cü il tarixli "Kredit müqaviləsi” üzrə yaranmış 500 000 manat məbləğində öhdəliyinin bağlanması və 12.09.2014-cü il tarixli "Kredit müqaviləsinə” əsasən borcalanın Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi mövcud olmamasını işin mübahisəsiz halı hesab etmişdir. Halbuki göründüyü kimi, bank tamamilə başqa mövqedə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hal əslində mübahisəli olduğundan apellyasiya instansiya məhkəməsi 12.09.2014-cü il tarixli "Kredit müqaviləsi” üzrə yaranmış 500 000 manat məbləğində öhdəliyin həmin müqaviləyə 02.06.2015-ci il tarixli 1 saylı əlavə saziş bağlananadək tam icra edilməsi barədə müvafiq sübutları araşdırmalı və əlavə sazişin bağlandığı tarixə borclu Cavabdeh1 qalıq borcunun olub-olmadığını müəyyən etməli, 12.09.2014-cü il tarixli "Kredit müqaviləsinə” 02.06.2015-ci il tarixli 01 saylı "Əlavə sazişə” yeni kreditin verilməsi kimi deyil, əvvəlki kredit müqaviləsi üzrə verilmiş kreditin məbləğinə, valyutasına, faizinə və qaytarılma müddətinə edilmiş dəyişiklik kimi qiymət verməklə, həmin müqavilə üzrə qaytarılmalı olan kredit borcunun məbləğini müəyyən etməli idi. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəliklərinin olması, onun bu öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət daşıması və 412.732,27 ABŞ dolları məbləğində əsas, 2.670,76 ABŞ dolları məbləğində faiz borcu rəsmi məzənnəyə uyğun olaraq manat hesabı ilə Cavabdeh1 tutularaq Banka ödənilməli olmasına dair nəticəyə gələrkən bankın maliyyə arayışında göstərilən məbləğlərlə işdə olan 26.12.2015-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 02.06.2015-ci il tarixdən sonra ödənilmiş pul vəsaitinin həcmi, 26.04.2016-cı il tarixə ödənilməmiş qalan əsas borc və faiz məbləğlərinin fərqli olmasına diqqət yetirməmiş, zərurət olduğu halda, iş üzrə təkrar ekspertizanın keçirilməsini müzakirə etməmişdir”.
y) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
13. Birinci işə təkrar apellyasiya qaydasında baxılarkən, Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab olunması” barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırdığı müəyyən edildiyindən işin icraatı 01 iyul 2021-ci il tarixli qərardadla dayandırılmışdır.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin olunmuş, bu qətnamədən Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə icraatı dayandırılmış işlə həmin işin dayandırılmasına əsas təşkil edən işin, yəni Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı bankın (Əmanətlərin Sığortalanması Fondunun) nümayəndələri apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək izahatlarında göstərmişlər ki, bankla Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 12 mart 2015-ci il tarixədək qaytarması şərtilə, illik 18 faizlə 500 000 (beş yüz min) manat kredit verilmiş, 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişlə həmin müqavilənin 2-ci bəndinin 2.1-ci, 2.3-cü və 3-cü bəndinin 3.5-ci və 3.7-ci yarımbəndlərinə “bankın borcalana 12 mart 2016-cı il tarixədək illik 19 faiz ödəmək şərtilə 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaiti verməsi”nə dair dəyişiklik edilmiş, kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evi 13.09.2014-cü il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş, 02 iyun 2015-ci il tarixdə ipoteka müqaviləsinə də müvafiq dəyişiklik olunmuş, 01 aprel 2016-cı il tarixinə Cavabdeh1 412 732,27 ABŞ dolları əsas, 2670,76 ABŞ dolları faiz, 18 096,76 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 433 499,79 ABŞ dolları məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəmələri işin hallarına düzgün hüquqi qiymət verməmiş, 12.09.2014-cü il tarixli kredit müqaviləsinə 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edildiyini nəzərə almamışlar. Belə ki, əlavə sazişlə Cavabdeh1 02.06.2015-ci il tarixə olan borcu qanunvericiliyin tələblərinə müvafiq qaydada restrukturizasiya edilərək 420 000 ABŞ dolları məbləğinə keçirilmiş, hesab nömrəsi dəyişmiş, qalıq borcun Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə restrukturizasiyası əməliyyatı tərəflərin qarşılıqlı razılığı ilə baş tutmuş, cavabdeh özü bu əqdə imza etməklə iradəsini ifadə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən restrukturizasiya zamanı kassa məxaric orderi verilmir, lakin Nəsimi Rayon Məhkəməsi bu fakta əhəmiyyət verməmişdir. Həmçinin, bankın nümayəndəsi tərəfindən ekspert rəyindəki ziddiyyətlərin aradan qaldırılması üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti rədd etmiş, əsassız ekspert rəyinə əsasən nəticəyə gəlmişdir. Cavabdeh1 irəli sürdüyü arqumentlərin nə qədər əsassız və qəbuledilməz olduğu onunla sübuta yetir ki, o, götürdüyü 500 000 manat kreditdən 15.04.2015-ci il tarixinə qədər cəmi 109 300 manat ödəniş etmiş, bu ödənişin 82 758 manatı əsas borca silinmiş, beləliklə 02.06.2015-ci il tarixində onun 417 242 manat əsas borcu qalmış, həmin tarixdə isə qalıq borc restrukturizasiya edilərək (417 242 x 1,0479 = 433 931 ABŞ dolları) “bankın borcalana 12 mart 2016-cı il tarixədək illik 19 faiz ödəmək şərtilə 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaiti verməsi”nə dair əlavə razılaşma bağlanmış, ipoteka müqaviləsinə də müvafiq dəyişiklik olunmuş, əlavə saziş bağlandıqdan sonra kredit borcundan 68 000 ABŞ dollarından artıq ödəniş həyata keçirilmişdir. Xətai Rayon Məhkəməsi isə ümumiyyətlə heç bir araşdırma aparmamış, nə işin hallarına, nə də Dəyanət Məsimovun müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünə əhəmiyyət verməmişdir.
17. Təkrar apellyasiya baxışı zaman keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, bankın iddiasına görə guya 12.09.2014cü il tarixdə Cavabdeh1 aylıq 19% olmaqla 420 000 ABŞ dolları kredit verilmişdir; halbuki birinci instansiya məhkəməsində bankın Cavabdeh1 həmin krediti vermədiyi, sonuncunun ümumiyyətlə dollarla kredit almadığı müəyyənləşdirilmiş, bundan sonra bank yeni “əfsanə” düzəldib guya 2015-ci ilin iyun ayında Cavabdeh1 2014-cü ilin sentyabr ayında 6 ay müddətinə 18%-lə aldığı 500 000 manat krediti restrukturizasiya etdiyini, 500 000 manatı 420 000 ABŞ dollarına keçirdiyini irəli sürmüşdür. Bu yalana inanmaq mümkün deyil, çünkü Cavabdeh1 ən azı dəli olmalıydı ki, 2014-cü ilin sentyabr ayında aylıq 18%-lə 6 ay müddətinə aldığı 500 000 manat krediti, artıq dolların manata nisbətdə kursunun kəskin surətdə qalxdığı bir dövrdə könüllü olaraq az qala 2 dəfədən də artıq, yəni 420 000 ABŞ dolları kimi qiymətləndirib üstəlik də 19%-lə onu restrukturizasiya elətdirsin. Baxmayaraq ki, başqa bankdan 500 000 manat kredit alıb asanlıqla elə borcu manatla ödəmək mümkün idi. İşin materialllarında Cavabdeh1 göstərilən borcun restrukturizasiya olunması barədə hər hansı bir müraciəti mövcud deyil və belə müraciəti bank özü də təqdim edə bilmir. İnsanları müflisləşdirən bank, indi də necə olursa olsun hələ manatın qiymətli vaxtında öz dəyərindən də qat-qat aşağı qiymətləndirikləri evi məcburi qaydada manatın indiki kursu ilə satdırıb Cavabdeh1 vermədiyi krediti ödətdirmək istəyir. Digər tərəfdən, 12.09.2014-cü il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş 02.06.2015cı il tarixli 01 saylı əlavə sazişdə, eləcə də 13.09.2014-cü il tarixli 100/02/80674/14 nömrəli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı sazişlərdə “İpoteka saxlayan” qrafasındakı imzaların (Abbasov E.V) müxtəlif şəxslər tərəfindən imalandığı ekspert rəyi ilə müəyyənləşdirilmişdir və bu hal həmin müqavilələrin etibarsızlığına dəlalət edir.
18. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmış Cavabdeh1 məhkəməyə gəlməmiş, Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu isə işə onun iştirakı olmadan baxılması xahişini ehtiva edən məktub göndərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
20. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
21. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
23. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
27. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
32. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
33. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
34. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Bir icraatda birləşdirilmiş işə apellyasiya qaydasında (təkrar apellyasiya) baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda birinci işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmçinin nəzərə alınmalıdır ki, ikinci iş üzrə gəlinəcək nəticə birinci iş üzrə gəlinəcək nəticədən asılı olduğundan, prosessual qənaət prinsipinin tələbləri baxımından işin hallarına bu kontekstdə qiymət veriləcəkdir.
45. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, ləğv prosesindəki QSC "xxxx" KB-nin apellyasiya şikayəti qismən, həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti isə tam təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq həmin iş üzrə yeni qətnamə çıxarılmalı və QSC "xxxx" KB-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab edilməsi” tələbləri təmin olunmamalıdır.
46. Yuxarıda qeyd olunduğu kimi, bankla Cavabdeh1 arasında 12 sentyabr 2014-cü il tarixdə 100/02/80674/14 saylı kredit müqaviləsi bağlanaraq Cavabdeh1 12 mart 2015-ci il tarixədək qaytarması şərtilə, illik 18 faizlə 500 000 (beş yüz min) manat kredit verilmiş, 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişlə həmin müqavilənin 2-ci bəndinin 2.1-ci, 2.3-cü və 3-cü bəndinin 3.5-ci və 3.7-ci yarımbəndlərinə “bankın borcalana 12 mart 2016-cı il tarixədək illik 19 faiz ödəmək şərtilə 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaiti verməsi”nə dair dəyişiklik edilmişdir.
47. Kassasiya instansiyasının qərarlarında şərh olunan göstərişlər nəzərə alınaraq hazırkı apellyasiya baxışı zamanı təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertin 02 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 12.09.2014-cü il tarixli kredit müqaviləsinin və 02.06.2015-ci il tarixli 1 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 12.03.2016-cı il tarixinə banka 406 422,63 ABŞ dolları əsas, 6864,03 ABŞ dolları faiz borcu yaranmış, kredit ödənişlərinə görə cərimə hesablanmamış və cəriməyə silinmə aparılmamış, 12 mart 2016-cı il tarixindən sonra kredit ödənişi həyata keçirilməmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və Cavabdeh1 bank qarşısında icra edilməmiş öhdəliyinin qalıb-qalmadığına məhz həmin münasibətlər çərçivəsində qiymət verilməlidir.
49. Tərəflər, 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 12 mart 2015-ci il tarixədək qaytarması şərtilə, illik 18 faizlə 500 000 (beş yüz min) manat kredit verildiyini mübahisələndirmirlər; eyni zamanda işin hallarından aydın olur ki, Cavabdeh1 göstərilən müddətdə öhdəliyini icra edə bilmədiyi üçün tərəflər həmin kredit müqaviləsinə dəyişikliklər etməklə öhdəliyin icrası müddətinin uzadılması və bunun müqabilində faiz dərəcəsinin dəyişdirilməsi (artırılması) barədə razılığa gəlmiş, 02.06.2015-ci il tarixli saziş məhz bu səbəblə imzalanmışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 götürdüyü kredit borcu üzrə 14.10.2014-cü il tarixdə 7500 manat, 22.11.2014-cü il tarixdə 7500 manat, 30.12.2014-cü il tarixdə 7500 manat, 17.02.2015-ci il tarixdə 14 300 manat,09.04.2015-ci il tarixdə 22 500 manat, 15.04.2015-ci il tarixdə 50 000 manat olmaqla cəmi 109 300 manat ödəniş həyata keçirmiş, bu məbləğin 82 760 manatı əsas borca, qalan hissəsi faiz borcuna silinmiş, qalıq 417 240,31 manat (500 000 – 82 760) əsas borca, habelə hesablanan 5006,88 manat cəriməyə münasibətdə isə sözügedən saziş bağlanmışdır.
50. Beləliklə işin müəyyən olunan halı odur ki, 02.06.2015-ci il tarixli sazişin 2.1ci bəndində “Kreditor”un “Borc alan”a 420 000 ABŞ dolları məbləğində kredit verdiyi” göstərilsə də, əslində Cavabdeh1 hər hansı yeni kredit məbləği verilməmiş, onun qalan 417 240,31 manat əsas borcu həmin dövrün məzənnəsinə uyğun konvertasiya olunmaqla (417 240,31 x 1,0479 = 437 226 ABŞ dolları) 420 000 ABŞ dolları məbləğinə kapitallaşdırılmışdır (bankın bildirməsinə görə restrukturizasiya edilmişdir).
51. “Maliyyə bazarları terminlərinin izahlı lüğəti”ndə verilən izaha görə, restrukturizasiya olunmuş kredit (Rescheduled loan (Restructured credit)) ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin dəyişdirilməsi və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditdir.
52. Kollegiya hesab edir ki, 02.06.2015-ci il tarixli saziş Cavabdeh1 həmin tarixə qalan 417 240,31 manat borcunun restrukturizasiya edilməsi, yəni ona müəyyən güzəşt olunması məqsədilə bağlansa da, borcun valyutasının dəyişdirilməsi sazişin məqsədinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.”
54. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış 02.06.2015-ci il tarixli saziş Cavabdeh1 həmin tarixdə 420 000 ABŞ dolları məbləğində kredit öhdəliyinin yaranmasına əsas verən razılaşma olaraq qiymətləndirilə bilməz. Belə ki, birincisi, qalıq kredit borcunun ABŞ dollarına konvertasiya edilməsi barədə Cavabdeh1 iradə bəyanı etdiyi (bu barədə müraciət ünvanladığı) müəyyən olunmamışdır; Mülki Məcəllənin 419.2-ci maddəsinə görə isə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta sazişin 2.1-ci bəndi banka Cavabdeh1 qalıq kredit borcunu ABŞ dolları ilə tələb etməyə imkan verən razılaşma kimi qiymətləndirilsə belə, bu halda həmin razılaşmaya Mülki Məcəllənin 420.2-ci maddəsi tətbiq edilməlidir. Bu maddi hüquq normasına əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
55. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, 02.06.2015-ci il tarixli saziş Cavabdeh1 həmin tarixə qalan 417 240,31 manat borcunun icra müddətinin (müqavilə müddətinin) və borca hesablanmalı olan faiz dərəcəsinin dəyişdirilməsinə xidmət edən razılaşma kimi qiymətləndirməli, onun bank qarşısındakı öhdəliyinin həcmi bu kontekstdə müəyyənləşdirilməlidir.
56. Hazırkı apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatı əsasında verilən ekspert rəyindən aydın olur ki, 02.06.2015-ci il tarixli saziş bağlandıqdan sonra Cavabdeh1 tərəfindən banka 68 107,37 ABŞ dolları ödəniş həyata keçirilmiş, həmin məbləğin 13 577,37 ABŞ dolları hissəsi əsas borca, 54 530 ABŞ dolları faiz borcuna silinmiş, müqavilə müddətinin sonuna, yəni 12.03.2016-cı il tarixinə 6864,03 ABŞ dolları faiz borcu yaranmışdır.
57. Cavabdeh1 02.06.2015-ci il tarixdə qalıq borcunun 417 240,31 manat olmasını, 02.06.2015-ci il tarixli sazişin isə bu borcun faiz dərəcəsinin və ödənilmə müddətinin dəyişdirilməsinə yönəldiyini nəzərə almaqla kollegiya hesab edir ki, müvafiq dövrdə ödənilərək əsas borcdan silinmiş 13 577,37 ABŞ dolları həmin dövrün məzənnəsinə uyğun şəkildə konvertasiya edilərək 417 240,31 manat borcdan çıxılmalı və Cavabdeh1 əsas borcunun qalığı müəyyənləşdirilməli, 12.03.2016-cı il tarixinə yaranmış 6864,03 ABŞ dolları faiz borcu da müvafiq qaydada konvertasiya olunaraq faiz borcu təsbit edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, 02.06.2015-ci il tarixindən sonra banka ödənilən vəsaitin 54 530 ABŞ dolları hissəsinin faiz borcuna silinməsi mövcud (qalıq) borcun müəyyənləşdirilməsi zamanı nəzərə alınmamalıdır – çünkü borcun hansı valyutada ifadə olunmasından asılı olmayaraq müvafiq faiz məbləği banka ödənilməli idi.
58. Beləliklə, Cavabdeh1 bankın xeyrinə 395 921,13 manat əsas (417 240,31 – 21 319,18 (13 577,37 ABŞ dolları x 1,5702 manat (həmin dövrün məzənnəsi) = 21 319,18 manat) = 395 921,13 manat)), 10 777,89 manat faiz (6864,03 x 1,5702 = 10 777,89) borcu tutula bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 cərimə hesablanmadığı ekspert rəyi ilə müəyyənləşdirilmişdir.
59. Kollegiya birinci iş üzrə iddianın, “ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
60. Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın ilkin və əlavə dövlət qeydiyyatı həyata keçirilmişdir.
61. İş materiallarından görünür ki, ipoteka saxlayan "xxxx" KB ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır.
62. Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən kollegiya hesab edir ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır.
63. Kollegiya onu da qeyd edir ki, kredit və ipoteka müqavilələrinə əlavələrdəki imzaların Cavabdeh1 məxsus olmadığı barədə Dəyanət Məsimovun nümayəndələrinin irəli sürdüyü hal apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə təkzib edilmişdir; həmin müqavilələri ipoteka saxlayan adından müxtəlif şəxslərin imzalamış olması isə, bankın bu müqavilələrə əsaslandığı (onları bəyəndiyi) nəzərə alındığında müqavilələrin etibarlılığına hər hansı təsir göstərmir.
64. Kollegiya iddianın, “mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun yaşayış sahəsindən məcburi qaydada çıxarılması” hissəsini də əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
65. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə təyin olunmuş və ipoteka predmetinin bazar qiymətinin 873 000 (səkkiz yüz yetmiş üç min) manat, likvid qiymətinin isə 785 000 (yeddi yüz səksən beş min) manat olması müəyyən edilmişdir. Kollegiya iddiaçı bankın əmlaka 858 000 manat qiymət qoyulmasını istədiyini və bu qiymətin qiymətləndirmə rəyi ilə müəyyənləşdirilən qiymətə nisbətdə ipoteka saxlayan üçün daha əlverişli olduğunu nəzərə almaqla hesab edir ki, əmlakın ilkin satış qiymətinin 858 000 manat müəyyənləşdirilməsi daha məqsədəmüvafiqdir.
66. Birinci iş üzrə yuxarıda əks etdirdiyi qənaətinə uyğun olaraq kollegiya, ikinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin gəldiyi nəticəni əsassız sayır və bununla bağlı həmçinin aşağıdakıları qeyd edir:
67. İptekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində göstərilmişdir və Cavabdeh2 "xxxx" QSC KB ilə bağladığı 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi üçün bu əsasların hər hansı biri mövcud deyildir.
68. Hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; Dəyanət Məsimovun etibarsız hesab edilməsini tələb etdiyi ipoteka müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu müəyyənləşdirilmişdir; iş materiallarından görünür ki, həm ipoteka müqaviləsi, həm də ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 02.06.2015-ci il tarixli saziş Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, Cavabdeh2 həyat yoldaşı hər iki halda müqavilənin (sazişin) bağlanmasına notarial təsdiqli razılıq vermişdir.
69. Müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu, xüsusilə Dəyanət Məsimovun irəli sürdüyü hal, yəni müqavilə bağlanarkən aldadıldığı isə ümumiyyətlə sübuta yetirilməmişdir.
70. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
71. Kollegiya həmçinin hesab edir ki, Dəyanət Məsimov tərəfindən müvafiq əqdin mübahisələndirilməsi üçün Malki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür.
72. Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
73. Xüsusilə nəzərə alınmalıdır ki, birinci işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən (2016-cı ildə) Cavabdeh1 və Dəyanət Məsimov tərəfindən kredit və ipoteka müqavilələrinin etibarsız sayılması, kredit ödənişinin milli valyuta ilə aparılmasının bərpa olunması barədə qarşılıqlı iddia tələbi irəli sürülmüş, sonradan həmin iddia geri götürülmüşdür.
74. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir.
75. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydə alınması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 75 (yetmiş beş) manat Cavabdeh1 alınaraq iddiaçı banka ödənilməli, birinci iş üzrə keçirilmiş ekspertiza xərcləri Cavabdeh2 tutularaq müvafiq hesablara köçürülməli, ikinci iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 aid edilməli, həmin iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat isə Cavabdeh2 alınaraq Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
76. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Ləğv prosesində olan QSC "xxxx" KB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-117/2017 saylı iş üzrə 25 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. QSC "xxxx" KB-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh1 395 921,13 (üç yüz doxsan beş min doqquz yüz iyirmi bir manat 13 qəpik) manat əsas, 10 777,89 (on min yeddi yüz yetmiş yeddi manat 89 qəpik) manat faiz faiz olmaqla cəmi 406 699,02 (dörd yüz altı min altı yüz doxsan doqquz manat 2 qəpik) manat kredit borcu, habelə ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydə alınması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 75 (yetmiş beş) manat ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, yaşayış evi açıq hərracdan satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 406 699,02 (dörd yüz altı min altı yüz doxsan doqquz manat 2 qəpik) manat kredit borcu, habelə ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydə alınması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 75 (yetmiş beş) manat ləğv prosesində olan QSC "xxxx" KB-nə ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 858 000 (səkkiz yüz əlli səkkiz min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m yaşayış, 206,3 kv.m yardımçı, 532,5 kv.m ümumi sahədən ibarət 11 otaqlı 16 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2 oradan çıxarılsın. QSC "xxxx" KB-nin iddia tələbləri qalan hissələrdə təmin olunmasın. Məhkəmə-mühasibatşünaslıq və xətşünaslıq ekspertizalarının xərci olan 500 (beş yüz) manat Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat isə Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3660/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh2 ləğv prosesindəki QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı "xxxx" QSC KB ilə arasında bağlanmış 13.09.2014-cü il tarixli 100/02/80674/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və həmin müqaviləyə edilmiş 02.06.2015-ci il tarixli 01 saylı əlavə sazişin etibarsız hesab edilməsi” tələbləri təmin olunmasın. Həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 aid edilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat isə Cavabdeh2 alınaraq Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev