Məhkəmə qərarları › İş №2(103)-450/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-450/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-450/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e-2(005)-1941/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları «X5» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 30000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1100820/30237 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 29956.19 manat əsas, 1904.37 manat faiz, cəmi 31860.56 manat borcun, həmçinin ödənilmiş 185.98 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 29956.19 manat əsas, 2446.22 manat faiz, cəmi 32402.41 manat borcun, həmçinin ödənilmiş 185.98 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 30000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022 ci il tarixli 1100820/30237 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 29956.19 manat, faiz borcu 1904.37 manat, cəmi 31860.56 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, bank tərəfdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e-2(005) 1941/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 29956.19 manat əsas, 2446.22 manat faiz, cəmi 32402.41 (otuz iki min dörd yüz iki manat qırx bir qəpik) manat pul məbləğinin və 185.98 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 472.1, 472.2, 739.1, 739.2, 743-cü maddələrinə eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və borc məbləğinin düzgün müəyyən edilərək, iddia tələblərinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, hər hansı bir araşdırma aparmadan, irəli sürülmüş dəlillərə düzgün hüquqi qiymət vermədən, borc məbləği düzgün müəyyənləşdirilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya olan əsas kredit və faiz borcunun müəyyən edilməsinin mülki iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından olduqca əhəmiyyətli olmasına baxmayaraq, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün verilmiş vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və borc məbləğinin düzgün müəyyən edilərək, iddia tələblərinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə - kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn) 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, «X5» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 30000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1100820/30237 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. İş materiallarında olan cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə cavabdehlərin 18 yanvar 2023-cü il tarixə banka gecikdirilmiş 1296.95 manat vaxtı keçmiş əsas və 438.34 manat vaxtı keçmiş faiz borcu vardır və vaxtı keçmiş borca illik 17% hesablanmaqdadır. Qeyd olunanlara əsasən 5 iş günü ərzində 1735.29 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 29956.19 manat asas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. İş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 ******* nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 29956,19 manat, faiz borcu üzrə 1904,37 olmaqla, cəmi 31860,56 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit hesabından çıxarışdan və ödəniş qəbzlərindən görünür ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 600 manat ödəniş edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilk olaraq 03 aprel 2023-cü il tarixli maliyyə arayışında əks olunan borcu tələb etmiş, lakin sonradan, yəni 10 may 2023-cü il tarixə tərtib edilmiş maliyyə arayışına istinad etməklə, iddia tələbinin həcmini artırmış və cavabdehlərdən həmin maliyyə arayışı ilə müəyyən edilmiş, əsas borc üzrə 29956,19 manat, faiz borcu üzrə 2446,22 olmaqla, cəmi 32404,41 manat kredit borcu tələb edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş 10 may 2023-cü il tarixə olan maliyyə arayışına istinad etmişdir. İşin müəyyən edilmiş hallarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xəbərdarlıq məktubu 19 yanvar 2023-cü il tarixdə tərtib edilməklə cavabdehlərə göndərilmiş və 5 iş günü ərzində 1735.29 manat gecikdirilmiş borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Bununla belə iddiaçı tərəf cavabdehlərin ödəniş etmədiyi halda 10 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bu zaman isə 1 ay fərqlə hazırlanmış maliyyə arayışlarına istinad etmişdir ki, həmin arayışlarda da tələb olunan məbləğlər arasında fərqlər müəyyən edilmişdir. Hazırda isə cavabdeh tərəf apellyasiya şikayətində borcun məbləğini mübahisələndirməklə, hesablanmış borcun reallığı əks etdirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həm hazırda iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarının tələbləri baxımından borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizasının təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/8723 nömrəli, 20 dekabr 2023-cü il tarixli rəydən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 «X5» ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 19 yanvar 2023-cü il tarixə (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə 29.956,19 manat, faiz borcu üzrə 828.59 manat; 10 may 2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixə): əsas borc üzrə 29.956,19 manat, faiz borcu üzrə 2.398,79 manat; 17 avqust 2023-cü il tarixə (qətnamə çıxarılan tarixə): 29.956,19 manat, faiz borcu üzrə isə 3.770,95 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri isə 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, göstərilən rəy tərtib edilərkən, maliyyə arayışı verilən tarixi ilə bildiriş (xəbərdarlıq) göndərilən tarix texniki səhvə yol verilməklə yazılmışdır. Belə ki, həmin rəydə maliyyə arayışı verilən tarix - 19 yanvar 2023-cü il, bildiriş (xəbərdarlıq) göndərilən tarix isə 10 may 2023-cü il göstərilmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdehlərə bildiriş-xəbərdarlıq məktubunun tarixi - 19 yanvar 2023-cü il, sonuncu maliyyə arayışının tarixi isə 10 may 2023-cü il olmuşdur. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək qeyd edir ki, kredit müqaviləsinə görə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Bununla da cavabdehin bank qarşısında borcu yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə əsas borc (bildiriş göndərilən tarixədək, maliyyə arayışı verilən tarixədək eləcə də qətnamə çıxarılan günədək) 29.956,19 müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən əsas kredit borcunun məbləği düzgün hesablanmışdır. Cavabdeh isə həmin məbləğin düzgün hesablanmaması barədə mötəbər sübutlar təqdim etməmişdir, bunun əksinə isə ekspert rəyi ilə əsas kredt borcunun məbləğinin 29.956,19 manat olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri - əsas kredit borcunun məbləği hissəsində əsassız olmuşdur və həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış – faiz borcunun məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən məbləğə uyğun olmamışdır. Belə ki, iddiaçı hazırda tələb etdiyi faiz borcunu 10 may 2023-cü il tarixli maliyyə arayışına əsasən tələb etsə də iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar edilməsi barədə 19 yanvar 2023-cü il tarixli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği məhz cavabdehə ünvanlanmış bildirişin tarixinədək hesablanmalıdır. Həmin tarixə də faiz borcu ekspert rəyi ilə 828,59 manat hesablanmışdır. Beləliklə də, ******* nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin faiz borcu ekspert rəyində müəyyən olunmuş 828,59 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini faiz borcuna münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu 828,59 manat müəyyən edilməli, digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2023 cü il tarixli, e- 2(005)-1941/2023 nömrəli qətnaməsi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu məbləği hissəsində dəyişdirilsin. 1100820 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 828,59 (səkkiz yüz iyirmi səkkiz manat, əlli doqquz qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar