Məhkəmə qərarları › İş №2(103)-4501/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4501/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4501/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, 19 may 2010-cu il tarixli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 İKB-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmənin eyni saylı, 16 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdehlər tərəfindən apellyasiya şikayətləri vaxtında verilmiş hesab edilərək baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, cavabdehlər Ə.Abdiyev və Cavabdeh2 verdikləri apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamənin surəti xx.xx.2010-cu il tarixli məktubla cavabdehlərin məhkəməyə məlum olan ünvanlarına poçt vasitəsilə göndərilmiş, Cavabdeh2 ünvanlanmış məktub “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, digər cavabdeh Ə.Abdiyevə ünvanlanmış məktuba dair poçt xəbərnaməsində isə “Tağıyeva” soyadı yazılmaqla qətnamə qəbul edilmişdir. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün xx.xx.2020-cu il tarixdə müvafiq İcra şöbəsinə göndərilmiş və icraata başlama barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmuş, 22 may 2023-cü il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və xx.xx.2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Mülki işdən göründüyü kimi qətnamə elan edildiyi gün, yəni 19 may 2010-cü il tarixdə cavabdeh E.Abdiyev məhkəmə prosesində iştirak etmiş, işin nəticəsi barədə məlumatlı olmuşdur. Bundan başqa, mülki işdə olan “Nikoyl İKB-nın birinci instansiya məhkəməsinə ünvaladığı xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilir ki, cavabdeh Ə.Abdiyev məhkəmə qətnaməsi çıxdıqdan sonra kredit müqaviləsi üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir. Birinci instansiya məhkəməsi isə qətnamənin surətini cavabdehlərin müvafiq ünvanları üzrə göndərməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə, cavabdehin borcundan müəyyən hissə ödəməsinə baxmayaraq, cavabdehlərin 13 ildən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehlərin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işlərini tələb edərək baxış keçirməmiş, qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, 169 may 2010-cu il tarixli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar