Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4505/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fondun adından həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Fondun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə tərəfindən imzalanmışdır. Fondun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə onun Fondun adından məhkəmə aktından verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasının müəyyən edilməsi üçün apellyasiya şikayətinə Fondun Problemli kreditlərlə iş İdarəsinin rəisi Elnur Quliyev tərəfindən imzalanmış və ona verilmiş 14.01.2021-ci il tarixli Vəkalətnaməni əlavə etsə də, Məhkəmə bildirir ki, Elnur Quliyevin bu kimi vəkalətnaməni vermək səlahiyyətinin olmasını təsdiq edən sənədlər məhkəmələrə təqdim edilməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Fondun adından Samir Muradzadənin imzaladığı apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməlidir. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi şikayəti geri qaytarmamışdır. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün şikayət mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4505/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4505/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver