Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-451/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(004)-2353/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6236,81 manat məbləğində əsas borc, 8805,18 manat məbləğində faiz borcu, 203,47 manat məbləğində cərimə borcu, ümumilikdə 15245,46 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında 09 aprel 2014-cü il tarixdə imzalanmış Baş sazişə əsasən cavabdehə 09 aprel 2014-cü il tarixdə illik 24,8 faiz olmaqla 36 ay müddətinə 6491 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə baş saziş və ona uyğun olaraq bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Saziş və razılaşmaya əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(004)- 2353/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6236,81 manat məbləğində əsas borc, 4372,31 manat məbləğində faiz borcu, 203,47 manat məbləğində cərimə borcu, ümumilikdə 10812,59 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutularaq, İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tələb olunan borc məbləği iddia tələblərində göstərildiyi kimi bir kredit müqaviləsi üzrə yaranmış borc deyil. Bunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış da təsdiq edir. Çıxarışda iddia tələbində istinad edilən Baş saziş üzrə vahid borc məbləğinin təsdiqini tapmadığı müəyyən olunur. Cavabdehin müxtəlif banklar qarşısında müxtəlif öhdəlikləri olmuş və həmin öhdəliklərin bir çoxu yerinə yetirilmişdir. Cavabdeh iddiaçı təşkilat qarşısında hansısa yerinə yetirilməmiş öhdəliyinin qalmasını istisna etmir, lakin hesab edir ki, onun bank qarşısında borcu çox kiçik rəqəmlərlə ifadə olunmalı idi. Hesab edir ki, məhkəmə tərəfindən borc məbləği düzgün müəyyən edilsə idi, hesablanmış faiz və cərimə məbləğinin azalacağı şəksiz olardı. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi X2 isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(004)- 2353/2020 saylı qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2012-ci il tarixli DK0108816/12 saylı baş sazişə əsasən bank tərəfindən müştəriyə cari hesab açılması və saziş çərçivəsində verilən bütün kreditlərin kart hesabı vasitəsilə aparılması üçün plastik kart təqdim edilməsi razılaşdırılmışdır. Sazişin 3.3cü bəndinə əsasən kartdan istifadə müddəti 60 ay təşkil edir və həmin müddətdə kart bankın mülkiyyəti sayılır. Bu maddədə qeyd edlən müddətin axımı kartın hazırlandığı tarixdən---07 sentyabr 2012-ci il tarixdən etibarən başlayır. Kartdan faktiki istifadə müddəti 1825 gün təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2012-ci il tarixli DK0108816/12 saylı baş sazişə əsasən, 09 aprel 2014-cü il tarixində bank borcalana sms krediti vasitəsilə 36 ay müddətinə illik 24% ödəmək şərtilə 6491 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya icraatı zamanı təyin olunub keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 24 yanvar 2022-ci il tarixli rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 09 aprel 2017-ci il tarixə əsas borcu 6227,75 manat, faiz borcu 4230,72 manat olmaqla ümumilikdə borcu 10458,47 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onun İddiaçı ASC-yə iddia ərizəsində qeyd olunan Baş saziş üzrə borcu yoxdur. Bu xüsusatın araşdırılması üçün həmin banka sorğu göndərilmiş, sorğuya cavab olaraq 26.11.2021-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Baş saziş 09.04.2014-cü il tarixdə yox, 06.10.2012-ci il tarixdə imzalanmış və müştəriyə kredit xətti açılmışdır. Həmin kredit xətti əsasında Cavabdeh 09.04.2014-cü il tarixdə sms krediti vasitəsilə 6491 manat kredit ayrılmışdır. (i.v.110) İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş 09.12.2021-ci il tarixli arayışa əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 06.10.2012-ci il tarixli R-BS-DK0108816 12 saylı razılaşma üzrə 09.04.2014-cü il tarixdə müştəriyə illik 24% olmaqla 36 ay müddətinə 6491 manat kredit verilmişdir. (i.v.121) İşdə olan balansdankənar məxaric orderindən görünür ki, 06.10.2012-ci il tarixdə Cavabdeh 1 ədəd Dostlar klubu qızıl kartı verilmişdir. (i.v.10) Cavabdeh izahatında ona belə bir kart verilməsini təsdiq etmişdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı ASC-də hazırkı iddia ərizəsində göstərilən kredit sazişi üzrə kredit götürmədiyini, iş materiallarında olan Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışın bu halı təsdiq etdiyini göstərmişdir. Lakin iş materiallarında olan Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, əvvəla həmin çıxarış 30.07.2013-cü il tarixdə tərtib olunmaqla ondan əvvəlki dövrdə alınmış kredit borclarını əks etdirir. Halbuki, hazırkı iş üzrə Cavabdeh 09.04.2014-cü il tarixdə, yəni çıxarışın tərtib olunduğu tarixdən sonra verilmiş kredit borcunun qaytarılması tələb olunur. Bundan əlavə, çıxarışda Cavabdeh müxtəlif tarixlərdə banklardan kredit götürməsi, kreditlər üzrə qalıq məbləğinin 10041,49 manat, kredit xətləri üzrə qalıq məbləğinin 1692,77 manat, aktiv kreditlərin cəmi qalıq məbləğinin 11734,26 manat olması qeyd olunmuşdur. (i.v.87) Cavabdeh izahatında da sonuncu dəfə İddiaçı ASC-dən atası tərəfindən onun adına götürülmüş 3300 manat məbləğində kreditin ödənilmədiyini göstərmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh adına verilmiş bank hesabından çıxarışdan görünür ki, 09.04.2014-cü il tarixdə ona 6491 manat məbləğində kredit ayrılmış, həmin kreditin 2058,89 manat hissəsi Dostlar klubu kartına köçürülmüş, 156 manat pul kreditin rəsmiləşdirilməsi üçün komissiya kimi tutulmuş, 4276,11 manat isə kreditin ödənilməsinə yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 09.04.2014-cü il tarixdə 6491 manat məbləğində kredit ayrılmış, Cavabdeh tərəfindən banka 29.11.2016-cı il tarixədək 263,25 manat məbləğində əsas borcdan, 261,64 manat isə faiz borcundan olmaqla cəmi 524,89 manat ödəniş aparılmış, müqavilə müddətinin başa çatdığı 09 aprel 2017-ci il tarixə onun əsas borcu 6227,75 manat, faiz borcu 4230,72 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(004)-2353/2020 saylı qətnaməsi əsas borc və faiz borcun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh banka olan əsas borc və faiz borcu azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(004)- 2353/2020 saylı qətnaməsi əsas borc və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulan əsas borcun məbləği 6227,75 manat, faiz borcunun məbləği 4230,72 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-451/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-451/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver