Məhkəmə qərarları › İş №2(103)-4512/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4512/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4512/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(010)- 1447/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş 25.06.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 160 manat alimentin miqdarının artırılaraq hər ay 175 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-1447/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30.01.2008-ci il tarixdə rəsmi nikahları pozulmuşdur. Birgə nikahda olduqları müddətdə 25.06.2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.10.2019cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Hal-hazırda cavabdehlə ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar. Uşağın ehtiyaclarını təkbaşına ödəmək onun üçün çox çətindir. Cavabdeh bir ata kimi övladının qayğısına qalmır və öz vəzifələrini laiqincə yerinə yetirmir. Ona görə də alimentin miqdarının artırılması zəruridir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək 160 manat müəyyən edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşmanın olmasına dair sübut təqdim edə bilsəydi ondan sabit pul məbləğində deyil, gəlirlərinin ¼ hissəsi məbləğində aliment tələb edərdi. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi hissəsinə gəlincə uşaq artıq 15 yaşına çatır və onun tələbatları artır, müəyyən qiymətlərin artımı baş verir. 2021-ci il üçün 175 manat yaşayış minimumu müəyyən edilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alılr. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrini rəhbər tutaraq göstərmişdir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində uşağın 15 yaşına çatması, tələbatının daha da artması, bu səbəbdən uşağa təkbaşına baxa bilməməsi, cavabdehin gəliri barədə məlumat ala bilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı maddənin məzmununa görə, alimentin dəyişdirilməsi şərti kimi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması nəzərdə tutulmuşdur ki, iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Belə ki, tərəflərin birgə nikahdan bir övladları var. İddiaçı uşağın 15 yaşına çatmasını maddi vəziyyətinin pisləşməyə doğru dəyişməsi kimi göstərmişdir. Məhkəmə kollegiyası isə qeyd edir ki, uşaq artıq azyaşlı deyil, xüsusi baxıma ehtiyacı yoxdur. Həmçinin ana da əmək qabiliyyətli şəxsdir və uşağın yaşı kifayət qədər olmaqla onun müstəqil gəlir əldə etməsinə imkan yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İnqilab qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar