Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4514/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: maddi ziyan, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdehlərdən "xxxx" MMC-nin nümayəndəsi (vəkili) X2 və "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 sentyabr 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Bu barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olmuş, 24 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdehlər sığortaçı “Atəşgah Həyat’ Sığorta Şirkəti ilə sığortalı "xxxx" MMC arasında AH**********-005 saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi bağlanmışdır. İddiaçının atası həmin müqaviləyə AH**********/5 saylı Əlavə əsasında sığorta şirkətində sığorta olunmuşdur. Müqaviləyə əlavə üzrə ödənilməli olan sığorta haqqı xx.xx.2021-ci il tarixdə ödənilmiş və əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. Sığorta müqaviləsi ilə sığorta haqqının müəyyən edilmiş növbəti hissəsinin ödənilməsi müddəti ərzində sığorta haqqı ödənilməmiş və baş vermiş hadisəyə görə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC və "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, vurulmuş maddi ziyana görə 102142,77 manat və 15 iyun 2022-ci il tarixdən qətnamə icra edilən günədək hər gün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vəfat etmiş işçisi Bayramov Ramiz Tapdıq oğlunun son haqq-hesabından qalan 1000 manat pulu və gecikdirilmiş günlər üçün 6176,06 manat pulun iddiaçının xeyrinə tutulması, məhkəmə məsrəfləri kimi ödədiyi 1400 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC digər cavabdeh "xxxx" Sığorta Şirkəti ASC ilə işçinin sığortası barədə müqavilə bağlasa da, müvafiq ödənişlər etməmiş, qeyd olunan qanunsuz hərəkətlər nəticəsində həlak olmuş işçinin varisləri ala biləcək sığorta haqqını ala bilməmişlər. Bununla da, cavabdeh "xxxx" MMC iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən işçinin vəfatı ilə əlaqədar son haqq-hesabın ödənilməsi tam şəkildə həyata keçirilməmişdir. Məhz buna görə cavabdehdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət etmiş, nəticədə cavabdeh inzibati qaydada cərimə edilmiş, üzərinə iddiaçının xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuşdur. Həmin məbləğin 500 manatı ona xx.xx.2021-ci il tarixdə ödənilib, qalan 1934 manatdan 934 manat pulu 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir. Hər gecikdirilmiş günə məbləğin 1 faizini hesabladıqda cəmi 5.976,06 manat edir (1934 x 309=5.976,06). Qalan 1000 manat bugünədək ödənilməmişdir. xx.xx.2022-ci ildən iddia ərizənin verildiyi xx.xx.2022-ci il tarixə kimi gecikmiş günlərin sayı 20 gün təşkil edir. 1000 manatın 20 faizi 200 manat təşkil edir. Beləliklə, cavabdeh "xxxx" MMC-dən işçinin son haqq-hesabından qalan 1000 manat pul və gecikdirilmiş günlər üçün 6176,06 manat pul tutulmalıdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-81/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin əvəzi kimi 4800 manat, gecikdirilmiş müddətə görə 2886,06 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 883.1, 884.5, 897.3, 903, 922.2, 935.1-ci maddələri, Əmək Məcəlləsinin 9-cu maddəsi, 74-cü maddəsinin “e” bəndi, 172-ci maddəsinin 4, 5-ci hissələri, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 15.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir.
7. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etmədiyi hissədə maddi hüquq normalarının tələblərini pozmuşdur. Ən əvvəl qeyd edilməlidir ki, məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin qanun pozuntularına yol verməsini və bununla da iddiaçı tərəfə zərər vurduğunu, delikt törətməsini konkret göstərməmişdir. Yalnız qətnamənin nəticə hissəsində cavabdehdən tutulan pulun dəymiş zərərin əvəzi olması göstərilmişdir. Yuxarıda qeyd edilən hal ona görə mühüm əhəmiyyət kəsb edir ki, delikt törətmiş şəxs vurduğu zərərin əvəzini tam ödəmək vəzifəsi daşıyır. Belə olan halda, məhkəmə iddianı tam təmin etməli idi ki, istinad edilən maddi hüquq normalarına istinad düzgün deyildir və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə iddiaçının atasının ölməsi hadisəsinin sığorta hadisəsi olmadığını əsas gətirərək, dəbbə pulunun sığorta qanunvericiliyi ilə nəzərdə tutulan qaydada hesablanması qaydasını hazırkı mübahisədə istisna etmişdir. Halbuki, cavabdeh "xxxx" MMC delikt törətməklə vurduğu zərərin əvəzini tam ödəmək, o cümlədən sığorta qanunvericiliyi ilə nəzərdə tutulan ödəmələri icra etmək vəzifəsi daşıyır. Məhkəmə yalnız iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə rəydəki nəticəyə əsaslanaraq iddianın qismən rədd edilməsi nəticəsinə gəlib. Halbuki, həmin rəy məhkəmənin təqdim etdiyi suallar və faktiki hallara əsaslanıb. Göründüyü kimi, həm ekspert, həm cavabdehlər, həm də məhkəmə iddiaçının atasının 400 manat əmək haqqı aldığını qeyd ediblər. Halbuki, həmin məbləğ iddiaçının atasının yeni vəzifə və aylıq maaşı üzrə orta əmək haqqına münasibətdə düzgün müəyyən edilməmişdir və bu hal işdə olan ödəniş tapşırıqları ilə müəyyən olunur. Qeyd olunanlardan savayı, məhkəmə xərcləri də düzgün hesablanmamışdır. Belə ki, məhkəməyə hüquqi yardımla bağlı ödəniş qəbzi təqdim edilmiş, lakin nəticədə həmin xərclə bağlı qərar qəbul edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
10. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. - 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. - 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.4-cü maddəsinə əsasən, Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.6-cı maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -935.1 və 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 9-cu maddəsinə əsasən, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarından biri kimi təsbit edilmişdir. 13. 15.1 və 15.2-ci maddələrinə əsasən, sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətini şifahi bildirir. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın.
14. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun:
-4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. -7.2-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək... Sığortalının vəzifələri kimi müəyyənləşdirilmişdir. –11.6-cı maddəsinə əsasən, icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnaməni apellyasiya qaydasında yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı da həmin hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
18. İşdən göründüyü kimi, "xxxx" Sığorta Şirkəti ASC iddiaçının atasının ölümü ilə əlaqədar olaraq müvafiq sığorta ödənişini verməkdən imtina etmiş və bunu sığortalı ("xxxx" MMC) tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin hadisə baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmışdır.
19. Mülki Məcəlləyə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir (maddə 903.4).
20. Yuxarıda sadalanan normalardan da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Sığorta haqqı cavabdeh "xxxx" MMC tərəfindən 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və bundan sonra müqavilə üzrə əlavə qüvvəyə minmişdir. Qanunvericiliyə əsasən, "xxxx" MMC, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyır. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə isə həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
21. İddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 9/8237 saylı ekspert rəyinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan Bayramov Ramiz Tapdıq oğlunun orta aylıq əmək haqqının on iki misli məbləği nəzərə alınmaqla hesablama aparılmışdır. Belə ki, sığortaolunanın orta aylıq əmək haqqı 400 manat təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki mislinin - birdəfəlik sığorta ödənişi məbləğinin 4800 (dörd min səkkiz yüz) manat təşkil etməsi müəyyən edilmişdir.
22. Birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğin həddini müəyyən edərkən haqlı olaraq ekspert rəyini əsas götürərək vurulmuş zərərin əvəzi kimi 4800 (dörd min səkkiz) manat pul vəsaitinin "xxxx" MMC-dən iddiaçının xeyrinə ödənilməsi barədə nəticəyə gəlmişdir.
23. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının atasının vəfat etməsi sığortalı və sığorta şirkəti arasında bağlanmış müqavilənin qüvvədə olmadığı müddətdə baş vermişdir. Bu səbəbdən sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və iddiaçıya ödəniləcək məbləğ sığorta ödənişi kimi deyil, cavabdeh şirkət tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməlidir.
24. Hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlunun sığorta olunduğu AH**********/5 saylı Əlavə üzrə ödənilməli olan sığorta haqqı 15 dekabr 2021-ci il tarixdə ödənilmiş və nəticədə Əlavə bu tarixdən sonra qüvvəyə minmişdir. İddiaçının atası Bayramov Ramiz Tapdıq oğlu isə 04 dekabr 2021-ci il tarixdə, yəni AH**********/5 saylı əlavə qüvvəyə minməmişdən qabaq bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Göründüyü kimi, 04 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə “Əlavə”nin qüvvəyə minmə tarixindən əvvəl baş vermişdir.
25. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalı olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir.
26. Eyni zamanda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsində də sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal kimi müəyyən edilmişdir.
27. Qeyd olunan normaların məzmunundan göründüyü kimi bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün bu hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri şərtdir. Hazırkı mübahisə üzrə hadisə, yəni Ramiz Bayramovun ölümü isə 04 dekabr 2021-ci ildə baş verdiyindən və ona münasibətdə ümumi icbari sığorta müqaviləsi yalnız 15 dekabr 2021-ci il tarixdə qüvvəyə mindiyindən həmin hadisə hazırkı işdə sığorta hadisəsi hesab oluna bilməz.
28. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilmədiyindən digər cavabdeh “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi vermək öhdəliyi olmamış və sığorta ödənişi verməkdən imtina etməsi əsaslı olmuşdur. Bu səbəbdən digər cavabdeh “Atəşgah Həyat’ Sığorta Şirkəti iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır. Eyni zamanda “İcbari sığortalar haqqında” AR Qanununun 18.2-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsinın əsası da yoxdur.
29. İddia tələbinin üçüncü hissəsi - Bayramov Ramiz Tapdıq oğlunun son haqqhesabından qalan 1000 manat pulun ödənilməsi – ilə bağlı Kollegiya hesab edir ki, iddiaçı bildirmişdir ki, cavabdehin üzərinə onun xeyrinə 2434 manat pulun ödənilməsi öhdəliyi qoyulmuş, həmin məbləğin 500 manat hissəsi xx.xx.2021-ci il tarixdə, qalan 1934 manatdan 934 manat hissəsi 309 gün gecikməklə xx.xx.2022-ci ildə ödənilmişdir.
30. Bununla belə, cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından (mülki iş v. 94-98) görünür ki, "xxxx" MMC tərəfindən “Kapital Bank” Xətai filialına xx.xx.2021-ci il tarixdə əmək haqqı təyinatı ilə cəmi 32058 (Fərzəliyev Oruc - 4900; Əliyev Zeynalabdin - 4918, Fərzəliyev Məhərrəm - 6920, Rəhimov Rafiq – 6920; Hüseynov Əvəz- 1500; Bayramov Ramiz Tapdıq oğlu – 1500; Nəzirov Nəsib – 3000; Həsənov İntiqam – 1400; Dadaşov Tərxan – 1000) manat, xx.xx.2022-ci il tarixdə əmək haqqı təyinatı ilə 29184,6 (İbrahimov Eldar - 3000; Fərzəliyev Ələddin – 2000; Quliyev Nəsimi – 1400; Amrahov Rafael – 1000; Nəzirov Nəsib – 250; Fərzəliyev Məhərrəm – 8000; Rəhimov Rafiq – 8000; Bayramov Ramiz Tapdıq – 934,6; Dadaşov Tərxan – 2000; Fərzəliyev Orucəli - 2600) manat ödəniş edilmişdir.
31. Məhkəmə iclasında şahid qismində ifadə verən "xxxx" MMC-nin mühasibi vəzifəsində işləyən X1 bildirmişdir ki, məhkəmə prosesi başlamamışdan əvvəl son haqqhesab məbləği həmin şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin, cavabdeh mərhumun yas mərasiminə aid bütün xərcləri çəkmiş və kart hesabına da 1.500 manat köçürmüşdür. Cavabdeh "xxxx" MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, dekabr ayına 181.00 manat əmək haqqı məbləğilə son haqq hesab cədvəlinə əsasən Əmək Məcəlləsinin 77.7 maddəsini əsas tutaraq son 2 ayın əmək haqqından orta əmək haqqı məbləği təyin edilərək 3 misli məbləğində 2253.60 manat məbləği toplanaraq, cəmi borc məbləğindən (2434.60 manat) işçinin əmək haqqı - bank kartına ödənilmişdir. Bundan başqa, müəssisə mərhum X4 ailəsinə hörmət əlaməti olaraq dəfn xərclərini və məzarüstü daşını öz üzərinə götürmüş və 8000 manat civarında vəsait xərcləmişdir.
32. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 2434 manat ödənilməli olduğunu, həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 500 (manat) ödəniş edildiyini bildirsə də, işəgötürən təşkilat tərəfindən bank vasitəsilə iddiaçının atası Bayramov Ramiz Tapdıq oğlunun hesabına (**********827*****07) xx.xx.2021-ci il tarixdə 1500 (min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə isə 934,6 (doqquz yüz otuz dörd altmış qəpik) manat olmaqla, cəmi 2434,6 (iki min dörd yüz otuz dörd manat altı qəpik) manat ödəniş edilmişdir. Belə olan halda Kollegiya iddia tələbini bu hissədə əsassız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
34. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.