Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4517/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1479/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-15446İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır.
2. Ümumi şərtlər toplusu çərçivəsində 0064075AZN05899 saylı, xx.xx.2019-cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26.00%, illik cərimə faizi 180% olmaqla, 2.000 manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir.
3. Ümumi şərtlər toplusu çərçivəsində AVNS 829 saylı, xx.xx.2019-cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20.00%, illik cərimə faizi 24% olmaqla, 200 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit xətti açılmışdır.
4. Borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 997 gün və AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 391 gün təşkil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh 10064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.403,56 manat əsas borc, 361,98 manat faiz borcu, 2.752,68 manat cərimə borcu olmaqla, cəmi 4.518,22 manatın, AVNS 829 (41010AZNFK**********) saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas borc, 16,43 manat faiz borcu, 58,13 manat cərimə borcu olmaqla, cəmi 274,57 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-15446İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən ümumi şərtlər toplusu çərçivəsində 0064075AZN05899 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26.00%, illik cərimə faizi 180% olmaqla 2000 manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. Ümumi şərtlər toplusu çərçivəsində AVNS 829 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20.00%, illik cərimə faizi 24% olmaqla 200 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 997 gün və AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 391 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında borcu: 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.403,56 manat əsas borc, 361,98 manat faiz borcu, 2.752,68 manat cərimə borcu olmaqla, cəmi 4.518,22 manat; AVNS 829 (41010AZNFK**********) saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas borc, 16,43 manat faiz borcu, 58,13 manat cərimə borcu olmaqla, cəmi 274,57 manat təşkil edir. Ümumi şərtlər toplusuna əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Eyni zamanda Ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 68 manat dövlət rüsumu ödəmişdir.
7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizəsində qeyd etmişdir ki, onunla İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsinə görə 2.000 manat və 200 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə vaxtlı-vaxtında yerinə yetirib. 2020-ci il tarixdə baş verən Covid-19 pandemisiyası zamanı işdən çıxmış və bundan sonra öhdəliklərini üzrlü səbəbə görə yerinə yetirə bilməmişdir. Banklar haqqında qanununun 1.0.9-maddəsinə əsasən “Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Göründüyü kimi, verilmiş kredit üzrə faiz hesablanması nəzərdə tutulub, amma cərimə faizinin hesablanması nəzərdə tutulmamışdır. Həmçinin bank bazarda olan tutduğu üstün mövqeyi nəzərə alaraq, müqaviləyə əsassız olaraq, həm də cərimə faizinin məbləğini yüksək yazmışdır. Kredit verilən vaxt borclunun həmin faiz dərəcəsinin dəyişdirmək imkanı olmur, digər tərəfdən kredit götürən zaman o bilə bilməzdi ki, pandemiya başlayacaq, bir çox iş yerləri bağlanacaq və onu məcburi işdən azad edəcəklər və öhdəliyini yerinə yetirə bilməyəcək. Lakin, iddiaçı çox ağır şərtlərlə kredit üzrə cərimə hesablamışdır. Digər tərəfdən AR Mərkəzi bank tərəfindən qoyulmuş tələbə əsasən istehlak kreditləri üzrə verilmiş kredit üzrə effektiv faiz dərəcəsi 29 faizdən çox olmamalıdır. İddiaçı bu normanı da pozmuşdur. İddiaçının iddia tələbinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə faizi hissəsində etiraz edir və bildirir ki, digər AVNS krediti üzrə isə öhdəliyi iddiaçının tələbi həcmindədir.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1479/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.H.Mirzəyeva) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 1.403,56 manat əsas, 361,98 manat faiz, 50 manat cərimə olmaqla, cəmi .1815,54 manat; xx.xx.2019-cu il tarixli, AVNS 829 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 236,44 manat borcun, ümumilikdə, cəmi 2.051,98 məbləğində pul vəsaitinin və ödənilmiş 68 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
10. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borca görə 1.403,56 manat və 361,98 manat faiz; AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə həmin borcu əsaslı hesab edib təmin etmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.
12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 50 manat, AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467, 739.1, 739.2-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,752.68 manat və AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 58.13 manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 997 gün və AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 391, maliyyələşdirmə üçün ərizə üzrə 560 gün olduğundan cərimə məbləğinin müvafiq olaraq 50 və 20 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq həmin dövrdə pandemiya olduğu üçün işləmədiyini bildirdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni cərimə borcunun təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 50 manat, AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 20 manat tutululması, iddia tələbinin cərimə ilə bağlı qalan hissədə təmin edilməməsi barədə qənaətə gəlmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan cərimə borcunun əsas borca münasibətdə mütənasib olmadığından onun miqdarını azaltmaqda haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kreditorun pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə məhkəməyə gec müraciət etməsi əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artması ilə nəticələnmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1479/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.