Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4519/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Elbrus oğlunun cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiа ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(006)-4337/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Elbrus oğlu cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh orqan “xxxx” BOKT MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, 03 fevral 2016-cı il tarixli və 16 mart 2016-cı il tarixli kredit müqavilələri üzrə yaranmış borcun hesablanaraq tərəfindən cavabdeh BOKT-a ödənilməsi və hər iki müqavilə üzrə girov qoyduğu ümumi çəkisi 95,60 qram (63,70+31,90 qram) olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağının (çəkisi 3,00 qram) özünün, olmadıqda isə real bazar dəyərinin eləcə də tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” BOKT MMC-dən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kredit götürmək məqsədi ilə 03 fevral 2016-cı il tarixdə cavabdeh “xxxx” BOKT MMC-nin Ağdaş filialına müraciət etmişdir. Cavabdeh “xxxx” BOKT MMC-nin Ağdaş filialı ilə aralarında bağlanmış VF/08615 saylı, 03 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehdən illik faiz dərəcəsi 29 faiz olmaqla 24 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, 03 fevral 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş “xxxx” BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən o, ümumi çəkisi 63,70 qram olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram), 2 ədəd qolbağı (çəkisi 16,7 qram), 1 ədəd komplekt (çəkisi 9,2 qram) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram), cavabdeh orqanın Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. Bütün bunlardan sonra cavabdehdən kredit müqaviləsinədə göstərilmiş 1000 ABŞ dolları ona verilmişdir. Bundan başqa cavabdehlə aralarında bağlanmış 16 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehdən illik faiz dərəcəsi 29 faiz olmaqla 555 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülmüş kreditin müqavilədə göstərilən şərtlər daxilində vaxtında qaytarılmasının təminatı kimi cavabdeh ilə aralarında girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, 16 mart 2016-cı il tarixdə iştirakları ilə, eləcə də qiymətləndiricinin iştirakı ilə tərtib edilmiş “xxxx” BOKT MMC-nin girov qoyulmuş qiymətlilərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktına əsasən o, ümumi çəkisi 31,90 qram olan 1 ədəd komplekt (çəkisi 11,80 qram), 1 ədəd komplekt (çəkisi 11,20 qram), 2 ədəd üzük (çəkisi 5,90 qram), 1 ədəd boyunbağı (çəkisi 3,00 qram) cavabdehin Ağdaş filialının müdiri Elçin Həsənova təhvil vermişdir. Bütün bunlardan sonra cavabdehin Ağdaş filialından kredit müqaviləsinədə göstərilmiş 555 ABŞ dolları ona verilmişdir. cavabdehin Ağdaş filialından götürdüyü krediti müqaviləyə əlavə edilmiş qrafik üzrə arada gecikmələr olmaqla 2016-cı ilin oktyabr ayına kimi qaytarmışdır. Ödənişdə gecikmələr olduğuna görə E.Həsənov şifahi formada ona demişdir ki, krediti vaxtında ödəməsə qızıllarını bank satacaqdır. O isə bildirmişdir ki, tezliklə kreditin ödəniş qrafikini tamamlayacaq, əgər ödəyə bilməsə krediti qızıllara yönəldər və qalan məbləği ona qaytararlar. 2016-cı ilin oktyabr ayında o, kredit müqavilələri üzrə qalıq borcunu tamamilə ödəyərək girov qoyduğu qızıl-zinət əşyalarını geri götürmək istəyən zaman cavabdehin Ağdaş filialında ona bildirmişlər ki, filialda filialın müdiri tərəfindən pul vəsaitlərinin və girov qoyulmuş qızıl-zinət əşyalarının mənimsənilməsi faktı olduğundan borcunu qəbul edərək girov qoyduğun qızıl-zinət əşyalarını qaytarmaq mümkün deyildir. Hazırkı bank nümayəndələri tərəfindən ona bildirilmişdir ki, onun 03 fevral 2016-cı il tarixli müqaviləyə əsasən BOKT-a 594 ABŞ dolları, 16 mart 2016-cı il tarixli müqaviləyə görə isə 291 ABŞ dolları borcu vardır. Lakin o, borcu bu həddə qəbul etmir, bu şişirdilmiş borcdur, faiz və cəriməni şişirdiblər. Dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı cənab Prezidentin Sərəncamı vardır, həmin Sərəncama görə onun BOKT-a cüzi borcu qalıbdır. Belə ki, ona sms xəbərdarlığı gəlmişdir, həmin xəbərdarlığa görə ona 600 ABŞ dolları pul ayrılmışdır. Həmin vaxt BOKT-a yaxınlaşmış, əməkdaş demişdir ki, hələ bu məsələ dondurulub. Mənimsəmə ilə bağlı cinayət işi araşdırılarkən əmanət qoymuş bəzi şəxslərin qızılları aşkar olunub qaytarılsa da, onun qızıllarından heç bir xəbər olmamışdır. Onun girov qoyduğu qızılların 11,80 qramı 750 əyarlı, qalan 83,80 qramı isə 583 əyarlı olmuşdur. Nəzərə alınsa ki, 750 əyarlı qızılın bir qramının satış qiyməti 90 manat, 583 əyarlı qızılın bir qramının satış qiyməti 70 manatdır, bu qayda ilə hesablanmaqla cavabdehin ona olan borcu ödənilməlidir. Göründüyü kimi, cavabdeh “xxxx” BOKT MMC aralarında bağlanmış kredit və girov müqavilələrinin şərtlərini kobud şəkildə pozmaqla tərəf kimi onun hüquqlarını pozmuşdur. Cavabdeh “xxxx” BOKT MMC ilə aralarında yaranmış mübahisənin qarşılıqlı razılaşma ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etməyinə zərurət yarandığından ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(006)-4337/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “xxxx bank olmayan Kredit Təşkilatı” MMC-yə qarşı borcun ödənilməsi və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə işə məhkəmədə baxılan zaman da etibarnamə üzrə nümayəndəsi və vəkil tərəfindən dəfələrlə cavabdehə qalıq borcunun tamamilə ödənilməsi təklif olunmuş, hətta bunun üçün məhkəmə tərəfindən onlara kredit ödənişinin həyata keçirilməsi üçün vaxt verilmiş, lakin cavabdehin işdə iştirak edən nümayəndəsi kredit ödənişini qəbul etməkdən imtina etmiş və bunu məhkəmədə bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz, etsə də. etirazını əsaslandırmamış, təklifindən imtinanın səbəblərini göstərməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Şəki Apellyasiya Məhkəməsinin Qərarında onun girov qoyduğu qızılların Elçin Həsənov tərəfindən mənimsənilməsi təsdiq olunmuş, həmin qızılların mənimsənilməsi cavabdehə dəymiş ziyan kimi tanınmış və həmin cinayət işi üzrə cavabdehin mülki iddiasına əsasən cavabdehə qaytarılmasına hökm edilmişdir. Qanuni qüvvəyə minmiş həmin hökmə əsaslanaraq hesab edir ki, hər iki müqavilə üzrə qalıq borcun tərəfindən tamamilə ödənilməsi mövqeyini bildirdiyinə və ödəməyə hazır olduğuna görə cavabdeh həmin borc ödənildikdən sonra girov qoyulmuş qızıl-zinət əşyalarını, onlar olmadığı təqdirdə dəyərini hazırki bazar qiyməti ilə ona ödəməyə borcludur. Belə ki. həmin girov qoyulmuş qızıl zinət əşyalarının itməsinə, məhv edilməsinə, mənimsənilməsinə və ya başqa formada özgəninkiləşdirilməsinə görə cavabdeh məsuliyyət daşıyır. İşə baxan məhkəmə bütün yuxarıda göstərdiyi işin həqiqi hallarını, müqavilələr üzrə tərəf kimi müqavilənin şərtlərinə əməl etməklə hər iki müqavilə üzrə qalıq borcunu tam ödəmək və girov qoyduğu qızıl-zinət əşyalarını geri almaq istəyini, lakin, cavabdehin bundan imtinasını nəzərə almamış, cavabdehin iddia tələbinə etirazının səbəblərini və qalıq borc ödənilməklə qızıl-zinət əşyalarının qaytarılmasından hansı səbəblərdən imtinasını hər tərəfli araşıdırmamışdır. Onun cavabdeh təşkilata qalıq borcunu ödəmək istədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyini əsas götürərək iddia tələbinin rədd edilməsinə dair məlum qətnaməni qəbul etməklə yalnız cavabdeh tərəfin mənafeyini müdafiə etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, girov müqaviləsinə əlavə olan 03.02.2016-cı il tarixli “xxxx BOKT” MMC-nin girov qoyulmuş qiymətlərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı Elbrus oğlu 906 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 63,70 qram və ümumi dəyəri 833 manat olan 2 ədəd boyunbağını (çəkisi 28,6 qram, dəyəri 364 manat), 2 ədəd qolbağı (çəkisi 16,7 qram, 208 manat), 1 ədəd komplekt (çəkisi 9,2 qram, dəyəri 130,50) və 3 ədəd üzüyü (çəkisi 9,2 qram, dəyəri 130,50) direktor X5 təhvil vermişdir. Girov müqaviləsinə əlavə olan 16.03.2016-cı il tarixli “xxxx BOKT” MMC-nin girov qoyulmuş qiymətlərin dəyərlərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, İddiaçı Elbrus oğlu 555 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə ümumi çəkisi 31,90 qram və ümumi dəyəri 555 manat olan 1 ədəd komplekt (çəkisi 11,80 qram, dəyəri 247,80), 1 ədəd komplekt (çəkisi 11,20 qram, dəyəri 168 manat), 2 ədəd üzük (çəkisi 5,90 qram, dəyəri 91,20 manat), 1 ədəd boyunbağını (çəkisi 3,00 qram, dəyəri 48 manat) direktor X5 təhvil vermişdir. 03.02.2016-cı il tarixli, 7216 saylı kassa məxaric orderindən görünür ki, “xxxx BOKT” MMC tərəfindən sonuncu tərəfindən İddiaçı Elbrus oğluna 906 ABŞ dolları məbləğində kredit verilmiş və qeyd olunan məbləğ təhvil alınmışdır. 03.02.2016-cı il tarixli, 08615 saylı kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, “xxxx BOKT” MMC tərəfindən İddiaçı Elbrus oğluna 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 906 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər gecikdirilən gün üçün gecikən əsas məbləğə 1% gündəlik cərimə hesablanır. “xxxx” MMC-dən 12.10.2020-ci il tarixli Çıxarışındakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Elbrus oğlunun 03.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 906 ABŞ dolları, kreditin qalıq məbləği 460,29 ABŞ dolları, faiz məbləği 83,24 ABŞ dolları, 16.03.2016cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 555 ABŞ dolları, kreditin qalıq məbləği 251,60 ABŞ dolları, faiz məbləği 39,17 ABŞ dolları təşkil etmişdir. “xxxx “ BOKT tərəfindən 004 saylı 21.01.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, E.Həsənovla bağlanmış kredit müqavilələri üzrə BOKT qarşısında heç bir borc öhdəliyi yoxdur. Həmçinin kredit müqavilələri üzrə girov qoyulmuş qızıl-zinyət əşyalarının qiymətləndirilməsi və təhvil-təslim aktı ilə girov qoyulmuş əmlaklar E.Həsənova təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, girovla təmin olunmuş əsas öhdəlik iddiaçı tərəfindən icra edilməmişdir. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçı götürdüyü kredit borcunu 3 ay ödədikdən sonra tam ödəyə bilməmiş, ona görə də BOKT-un əməkdaşı olan Elçin Həsənovun yanına gedərək girov qoyduğu qızıl-zinət əşyalarının müqabilində kredit müqaviləsi üzrə yaranmış öhdəliyin tam icra edilmiş hesab edilməsini xahiş etmişdir. Bu fakt həmçinin məhkəmə baxışı zamanı iddiaçı tərəfin verdiyi izahatlardan da müəyyən edilir. Göründüyü kimi girov müqaviləsinə əsasən girov qoyan (iddiaçı) girov müqaviləsi ilə təmin edilmiş əsas öhdəliyi, yəni götürdüyü pulun qaytarılmasına dair vəzifəsini lazımi qaydada icra etməmişdir. Məhkəmə girovla təmin edilmiş öhdəliyə xitam verilməməsi girov predmetinin qaytarılmasını istisna etdiyinə əsaslanaraq hesab edir ki, hazırki iddia təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, girov saxlayan ona verilmiş girov predmetinin salamatlığı üçün məsuliyyət daşıdığından girov qoyan-iddiaçı, girov predmetinin dəyərində zərərin ödənilməsi tələbinə dair iddia ilə əsas öhdəlik tam icra edildikdən sonra məhkəməyə müraciət etmək hüququna malikdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2018-ci il tarixdən hesablanması, E.E.Həsənov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zasından həbs edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətdə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş 2 il müddətinə şamil edilməsi, əlavə cəzanın müddətinin hökmün qanunu qüvvəyə mindiyi andan hesablanması, iş üzrə mülki iddia ilə bağlı hissədə qismən təmin edilməsi, yəni 203.374 manat məbləğində pulun təqsirləndirilən şəxs E.E.Həsənovdan tutularaq, “xxxx” BOKT MMC-yə, 127.766,50 manat məbləğində pulun isə X4 ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış “xxxx” ASC-nin Ağdaş filialında saxlanılan 317,05 qr olan 77 ədəd qızıl əşyası “xxxx” BOKT MMC-yə məxsus olduğundan ona qaytarılması, “xxxx” MMC-dən daxil olmuş 2 ədəd CD-disk və Elçin Həsənovun təqdim etdiyi 1 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə 419,64 manat məhkəmə xərcinin E.E.Həsənovdan tutularaq, dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27.02.2019-cu il tarixli 1(107)-40/2019 saylı qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmündə müəyyən olunur ki, X6 “xxxx” BOKT MMC-nin Ağdaş filialının müdiri vəzifəsini icra edərkən İddiaçı Elbrus oğlu ilə bağlanmış 08615 saylı 03.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1430 manat dəyərində çəkisi 28.6 qr., 2 ədəd 586 əyarlı sep sünbül; 835 manat dəyərində çəkisi 16.7 qr. olan 2 ədəd 583 əyarlı qolbaq sünbül, 460 manat dəyərində çəkisi 9.2 qr olan 1 ədəd 583 əyarlı komplekt; 460 manat dəyərində çəkisi 9.2 qr. olan 3 ədəd 583 əyarlı üzük; İddiaçı ilə bağlanmış 16.03.2016-cı il tarixli kredit müqaviləssi üzrə 826 manat dəyərində çəkisi 11.8 qr. olan 1 ədəd 750 əyarlı komplekt; 560 manat dəyərində çəkisi 11.2 qr. olan 1 ədəd 583 əyarlı komplekt; 295 manat dəyərində çəkisi 5.9 qr olan 2 ədəd 583 əyarlı üzük; 150 manat dəyərində çəkisi 3 qr. olan 1 ədəd 583 əyarlı boyunbağını qulluq mövqeyindən istifadə edib vahid qəsdlə təkrar mənimsəyərək talamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli qızıl-zinyət əşyaları 2016-cı ildə aktlarla iddiaçıya təhvil verilmişdir. Həmin qızıl-zinyət əşyaları cavabdehdə mövcud deyil. Məhkəmə kollegiyası qeyd olunan aktlara hüquqi qiymət verərək, qeyd edir ki, həmin aktlar 2016-cı il də tərtib edilmişdir. (Səh 35-36) Bundan sonra isə mübahisəli qızıl-zinyət əşyalarının mövcudluğu və iddiaçıda olmaması qeyd olunan məhkəmə qərarlarında öz əksini tapmışdır. Azərbaycan Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli qızıl-zinyət əşyaları cavabdehdə olmadığından, onların dəyəri 5016 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “xxxx “ BOKT tərəfindən 004 saylı 21.01.2021-ci il tarixli məktubu ilə İddiaçı cavabdeh BOKT qarşısında öhdəliyinin olmaması göstərildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “xxxx” BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı Elbrus oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(006)-4337/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, qızıl-zinyət əşyalarının dəyəri 5016 manat və 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “xxxx” BOKT MMC-dən tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Elbrus oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(006)-4337/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Qızıl-zinyət əşyalarının dəyəri 5016 manat və 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “xxxx” BOKT MMC-dən tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4519/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver