Məhkəmə qərarları › İş №2(103)-452/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-452/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-452/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(011)-2365/2019 nömrəli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, X5 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 13 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Qurban oğlu ilə 12 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 16 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 6786.31 ABŞ X7 16 dekabr 2016-cı il tarixinə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 11893.01 AZN təşkil edir, kreditin müddəti isə 16 may 2023-cü il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2018-ci il dekabr ayının 11-dək X3 banka 12 sentyabr 2014-cüil tarixli kredit müqaviləsi üzrə 11576.69 AZN əsas borc, 2528.12 AZN faiz borcu, 7.45 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 14112.26 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, X1, Cavabdeh2 Qurban oğlundan müştərək qaydada “İddiaçı Bank” ASC-nin xeyrinə 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11576.69 AZN əsas borc, 2528.12 AZN faiz borcu, 7.45 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 14112.26 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(011)-2365/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “İddiaçı İKB” ASC ilə X5 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11576.69 AZN əsas borc, 2528.12 AZN faiz borcu, 7.45 cərimə borcu olmaqla, ümumilikdə 14112,26 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdehlər X5 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2019 saylı iş üzrə 21.11.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırmışlar ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla (MPM m. 385.1.1), iş üçün əhəmiyyəti olan hallar sübut edilməməklə (MPM m. 385.1.2), nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydmlaşdırılmamaqla (MPM m. 385.1.3) və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə (MPM m. 385.1.4) qəbul edilmişdir, buna görə də aşağıdakı səbəblərə görə onun ləğv edilməsi üçün əsaslar yaranmışdır. Xətai rayon məhkəməsi onun prosessual hüquqlarını pozaraq, aidiyyətlə bağlı verdiyi vəsatətə münasibət bildirdikdən sonra çıxardığı qərardaddan şikayət vermək hüququndan effektiv şəkildə istifadə etmək üçün məhkəmə iclasını təxirə salmalı olduğu halda, bunu etməmiş, həmin gün tələsik işə natamam baxaraq məhkəmə baxışını yekunlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 45.2 və 395-ci maddələri ilə qanunverici ona həmin qərardaddan şikayət vermək hüququ vermişdir. Bu hüquq virtual deyil, real hüquqdur və onun effektiv qaydada həyata keçirilməsi məhkəmə tərəfindən təmin edilməli oluduğu halda, əksinə ondan istifadə məhdudlaşdırılmışdır. MPM-in 45.3-cü maddəsinin mənasına görə əgər, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilirsə, eyniylə işin başqa məhkəməyə verməkdən imtina barədə qərardad qüvvəyə minmədən məhkəmə işə baxmağı davam etdirə bilməzdi. Çünki, bu, onun şikayət vermək hüququnu məhdudlaşdırmaqla bərabər onun effektivliyini heçə endirmişdir. Müqavilə üzrə borclu odur və iddia tələbi birbaşa ona qarşı olmalıdır. Zaminin pula heç bir aidiyyəti yoxdur. Ödəmə ilə bağlı bütün öhdəliklər ona aid olduğu üçün hesab edir ki, iddia da məntiqli olaraq onun yaşadığı yer üzrə verilməli idi. İddianın onun yaşadığı yer üzrə deyil, zaminin yaşağıdı yer üzrə verilməsi məntiqli deyil.Üstəlik iddiaçının olduğu yer də Səbail rayon məhkəməsinə daha yaxındır.Buna görə işin aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilməsini istəmişdir. İşə mahiyyəti üzrə 1 iclasda baxılıb və heç bir əsaslı araşdırma aparılmayıb. İddianı və tələb olunan məbləği sübut edən heç bir mötəbər sübut işdə olmadığına baxmayaraq, məhkəmə iş üzrə nəticə vermişdir. Məhkəmə baxılmamış saxlanılmış iş üzrə icraatı təzələməklə, daha bir prosessual pozuntuya yol vermişdir. Belə ki, MPM-in 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bu normanın tələbinə görə məhkəmə icraatı o halda təzələyə bilərdi ki, iddiaçı 05.03.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etsin. Lakin icraatın təzələnməsi barədə qərardadda qeyd edilir ki, "qərardaddan iddiaçı "İddiaçı" İKB ASC-nin nümayəndəsi İsa Hacıyevin "iş üzrə icraatın təzələnməsinə" dair məhkəməyə vəsatət verərək, göstərmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir". Belə olan halda, məhkəmə MPM- in 260.4-cü maddəsinin tələbinə uyğun olaraq, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edilməli olduğunu zəruri hesab etməli idi. Çünki, icraatın təzələnməsi qeyd olunan halda MPM-in tələbinə ziddir.Məhkəmə qətnamədə istinad etdiyi maddi hüquq normalarından (Mülki Məcəllənin 421, 427, 429, 442, 445, 449, 470, 472) o halda istifadə edə bilərdi ki, tərəflər arasında yaranmış borc münasibətlərinin son vəziyyətinə dair əlində mötəbər sübutlar olsun. Belə ki, iddianın əsasını təşkil etməli olan və borcun hazırki vəziyyətini təsdiq edən heç bir mötəbər sübut işə əlavə edilməmişdir. İşdə iddia tələbinin məbləğinə dair iddiaçının öz-özünə verdiyi arayışdan başqa heç bir sənəd olmadığı, ödəmələr və hesablama metodikasına dair heç bir məlumat olmadığı halda birinci instansiya məhkəməsinin iddianın sübut olunduğu qənaətinə gəlməsini hüquqdan kənar hesab edir. Çünki, borcun yaranması və ödənişlərlə bağlı iş üçün mühüm əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Bu halda ən azından məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı və borc dəqiqləşdirilməli idi ki, məhkəmə nədənsə bunu etməkdən boyun qaçırmışdır. Halbuki, məhkəmə iclasında bunu təklif etmişdir. Məhkəmənin özünün istinad etdiyi Mülki Məcəllənin 741-ci maddəsinin mənasına görə onun ödəməli olduğu faizlər ilin sonunda ödənilməlidir. Belə olan halda, iddiaçının hər hansı aylıq və ya günlük faiz hesablamasının yalnış və bu normaya zidd olduğu aydın görünür.Birinci instansiya məhkəməsinin isə bu normaya istinad edib, iddiaçının təqdim etdiyi hesablama əsasında qətnamə çıxarmasını maddi hüquq normasının pozulması hesab edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə vurğulayır ki, faizlər bank uçot dərəcəsinə uyğun tutulmalıdır. Bank uçot dərəcəsi qətnamənin çıxaldığı günə 7,75%, hazırda 7,5% təşkil edir. Mülki Məcəllənin 429-cu maddəsi isə 2005-ci ildən qüvvədən düşmüşdür.Məhkəmənin istinad etdiyi normaya tərs mütənasib qərar çıxarması qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi anlamına gəlir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətlərinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 28 faiz olmaqla 24 ay müddətinə 13 000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 sentyabr 2014-cü il tarixli “İddiaçıbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 12.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16 dekabr 2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 6786.31 ABŞ X7 16 dekabr 2016-cı il tarixinə olan məzənnəsi ilə konvertasiya edilməklə 11893.01 AZN təşkil edir. Kreditin müddəti isə 16 may 2023-cü il tarixədək təyin edilir. İş materiallarında olan İddiaçı İKB ASC-si tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 11576.69 manat əsas, 2528.12 manat faiz borcu, 7.45 manat cərimə borcu olmaqla, cəmi 14112.26 manat borcu vardır. İş materiallarında olan İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertzası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 11.02.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, X3 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı” İKB ASC-yə 11.12.2018-ci il taixə əsas borc üzrə 11.577, 16 manat, faiz borcu üzrə 2.671,73 manat baorcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 borcuna zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, “İddiaçı İKB” ASC ilə X5 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 11576.69 AZN əsas borc, 2528.12 AZN faiz borcu, 7.45 cərimə borcu olmaqla, ümumilikdə 14112,26 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(011)-2365/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar