Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-452/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkılatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı güzəştli şərtlərlə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(009)- 1780/2021-007 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı güzəştli şərtlərlə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun illər ərzində "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMc ilə kredit münasibətlərində olaraq həmin təşkilatla əməkdaşlıq etmişdir. Belə ki, o, cavabdehdən müəyyən müddətə kredit götürərək öz işlərini həyata keçirir, sonradan kredit borcunu tam ödədikdən sonra yeni kredit məbləği götürərək yeni müqavilə bağlayır və bu minvalla əməkdaşlıq edirlər. Cavabdehlə onun arasında sonuncu kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanılmışdır ki, bu müqaviləyə əsasən bank tərəfindən ona 6370 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin başa çatma müddəti xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş qlobal maliyyə böhranı, habelə Azərbaycan manatının devalvasiyaya uğraması səbəbindən onun da maliyyə durumu kəskin şəkildə pisləşmiş və onun bank qarşısında ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Buna baxmayaraq o, bank qarşısında borclu qalmaq və borcunun artmasının qarşısını almaq məqsədilə başqa şəxsdən aldığı borc müqabilində aldığı kredit məbləğini 2015-ci ilin ortalarında manatla olmaqla əvvəlki məzənnə ilə bağlamış və 5000 manatdan artıq pul məbləğini cavabdehə köçürmüşdür. Nəticədə, onunla cavabdeh arasında Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə dəyişməsi nəticəsində yaranmış fərq məbləği qalmışdır. Ancaq məlum olduğu kimi məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmana uyğun olaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə onun arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona ayrılmış kredit üzrə qalıq borc məbləği də restrukturizasiya edilmişdir. Lakin restrukturizasiya nəticəsində onun borcu silinməli olduğu halda, o, cavabdeh tərəfindən aldadılmış və onun borcunun bir hissəsinin qaldığı bildirilərək həmin borcla bağlı onunla yeni kredit müqaviləsi bağlanılmışdır. Belə ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndələri kredit borcunun restrukturizasiya olunduğunu, nəticədə onun borcunun bir hissəsinin qaldığını bildirmiş və bununla bağlı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə onun arasında xx.xx.2019-cu il tarixli, CABar 140608/19 saylı yeni güzəştli kredit müqaviləsi, üçüncü şəxs Cavabdeh2 ilə isə həmin kredit müqaviləsinin təminatı olaraq müvafiiq zaminlik müqailəsi bağlanılmışdır. Lakin o, bu müqavilənin mahiyyətinə varmamış və borcunun olmadığını düşünərək hər hansı ödənişi cavabdehə etməmişdir. Nəticədə, cavabdehin müraciətinə əsasən Bərdə Regional ASAN Xidmət Mərkəzinin notariat ofisi tərəfindən 8İ-14708 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanaraq ondan 1755,42 manat borcun, və 20 manat dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması xahiş edilmişdir. Ancaq ona sonradan məlum olmuşdur ki, o, restrukturizasiyadan sonra guya borcunun qalması ilə əlaqədar cavabdeh tərəfindən aldadılmışdır. Onun sorğusu əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, onun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan kredit borcları, o cümlədən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə onun arasında xx.xx.2019-cu il tarixli CABar 140608/19 saylı yeni güzəştli kredit müqaviləsinin bağlanılmasına əsas olmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcu ölkə başçısının məlum Fərmanı əsasında aparılmış restrukturizasiya nəticəsində tam ödənilmişdir. Göründüyü kimi, o, cavabdeh tərəfindən aldadılaraq əsassız şəkildə borcun ödənilməsinə cəlb olunmuşdur. “Halbuki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ********** No-li xx.xx.2019-cu il tarixli qərarı qəbul edilmişdir ki,onun aldığı kredit məbləği də həmin qərara əsasən tənzimlənmiş və onun tələblərinə uyğun olaraq restrukturizasiya edilərək qalıq borc məbləği tam ödənilmişdir. Bu səbəblərdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və cavabdehin onunla güzəştli şərtlərlə əsassız şəkildə bağladığı kredit müqaviləsinin ləğv olunmasını xahiş etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, CABar 140608/19 saylı güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(009)-1780/2021- 007 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun dəlillərinə və məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət verə bilməmiş, müəyyən olunmuş faktlar üzrə lazımı araşdırma aparmamış, onun cavabdehə kredit borcunun olubolmamasını araşdırmaq üçün hər hansı tədbir görməməmişdir, halbuki "xxxx" MMC-nin verdiyi 12 aprel 2021-ci il tarixli İddiaçı kredit borcları üzrə çıxarışdan görünür ki, o, 2014cü ildə Cavabdeh1 BOKT-dan götürdüyü 6.370 ABŞ dolları məbləğində kredit borcunu tam ödəyərək bağlamışdır və onunla həmin kredit müqaviləsi üzrə borcunun qaldığı əsas gətirilərək bağlanmış 26 dekabr 2019-cu il tarixli guya qalan 1755 manat borc məbləğinə dair güzəştli kredit müqaviləsinin hüquqi əsası olmamışdır. Məhkəmə bu xüsusatlara ümumiyyətlə qiymət verməyərək, onun borcunun olmamasına dair dəlillərini nəzərə almayaraq əsassız qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkılatının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. AR Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında 26 dekabr 2019-cu il tarixdə imzalanmış CABar140608/19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, borc alanın Cabər114485/14 saylı kredit müqaviləsi üzrə xarici valyutada olan vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləği (1036,70 ABŞ dolları) restrukturizasiya olunmuş, 1762,39 manat məbləğ 60 ay müddətinə, illik 1% dərəcəsi olmaqla, 12 ay güzəşt müddəti ilə yeni kredit kimi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx"ndan çıxarışın kserosurətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2014-cü il tarixli 114485 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kreditor Cavabdeh1 BOKT MMC-yə borcu olmamışdır. Eyni zamanda 1762,39 manat kreditin verilməsinə dair müqavilə üzrə onun Cavabdeh1 BOKT MMC qarşısında 1445,42 manat kreditin qalıq məbləğində aktiv öhdəliyi mövcuddur. İş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-72/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdhlər İddiaçı, X1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən 1368,46 ABŞ dolları əsas, 430,76 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə borcunun ödəniş gününə manata olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1306/2021 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə regional ASAN Xidmət Mərkəzinin notariat kontoruna, İddiaçı qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı icra qeydinin ləğvi və borcun tam silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(021)-1306/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmuş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 140608 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 1755,42 manat pulun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh2 tutulması barədə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 8İ-14709 saylı icra qeydi ləğv edilmiş, iddia borcun silinməsi tələbinə dair hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh kredit təşkilatından xx.xx.2014-cü il tarixdə 6.370 ABŞ dolları məbləğində kredit götürülmüş, AR Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq həmin kredit müqaviləsi üzrə banka 2143,98 manat kompensasiya kimi pul keçirilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, habelə iddia tələbi əsassız olmuş, belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin aldatma ilə bağlanmasını iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır və onları əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında güzəştli kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, iddiaçı həmin müqaviləsinin etibarsızlığı barədə məhkəməyə həmin müqavilə bağlandıqdan bir ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə, yəni təxminən 1 il 6 ay sonra müraciət etmişdir. Həmçinin, iddiaçı bu müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən normaların dispozisiya şərtlərinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Bu müddətin keçməsi ilə maraqlı şəxsi həmin hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək üçün bir ililk müddəti ötürmüşdür və bu səbəbdən onun tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq təmin edilməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassız olduğuna görə də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və cavabdehə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri altına düşmüş və həmin Fərmana görə cavabdehə 2143,98 manat məbləğində kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiya məbləği iddiaçının bank qarşısında olan öhdəliyinə yönəldilmiş və həmin kompensasiya hesabına iddiaçının bank qarşısında olan borcunun bir hissəsi bağlanmışdır. Belə ki, həmin kompensasiya məbləğinin 1322,90 manat hissəsi iddiaçının kredit təşkilatı qarşısında xx.xx.2015-ci il tarixə olan 5291,60 ABÇ dolları borcuna görə, 821,08 manatı isə xx.xx.2015-ci il tarixə olan 1368,48 ABŞ dolları borcuna görə "xxxx" BOKT MMC-yə ödənilmişdir. Lakin hesablanmış kompensasiya iddiaçının bank qarşısında olan borcunu tam bağlamadığına görə, yerdə qalan məbləğin (1036,60 ABŞ dolları və ya 1762,39 manat) restrukturizasiyası həyata keçirilmişdir. Bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında yeni müqavilə, yəni xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanmış və iddiaçının əvvəlki kredit müqaviləsi üzrə qalıq borcu güzəştli kredit müqaviləsinə əsasən verilən pul vəsaiti hesabına bağlanmışdır. Beləliklə, iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin bir hissəsi kompensasiya hesabına, digər hissəsi isə restrukturizasiya edilərək tərəflər arasında yeni güzəştli kredit müqaviləsinin imzalanması yolu ilə tam bağlanmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin aldatma ilə bağlanmasını iddia etsə də, bu hallar öz təsdiqini tapmamışdır. AR Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı onun tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun tam ödənilməsini bildirərkən "xxxx" MMC-dən verilmiş çıxarışa istinad etmişdir. Belə ki, həmin çıxarışda iddiaçının həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixə borcunun tam ödənildiyi qeyd edilmişdir. Bununla bağlı kollegiya izah edir ki, qeyd edilən çıxarışdakı həmin məlumat Büronun bazasına kompensasiya məbləği bocdan çıxıldıqdan sonra qalmış 1762,39 manat borcun restrukturizasiyasına dair tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlandıqdan sonra daxil edilmişdir. Həmin çıxarışın ilk səhifəsində isə iddiaçının 140608 saylı müqavilə üzrə 1762,39 manat borcunun olması, borcun qalıq məbləğinin 1445,42 manat təşkil etməsi göstərilmişdir. Göründüyü kimi, həmin çıxarışdakı məlumatlar iddiaçının kredit təşkilatı qarşısında borc öhdəliklərini tam icra etməsini əks etdirmir, əksinə çıxarışın verildiyi tarixə onun "xxxx" BOKT MMC-yə qalıq borcunun olduğunu göstərir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə, bu iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(009)-1780/2021- 007 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-452/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-452/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver