Məhkəmə qərarları › İş №2(103)-4521/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4521/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4521/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2023 nömrəli 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(001)- 5677/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsaitin onlar arasında paylarına uyğun olaraq bölünməsi və mənzil hərracdan satıldıqdan sonra bir ay müddətində boşaldılması qət edilmişdir.

3. "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli, 211 saylı hesabatına görə Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində (likvid qiyməti nəzərə alınmaqla) təşəkkül tapan qiyməti 85.000 manat təşkil edir.

4. 3 dekabr 2020-ci il tarixli, 53/01-1 saylı “Hərracın yekunları haqqında” Protokola əsasən İddiaçı Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilini 85.000 manata satın almışdır.

5. 02 fevral 2021-ci il tarixli akta əsasən İddiaçı 85.000 manata qiymətləndirilmiş Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilini 42.500 manata əldə etmiş və mənzil 2 fevral 2021-ci il tarixdə ona təhvil verilmişdir.

6. 6 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və bu barədə onun adına 6 yanvar 2021ci il tarixli Çıxarış verilmişdir.

7. 24 yanvar 2021-ci il tarixli, QR-2105 saylı "xxxx" MMCnin qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin sahəsi 68,15 kv.metr olan, 2 otaqdan 3-otağa çevrilmiş 81 saylı mənzilin 1 kv.metrinin təmir qiyməti 175 manat olmaqla, 12.000 manat civarındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus qonaq otağında olan 1 ədəd 3 nəfərlik divan, 2 kreslo Embavud markalı, boz rəngli, qolları dəri (1050 manat); qonaq otağı dəsti - 1 masa (şüşəli), 6 stul (dəri üzlü oturacaqlı), 1 siyirmə (kamod), 1 şüşəli şkaf – tünd bordo rəngli Malayziya istehsalı (5500 manat); 1 qara şüşəli 3 mərtəbəli televizor altlığı - Maqnit mağazasından alınmış (500 manat); 1 ayaqüstü taxta-şüşəli dekor saat – tünd bordo rəngli (500 manat); 1 gecə lampası – qara dəri dirəkli, ağ örtüklü (100 manat); 1 Samsung markalı televizor – Maqnit mağazasından alınmış 100 duym (2500 manat); 1 Samsung markalı DVD və 6 (4 uzun, 1 orta, 1 kiçik ölçüdə) səs gücləndirici – 500 manat; 1 kondisioner (BEKO markalı) – 35 kv.m-lik (750 manat); 2 dəst dekorlu pərdə - naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü (1700 manat); 1 çilçıraq məxmər naxışlı (6 şamlı) – 150 manat; yataq otağında 1 yataq, 1 dolab (kupe, güzgülü, üç gözlü), 1 siyirmə - qəhvəyi mebel rəngli (2000 manat); uşaq otağında 1 yataq (birnəfərlik), 1 böyük şkaf, 1 yazı stolu- 1500 manat; 1 pərdə - 3 metr orqanza tül (50 manat); mətbəxdə 1 mebel dəsti – boz-göy rəngli, uzunluğu 7.5 metr (4000 manat); 1 böyük soyuducu (BEKO markalı) – boz rəngli (650 manat); 1 paltaryuyan – İndesit markalı, boz rəngli (500 manat); 1 mikrodalğalı soba (180 manat); 1 şüşə, güllü, açılıbyığılan masa, 4 stul (boz dəri rəngli oturacaqlı)- 280 manat; 1 divan – 3 nəfərlik, açılıbyığılan, boz rəngli (500 manat); 1 dəst pərdə - kətan, boz rəngli, 4 metr (150 manat); 1 şirəçəkən maşın – Gepas markalı (55 manat); 1 ətçəkən maşın – Gepas markalı (50 manat); 1 koridorda isə 1 böyük şkaf (800 manat), 1 kiçik şkaf - 200 manat olmaqla, qeyd edilən əşyaların dəyəri kimi 25.000 manat və ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi kimi 12.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, 2016-cı ildən etibarən cavabdehdən ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra əmlak mübahisələri onun əmlakı satın alması ilə yekunlaşsa da, cavabdeh mənzili boşaldarkən ona zərər vurmuş və mənzildə olan əşyaları özü ilə aparmışdır. 24 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin sahəsi 68,15 kv.metr olan, 2 otaqdan 3otağa çevrilmiş 81 saylı mənzilin 1 kv.metrinin təmir qiyməti 175 manat olmaqla, 12.000 manat civarındadır. Cavabdeh özü ilə apardığı əşyaları könüllü ona qaytarmaqdan imtina edir. Mənzilin təmiri üçün 12.000 manat, mənzildən aparılmış əşyaların dəyəri isə 8.000 manat olmaqla, ümumilikdə 20.000 manat təşkil edir. Cavabdeh mənzili yararsız hala salaraq ona təhvil vermişdir. Mənzili yararlı vəziyyətə gətirməsi üçün əlavə xərc tələb olunur. Əlavə xərcin çəkilibçəkilməməsindən asılı olmayaraq cavabdehin mənzilə maddi zərər vurması aşkardır. Bunu mənzil hərraca çıxarılarkən, mənzil təhvil verilərkən çəkilmiş foto şəkillərdən aydın görmək olar. O, mənzili bundan sonra təmir edib satmışdır və mənzilin təmirinə 1 kv.metrinin qiyməti 175 manat olmaqla, 12.000 manat xərc çəkmişdir.

10. Cavabdeh isə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, o, mənzilin qapılarını, pəncərə altını sındırmamış, divar kağızlarını və kafelləri sökməmişdir. Qapı, pəncərə və divar kağızları iddiaçı ilə 15 illik təmirlərindən sonrakı erroziyanın nəticəsidir. Metlağın sökülməsinə gəlincə isə o, mənzildən çıxarkən metlaxı sökməmiş və ona məxsus olan mətbəx mebelini mənzildən çıxararkən mebelə məxsus aralıq taxta lövhəni götürüb. İddiaçının iddia etdiyi əşyalar birgə nikah dövründə əldə olunub və iddiaçı ailə qurarkən cehiz gətirməyib. Hazırda əşyaları iddiaçıya qaytarmağa hazırdır, amma o ona məxsus xalçaları geri qaytarsın. İddiaçı ilə aralarında əşyaları bölmüşdür və xalçalar ona düşmüşdür. İddiaçı xalçaları qaytararsa o da həmin əşyaları qaytarar. Ona görə də iddiaçı, mənzildən aparılmış əşyaların əvəzinə 8.000 manat pul tələbinə aid hissəsi üzrə vaxtında iddia irəli sürmədiyi üçün iddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli, 10/2417-9/2702 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilə dəymiş ziyanın qəsdən və ya təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İş materiallarında olan 14 adda əşyaların istifadə olunması nəzərə alınmaqla, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4.625 manat müəyyən olunur. Digər 15 adda əşyalar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və sair) olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli, 10/2417-9/2702 saylı ekspert rəyinə əsasən iş materiallarında göstərilən 29 adda əşyaların istifadə olunması nəzərə alınmaqla, orta istismar intensivliyi parametlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12.125 manat olduğu müəyyən edilmişdir. Digər 2 adda əşyalar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və sair) olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)- 45/2023 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbinin qismən təmin edilərək cavabdehdən 6.935 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əşyaların dəyərinə aid hissədə qismən təmin edilməlidir. Belə ki, “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşın iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir.

15. Həmçinin məhkəmə müəyyən etmişdir ki, ekspert rəyində 16 və 24-cü sırada qeyd olunan “pərdə dəstləri” (165 manat dəyərində) iddiaçının özündədir. Odur ki, iddia ərizəsində göstərilən digər əmlaklar birgə nikah dövründə əldə edilmişdir və həmin əşyaların dəyəri bərabər bölünməklə, cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, 6.935 manat (8.470 manat birgə nikah dövründə əldə edilmiş əşyaların dəyəri) ÷ 2 = 4.235 manat + 2.700 manat (hədiyyə olunan əşyaların dəyəri 2000 + 400 + 300 = 2.700 manat) = 6.935 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinə dəymiş ziyanın cavabdeh tərəfindən qəsdən vurulmasını təsdiq edən heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 225.1, 225.2, 1096.1, 1096.2-ci maddələrinə, habelə Ailə Məcəlləsinin 32.2.2, 34.1 və 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra əşyaları öz aralarında bərabər surətdə bölmüşlər. İddiaçı ona məxsus olan (bütün əşyaların siyahısı iş materiallarında vardır) əşyaları aparmışdır. Şüşəli stol, 6 ədəd stul, termo, mebel saat, gecə lampası ağır olduğundan apara bilməmiş və evdə qalmışdır. Bölgüdən sonra o, evdə olmayanda iddiaçı gəlib 5 ədəd bahalı xalçanı aparıb ki, yudurdub qaytaracaq, ancaq qaytarmadı. Evdə qalan ona məxsus qablaşdırılmış əşyaları istəyəndə demişdir ki, xalçaları gətir, sonra əşyalarını apar. İddiaçı Binəqədi rayon, 5-ci polis bölməsinə şikayət ərizəsi yazdı, o, polis bölməsinə izahat verərkən evin xalçalı və xalçasız şəkillərini təqdim etdi və dedi ki, xalçaları gətirsin əşyalarını aparsın. İddiaçı bunu etmədi. Əksinə, apardığı xalçaları iddia ərizəsində ondan tələb etdi, lakin məhkəmənin sonrakı mərhələlərində məcbur olub xalçaları, 165 manat dəyərində pərdə dəstlərini və 50 manat dəyərində “Gepas” markalı ətçəkən maşın (rəydə 27-ci sırada) apardığını etiraf etdi. Ancaq 500 manat dəyərində (ekspert rəyində 11-ci sırada) qiymətləndirilən 2 dəst dekorlu pərdənin (naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü olan) də iddiaçı tərəfindən digər pərdə dəstləri ilə birgə qablaşdırıb aparması foto şəkillər, səs yazısı ilə sübut olunmasına baxmayaraq, məhkəmə tərəfindən ətçəkən maşın və dekorlu pərdə ümumi əmlak sıyahısından çıxarılmamışdır. Bundan başqa iddiaçı ərizəsində otaq qapılarının onun əşyalarla birlikdə apardığını yazmış, mətbəxdə 500 manat dəyərində (ekspert rəyində 23-cü sırada) qiymətləndirilən 1 ədəd ( 3 nəfərlik, açılıb-yığılan, boz rəngli) divan olmadığı halda siyahıya əlavə etmişdir. O, hakimə ərizə ilə müraciət etmişdir ki, iş materiallarında evin foto şəkilləri vardır, orada mətbəxdə ancaq stol və stullar olduğu, boz rəngdə divanın olmaması və otaq qapılarının yerində olması əks olunur. Buna baxmayaraq hakim iş materiallarına istinad etmədən yalnız iddiaçının sözü ilə 500 manat dəyərində 1 ədəd divanı da ümumi əmlak siyahısından çıxarmamışdır. İddiaçının ərizədə əvvəl xalçaların və pərdə dəstlərinin onda olmadığını, otaq qapılarını çıxarıb apardığını deməsi bir daha sübut edir ki, iddiaçı qərəzli mövqe tutaraq ondan daha çox məbləğdə pul almaq məqsədini güdür. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir. Halbuki, mülki iş materiallarında həmin əşyaların anası tərəfindən iddiaçıya hədiyyə edilməsini təsdiq edən heç bir sübut yoxdur, hətta iddiaçı iddia ərizəsində və məhkəmənin heç bir iclasında bu barədə bildirməmişdir. İddiaçı sonradan öyrənmişdir ki, hədiyyə olunan əşyalar ümumi mülkiyyətə daxil edilmir, ona görə də, yekun məhkəmə iclasında sözü gedən əşyaların anası tərəfindən ona hədiyyə edildiyini yalandan bildirmişdir. Həqiqət isə ondan ibarətdir ki, 1993-cü ildə aralarında nikah bağlanarkən və sonra yaşadıqları illər ərzində anası ona heç bir cehiz əşyaları verməmiş, əvvəl yaşadıqları mənzilə və boşanma zamanı bölünmüş sonrakı mənzilə əşyaları birgə nikah dövründə özləri almışlar. Ona görə də, iddiaçı boşandıqdan sonra cehiz əşyaları da tələb etməmişdir. Anası ilə münasibətlər yaxşı olan vaxtlarda o, iddiaçı və onun anası ilə birlikdə ticarətlə məşğul olmuş, xarici ölkələrdən müxtəlif geyim və digər əşyalar gətirib satmış, sərmayələri və gəlirləri bir olmuşdur. Həmin vaxtlar anasının təşəbbüsü ilə bir nəfər qohumun adına “Maqnit” mağazasından 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın kreditlə götürülmüş, həmin krediti isə həm anası, həm özü ümumi qazandıqları pulla ödəmişlər. Belə olan halda, məhkəmə obyektiv həqiqətin üzə çıxarılmasına təşəbbüs göstərməmiş, yalnız iddiaçının yalan sözlərini heç bir sübut olmadan əsas götürmüşdür. İş materiallarından görünür ki, iddia ərizəsində tələb olunan əşyaların dəyəri ekspertiza tərəfindən həddən artıq şişirdilmiş, rəydə bir əşyanı götürsək, 2006-cı il istehsalı “Samsung” markalı, 100 diaqonal televizor 2.000 manat dəyərində qiymətləndirilmişdir. Rəydə göstərilmişdir ki, bazar qiymətləri müəyyənləşdirərkən, malın bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan istifadə edilir. Hazırkı əşyalar qiymətləndirilərkən, Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında adları sadalanan əşyaların hazırkı bazar qiyməti müəyyən edilmişdir. Ancaq ekspert rəyində konkret olaraq hansı mənbəyə sorğu verilib cavab alınması, hazırda 100-200 manata sata bilmədiyi 2006-cı il istehsalı, 100 diaqonal, işlənmiş, köhnə model “Samsung” televizorunu hansı mənbədən 2.000 manata qiymətləndirilməsi göstərilməmişdir. İşdə eyni əşyaların qiymətləndirilməsinə dair bir-birinə zidd olan iki ekspertiza rəyi vardır. Ekspertin (ekspert E.Qəhrəmanov) 20 iyul 2022-ci il tarixli, 9/2702 saylı rəyində iş materiallarında göstərilən 14 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 4.625 manat müəyyən olunmuş, 15 adda əşyalar haqqında məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Ekspertin (ekspert E.Həbibov) 03 fevral 2022-ci il tarixli (tarix xx.xx.2023-cü il göstərilib) rəyində isə iş materiallarında göstərilən 29 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 12.125 manat müəyyən olunmuş, digər 2 adda əşyalar haqqında məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Rəylər arasında ziddiyyətlər olduğu halda məhkəmə həmin ziddiyyyətlərin aradan qaldırılmasına təşəbbüs göstərməmiş, ekspertizanın aparılmasını bir neçə ekspertə tapşırmaqla təkrar ekspertiza təyin etməmiş, əşyaların ekspertə təqdim olunmasını təmin etməmiş, ekspertləri çağırıb şişirdilmiş bazar qiymətləri və yaranmış ziddiyyətlərin aradan qaldırılması ilə bağlı dindirməmiş və əksinə bu barədə məhkəməyə verilmiş vəsatəti əsassız olaraq rədd edilmişdir. Bundan başqa siyahıda qiymətləndirilərək adları göstərilən “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşın hazırda işlək və saz vəziyyətdə ondadır. Eyni zamanda, məhkəmə proseslərində rəydə qiymətləndirilən 2.000 manat dəyərində olan “Samsung"’ markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşının onda olduğunu, həmin əşyaları naturada qaytarmağa hazır olduğunu dəfələrlə bildirsə də, məhkəmə həmin əşyaların natura şəklində ödənilməsi əvəzinə, əksinə qanunsuz və ədalətsiz olaraq həmin əşyaların həddən artıq şişirdilmiş qiymətlərlə dəyərini ondan pul şəklində alınaraq iddiaçıya verilməsini qət etmişdir. İddiaçı ilə aralarında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 1916-cı il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxtdan etibarən ayrı yaşamışlar. Nikah pozulduqdan sonra şifahi razılaşma əsasında birgə nikah dövründə əldə edilmiş əşyalar aralarında bölünmüşdür. Bundan 5 il sonra, yəni iddia müddəti keçdikdən sonra apardığı əşyaların da pulunu ondan almaq məqsədi ilə məhkəməyə əmlak tələbi ilə iddia ərizəsi vermişdir. İddia müddətinin axımının dayandırılması üçün heç bir əsas olmamışdır. Bu barədə məhkəməyə yazılı ərizə versə də, nəzərə alınmamış və məhkəmə tərəfindən iddiaçının əsassız və qanunsuz verilmiş iddia ərizəsinə baxılmış, bununla da Mülki Məcəllənin 373.2, 375.2-ci və Ailə Məcəlləsinin 36.9-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa iddiaçı ilə birgə yaşadıqları dövrdə mətbəxdə yalnız stol və stullar olduğu, orada boz rəngdə divanın olmaması iş materiallarında olan evin foto şəkilləri və digər sübutlarla təsdiq edildiyi halda məhkəmə mətbəxdə 500 manat dəyərində 1 ədəd boz rəngli divanın olması nəticəsinə gələrək həmin əşyanı ümumi əmlak siyahısından çıxarmamış və məhkəmənin müəyyən etdiyi həmin hal qeyri-mötəbər, ziddiyyətli sübutlarla təsdiq edilmişdir və sair. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar ondan ibarətdir ki, birgə mülkiyyətdə olan bir sıra əşyalar bölgü siyahısından çıxarılmış, tərəflərin razılığı ilə əşyaların natura şəklində bölünməsi təmin edilməmiş və əşyaların şişirdilmiş qiymətləri ilə ondan 6.935 manat pulun alınıb iddiaçıya verilməsi kimi işin hallarına uyğun gəlməyən nəticəyə gəlinmişdir.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), A.İmanov və M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(001)-45/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şikayətin qətnaməyə aid mübahisələndirilən hissələrinə dair birinci instansiya məhkəməsinin qənaətinin hüquqi və ya faktiki əsaslarla yanlış olması sübuta yetirilmir və apellyasiya şikayətinin dəlillərinə (etirazın əsasına) dair birinci instansiya məhkəməsinə təqdim edilməli olan mötəbər sübutlar müzakirəyə təqdim edilməmişdir. Ələlxüsus qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində müxtəlif (ziddiyyətli) əsaslar təsbit edilsə də, apellyasiya icraatı zamanı mövqeyin dəqiqləşməsinə aydınlıq gətirmiş və iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etmişdir. Lakin məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsi tərəfindən bəzi əşyaların cehiz kimi, həm də yüksək olaraq 2.700 manat qiymətləndirilməsi hissəsində apellyasiya şikayətini müdafiə etmiş, əşyaların qiymətinin şişirildiyini və cehiz kimi deyil, birgə nikah dövründə əldə edildiyini bildirmiş, lakin buna dair (iddianı təkzib edən) sübutlar təqdim etmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nikaha daxil olduğu zaman adət-ənənəyə uyğun cehiz əşyaların gəlin tərəfindən təqdim edilməsi hamıya bəlli olan haldır. Əşyaların mövcudluğunu cavabdeh etiraf etsə də, onların cehiz olduğunu inkar edir. Ona görə, əksi sübuta yetirilməyincə hamıya bəlli olan halın, yəni əşyaların cehiz əşya kimi qəbul edilməsi yolveriləndir. Əşyaların dəyərinə aid isə ekspertin rəyini təkzib edən sübutlar təqdim edilmədiyindən, ona sübutların mötəbərliyi baxımından qiymət verilməməsi üçün əsaslar müəyyən edilmir.

24. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi məqam 2021-ci ildən - yəni mənzilin ona təhvil verildiyi zamandan hesablanmalıdır. Belə ki, icra məmuru tərəfindən tərtib edilmiş 2 fevral 2021-ci il tarixli aktla mənzilin iddiaçıya təhvil verildiyi, hər iki tərəfin etirafı ilə mübahisə edilən əşyaların bölgüsünün tərəflərin razılaşması ilə aparıldığı və iddiaçıya məxsus əşyaların bir hissəsinin əvvəl mübahisə predmeti olmuş mənzildə saxlanıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı cavabdeh iddiaçıya məxsus bəzi əşyaların iddiaçıya təhvil verilənədək mənzildə saxlanıldığını, mənzil iddiaçıya təhvil verilənədək özünə məxsus əşyaları apardığını, lakin cavabdehə məxsus xalçaların da iddiaçı tərəfindən aparıldığını, habelə düzgün olmayaraq məhkəmə tərəfindən cehiz əşyaları kimi qiymətləndirilən əşyaların birgə nikah dövründə alındığını bildirmişdir.

25. Məhkəmə kollegiyası cavabdeh tərəfindən bütövlükdə əşyaların mövcudluğu qismən etiraf edilsə də, onların çeşidinə və mülkiyyət hüquqi rejiminə dair aydınlıq gətirilməmişdir. Belə aydınlığın gətirilməsi vəzifəsi öz etirazının sübutu kimi cavabdehə mənsubdur. Mənzil təhvil verilənədək iddia müddətinin ötməsi ehtimalına dair isə qeyd edilməlidir ki, qeyd edilən zamanadək tərəflər arasında əşyaların bölgüsü ilə bağlı razılıq əldə edildiyindən hüquqların pozulması müəyyən edilməmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətinin ötməsi müəyyən edilməmiş, lakin cavabdehin iddia müddətinin tətbiqi barədə dəlillərini müdafiə etməsi faktiki olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların onun tərəfindən qəbul edilməsini şərtləndirmişdir.

26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34.1, 35, 36.4, 36.6, 36.8, 36.9-ci maddələrinə, habelə Mülki Məcəllənin 377, 380.1 və 380.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Kassasiya instansiya məhkəməsində icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1725/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir, cavabdeh isə apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlamış və bununla da Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq mübahisənin predmetinin açıq-aşkar bölünən olmasını nəzərə almamışdır. Halbuki, sözügedən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o, halda tam yoxlamağa borcludur ki, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət verməmiş, mübahisəli əşyaların mövcud olub-olmadığını araşdırmamış, ümumiyyətlə iddiaçının cavabdehə qarşı hazırkı tələblərini dəqiqləşdirməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, başqa sözlə mübahisəli əşyalar naturada mövcud olduğu halda, iddiaçının həmin əşyaların özünü deyil, bilavasitə dəyərini tələb etməsinə diqqət yetirməmiş, bunun üçün iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməmiş, habelə görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onu qabaqcadan xəbərdar etməmiş və bununla da Azərbaycan Respublikası MPM-in 14.1, 222.1-ci maddələrinin tələblərini pozmuşdur. Sadalanan normaların mənasına görə məhkəmə əmlakın özünün alınıb verilməsini deyil, dəyərinin tutulmasını o halda qət edə bilər ki, əmlak naturada mövcud olmasın, yəni əmlak naturada mövcuddursa, iddiaçı həmin əmlakın dəyərini deyil, özünü tələb etməlidir. Lakin iddiaçı tərəfindən tələb olunan əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda, məhkəmə cavabdehdən alınmalı olan əmlakın dəyərini də qətnamənin nəticə hissəsində göstərməyə borcludur. Daha sonra ekspert rəylərindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünür ki, mübahisəli əşyalar dəyəri müəyyən olunması üçün ekspertiza tədqiqatına təqdim olunmamışdır və ekspertlər tərəfindən həmin əşyaların qiymətləndirilməsi yalnız nəzəri hesablama yolu ilə müəyyən edilmişdir.

30. Bundan başqa apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, tərəflərin ailə münasibətlərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Eyni zamanda iddia ərizəsindən görünür ki, 2016-cı ildən tərəflər ayrı yaşayırlar və həmin vaxtdan iddiaçı evdən getmiş və hazırkı iddia ilə məhkəməyə 4 may 2021-ci il tarixdə müraciət etmişdir. Habelə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, nikah pozulduqdan sonra iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən birgə nikah dövründə əldə etdikləri əşyaları faktiki olaraq öz aralarında bölüşdürmüşlər. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının mübahisəli əşyalarla bağlı hüququnun pozulduğunu yalnız 2021-ci il tarixdə, yəni sözügedən mənzilin ona təhvil verildiyi gündən bildiyini göstərsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından lazımi qaydada araşdırmayıb. Belə ki, qeyd olunan normada göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

31. İşdən görünür ki, iddiaçı 2016-cı ildən mübahisəli əşyaların faydalı xassələrindən istifadə edə bilmədiyi, həmin vaxtdan ötən 5 il müddət ərzində mənzildə yaşamadığı, habelə məhkəmənin qətnaməsi ilə tərəflər arasında olan nikaha 6 sentyabr 2016-cı il tarixdən xitam verildiyi halda iddiaçının həmin əşyalara münasibətdə hüququnun pozulduğunu yalnız 2021-ci ildən bilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına uyğun sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməməsi, habelə 3 illik iddia müddəti keçdikdən sonra cavabdehin iddianı etiraf etməsini göstərən müəyyən hərəkətlərə yol verməsi, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsas sayıla bilməz və bu Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürüb-ötürməməsi məsələsinə aydınlıq gətirilməli və bundan sonra yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmaqla iddianın mübahisələndirilən hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

c) Proses iştirakçılarının izahatı

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

34. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

36. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.

37. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

38. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

39. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

40. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir.

41. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

42. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

43. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

44. Maddə. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

45. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

46. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Qətnamə mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisələndirilən hissədə ləğv edilməlidir.

54. Müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah 2016-cı il tarixdə pozulmuşdur və həmin ildən etibarən onlar ayrı yaşayırlar.

55. 2019-cü il tarixli qətnamə ilə birgə nikahı dövründə əldə edilmiş mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun olaraq bölünməsi və mənzil hərracdan satıldıqdan sonra bir ay müddətində boşaldılması qət edilmişdir.

56. Sözügedən mənzil iddiaçı tərəfindən əldə edilmiş və 2021-ci ildə ona təhvil verilmişdir.

57. İddiaçı hazırda cavabdehin mənzildən apardığını iddia etdiyi əşyaların dəyərini tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, 6935 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

58. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə tərəfindən ərizəyə münasibət bildirilməmişdir.

59. İşin mübahisəsiz halıdır ki, 2016-cı ildən tərəflər ayrı yaşayırlar və həmin vaxtdan iddiaçı evdən getmiş və hazırkı iddia ilə məhkəməyə 4 may 2021-ci il tarixdə müraciət etmişdir.

60. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

61. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

62. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra sözügedən mənzil cavabdehin istifadəsində olmuş və tərəflər arasında mənzillə bağlı uzun müddət məhkəmə çəkişmələri davam etmiş və yalnız sonda qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(001)- 5677/2019 saylı qətnaməsi ilə mənzilinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin onlar arasında paylarına uyğun olaraq bölüşdürülməsi və hərracdan satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması qət edilmişdir.

63. İddiaçı 2016-cı ildən sözügedən mənzildə yaşamamış, əşyalardan istifadə edə bilməmişdir.

64. İddiaçı 6 sentyabr 2016-cı il tarixdən, yəni nikaha xitam verilən vaxtdan həmin əşyalara münasibətdə hüququnun pozulduğunu bilmiş və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra 2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı əmlak tələbi ilə bağlı iddia müddətini ötürmüşdür, iddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi qismən - mübahisələndirilən (iddia tələbinin təmin edilmiş - Cavabdeh 6935 manat pul məbləği tutularaq İddiaçı ödənilsin) hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilsin. Cəmi 150 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar