Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4524/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi zərərin ödənilməsi və qanunsuz tikinti işlərinin dayandırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(006)-76/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi zərərin ödənilməsi və qanunsuz tikinti işlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsinə iddianı təmin olunmasına dair ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxıb qurtaranadək Cavabdeh MTK-nın əmlakları və bank hesablarına iddia tələbləri həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(006)-76/2021 saylı qərardadı ilə (hakim Ramin Xəlilov) ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət əsasən iddia tələbinin mahiyyətinə uyğun əsaslandırılmış, həmçinin qərardadın əsassız olması, iddianın təmini tədbiri barədə ərizənin təmin olunmalı olması və s. göstərilmiş, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndəsi şikayəti əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Qeyd edilməlidir ki, iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Lakin, iddiaçı iddianın təmin olunması barədə ərizəni əsaslandırmamış, ümumi formada cavabdehin əmlaklarının və bank hesablarının üzərinə həbs qoyulmasını xahiş etmiş, əmlakların və bank hesablanının konkret olaraq nədən ibarət olmasını, harada yerləşməsini, cavabdehə aidiyyətini və s. bu kimi zəruri halları göstərməmişdir. Eyni zamanda, şikayətin digər dəlilləri iddianın əsaslılığına aid olmaqla, onlara məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi zərərin ödənilməsi və qanunsuz tikinti işlərinin dayandırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(006)-76/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(006)- 76/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4524/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4524/2021
06.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver