Məhkəmə qərarları › İş №2(103)-4526/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4526/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4526/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-588/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər olduğuna görə uşağın saxlanması, təlim və tərbiyəsi, eləcə də müayinə və müalicəsi üçün Cavabdeh Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 2588/2018 saylı Qətnaməsi ilə müəyyən edilmiş 154 (yüz əlli dörd) manat məbləğindəki alimentin miqdarıni dəyişərək ondan sabit pul məbləğində hər ay 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən idddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, alimentin artırılması üçün zəruri olan hallardan biri uşağın, X5 2 saylı uşaq poliklinikasında 2-ci dərəcə anemiya diaqnozu ilə daimi müalicə altında olması ilə bağlıdır. 150-200 manat yaxın ay ərzində uşağın həm anemiya xəstəliyi ilə bağlı, həm də digər növ müalicəsinə vəsait xərclənir. Qeyd edilənlərin nəzərə alınaraq Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 2588/2018 saylı Qətnaməsi ilə müəyyən edilmiş 154 (yüz əlli dörd) manat məbləğindəki alimentin miqdarıni dəyişərək, Cavabdeh hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, həmçinin əlavə xərclərə görə hər ay 150 mant məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-588/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli 2(007)-2588/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, xx xxxxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılaraq, hər ay Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə hər ay 100 (yüz) manat məbləğində sabit pul vəsait tutularaq İddiaçı ödənilməsi,Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların arasında nikah pozulduqdan sonra aliment barədə iddiaya da baxılmış, iddiaçının istəyinə uyğun 154 manat aliment təyin olunmuş, həmin alimeti vaxtı vaxtında ödəyir, əmək haqqına yönəldilmişdir.Həmçinin onun keçmiş həyat yoldaşı İddiaçı ali təhsilli, qanunları hüquqlarını bilən xanımdır. Bunu qeyd etməkdə məqsədi o idi ki, əgər onun övladının səhhətində qeyd olunan kimi xəstəlik mövcud olsa idi o 2 il öncədən bu barədə iddia qaldırardı (məhkəmənin son günündə deyil).Bundan əlavə olaraq onlar evli olduqları zamanlardan iddiaçı bilir ki, o, həmişə övladına can yandıran, onun qeydinə qalan, bütün problemləri ilə məşğul olan ata olmuşdir. Övladının doğumundan bu günə kimi onun səhhəti ilə təhsili ilə daim maraqlanmışdır. Oğlunun səhhətində heç bir zaman ağır xəstəlik olmamışdır, tam sağlam olaraq doğulmuşdur. İddiaçının qeyd etdiyi xəstəlik anadan gəlmə yaranmasını və ya ağır əməliyyat sonrası yarana biləcəyi ehtimalları nəzərə alsaq iddiaçının bu halı əsassız olaraq göstərdiyi aydın olur. Həmin xəstəlik barədə heç bir əsaslı subut da təqdim olunmamışdır.Bundan başqa o, uşağı ilə görüşə bilmir, məhkəmə qətnaməsi ilə ona çox qısa müddət təyin olmuşdur, həmin müddətdə o, uşağına artıqlaması ilə əlavə maddi yardım edir, əlavə geyimlər alır, əyləncələrə aparır.İddiaçı əsassız olaraq uşağın xəstə olmasını qeyd edir, buna məhkəməni inandırmağa çalışır. Lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin uşaqlar üçün xidmət göstərən uşaq Poliklinikalarının tam olaraq ödənişsiz olmasını qeyd etmir. Bundan əlavə uşağın bu günə kimi qeyd etdiyi xəstəlikdən hansı müalicələrin almasını, hansı xəstəxanalarda nə qədər pul ödəməsini qeyd etmir.Möhtərəm məhkəmə, o, iddiaçı ilə ailəsini dağıtmaq istəməməsinə baxmayaraq iddiaçı özbaşına olaraq evi tərk etmiş, dərhal boşanma əmlak tələbi qaldırmış, dəfələrlə onun və ailəsinin müraciətlərinə baxmayaraq nikahın pozulmasına təkid edərək, boşanmışdır. Boşanmadan sonra o, yenidən ailə həyat qurmuşdur. Bu ikinci ailəsindən 1 qız övladı anadan olmuşdur. Onun da əlavə xərcləri yaranmışdır.Bundan əlavə iddiaçı bütün bunları prinsip səbəbi ilə edir.Cünki iddiaçının həmin aliment məbləğinə ehtiyacı yoxdur. Yüksək maaşlı yerdə işləyir (“Four Seasons” otelində yerləşən, “Ermanno Scervina”), istədiyi həyatı yaşayır. Xarici ölkəyə gəzməyə getmək üçün ondan uşağın ölkədən çıxarılması üçün etibarnamə verməsini xahiş etmişdir. Bu hal da özü özlüyündə ona dəlalət edir ki, iddiaçının alimentin artırılması tələbi əsasızdır.Həmçinin aliemtin artırılması tələbini iddiaçı əsaslandırmalı idi ki, cavabdehin vəziyyətində yaxşılaşma olmuş, gəlirləri artmışdır. Lakin mövcud vəziyyət tam əksidir.Himayəsində olan digər övladı, sabit əmək haqqı və öz sağlamlıq vəziyyətdəki xəstəlik bunun tam əksidir. O, Nizami Rayon Məhkəməsinə əmək haqqı barədə arayış təqdim etsə də, hakim həmin sənədi qiymətləndirməmişdir. Onun əmək haqqı 541 manat təşkil edir və əlavə gəlir yeri yoxdur.Lakin iddiaçının maddi durumu olduqca yaxşıdır, uşağı öz istəyinə uyğun yüksək ödənişli bağçaya qoymuşdur. Respublikada məktəbədər və uşaq bağçalarının tam ödənişsiz olduğu halda, ölkənin böyük əksəriyyəti uşaqların həmin bağça, məktəbədər məktəblərinə gedərək, ödənişsiz təhsil aldıqları zamanda iddiaçı özü öz şəxsi seçiminə görə bahalı yer seçmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X9 apellyasiya şikayətinə etiraz edədərk, şikayətin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdehə münasibətdə iddia tələbinin təmin edilmiş hissədə yoxlanılması təşkil edir. Belə ki, iddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, cavabdehin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması, iddiaçının apellyasiya şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əlavə xərclərin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-2588/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı «ASAN Xidmət Mərkəzi» Qeydiyyat Şöbəsində xx xxxxx 2015-ci il tarixdə bağlanmış və 1011 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxxxx 2016-cı il təvəllüdlü X10 anası İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx xxxxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, X7 məktəbəqədər təhsil xidmətinin göstərilməsi üçün aylıq təhsil xidmət haqqı 250 manat təşkil edir.xx xxxxxx 2020-ci il tarixli 2 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, X7 anemiya 2-ci dərəcəli, ümmun sistemin zəifliyi diaqnozu qoyulmuşdur.Penitensiar Xidmət Mühafizə Alayı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh 541.74 manat əmək haqqı alır. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd dir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsisinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin məcəllənin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə uşağın qanunla qorunan mənafelərini, eləcə də, təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, cavabdehin əmək haqqının ¼ hissəsi qeyd olunan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan birinci instansiya məhkəməsi 170 manat sabit pul məbləğində aliment tutmaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması,uşağının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikaslı Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Kollegiya qeyd edir ki, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahından olan uşağın anemiya xəstəsi olduğundan və onun müalicəsinə xərclər tələb edildiyindən 30 manat əlavə xərclər üçün vəsaitin tutulmasını ağlabatan hesab edilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-588/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əlavə xərclərin tutulması hissəsində dəyişdirilməli, əlavə xərclərə görə hər ay 30 (otuz) manat məbləğində sabit pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyidirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-588/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əlavə xərclərin tutulması hissəsində dəyişdirilsin. Əlavə xərclərə görə hər ay 30 manat məbləğində sabit pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar