Məhkəmə qərarları › İş №2(103)-4527/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4527/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4527/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh oğluna qarşı “xxxx” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(007)-136/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB Cavabdeh oğluna qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09 mart 2010-cu il tarixli 100/00/1047/10/1 saylı kredit müqaviləsi üzrə Banka 4994,00 (dörd min doqquz yüz doxsan dörd) ABŞ dolları məbləğində əsas borc, 5729.94 (beş min yeddi yüz iyirmi doqquz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 743,82 (yeddi yüz qırx üç ABŞ dolları səksən iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 11467,76 (on bir min dörd yüz altmış yeddi ABŞ dolları yetmiş altı sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard" KB (bundan sonra - Bank) ilə Cavabdeh oğlu (bundan sonra - Cavabdeh) arasında 09 mart 2010-cu il tarixində kredit verilməsi haqqında 100/00/1047/10\1 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 82 ay müddətinə 4994 (dord min doqquz yuz doxsan dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 4994 (dörd min doqquz yüz doxsan dörd) ABŞ dolları məbləğində əsas borc, 5729.94 (beş min yeddi yüz iyirmi doqquz ABŞ dolları doxsan dord sent) məbləğində faiz borcu, 743.82 (yeddi yüz qırx üç ABŞ dolları səksən iki sent) məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 11467,76 (on bır min dörd yüz altmış yeddi ABŞ dolları yetmiş altı sent) məbləğində borcu qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(007)-136/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(007)-136/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, bank tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit üzrə müvafiq ödənişlər edilmişdir. Göründüyü kimi, ödənişlərin mövcudluğu - kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin 21 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 09 mart 2010-cu il tarixli kredit müqaviləsi üzrə 4994 ABŞ dolları əsas, 5729 ABŞ dolları faiz, 743.82 ABŞ dolları cərimə olmaqla, cəmi 11467.76 ABŞ olları məbləğində borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 386.1-ci, 389.1-ci, 405.1-ci və 406.3-cü maddələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin bağlanmasını, həmçinin göstərilən məbləğdə pulun verilməsini sübut edən heç bir sənəd (kassa məxaric orderi) məhkəməyə təqdim olunmamışdır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, müqavilə mövcud olmadığı təqdirdə cavabdehin nə vaxtsa, ödənişlər etməsini əsas gətirərək onun üzərinə mövcudluğu sübut olunmayan müqaviləyə görə hər hansı öhdəliyin qoyulması ədalətli deyildir. Həmin müqavilənin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(007)-136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar