Məhkəmə qərarları › İş №2(103)-4528/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4528/2020

26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4528/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə (üçüncü şəxs AR X4 Palatası cəlb edilməklə) qarşı “müəssisənin sənədlərinin təqdim edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin ona verilməsi, müəssisənin texniki pasportu ilə tanış olmağı, müəssisənin ərazisinin və əmlakının icarəyə verilməsi haqqında müqavilələrlə tanış olmağı barədə və cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsindəki 1560 manat əsas və 78 manat dəbbə pulu= cəmi 1638 manat barədə iddia tələbini 156 səhm x 1 manat 10 qəpik x 10 il =1716 manat, 1716 manata görə 5 faiz dəbbə pulu =85 manat 80 qəpik olmaqla, cəmi - 1801 manat 80 qəpik məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, “müəssisənin sənədlərinin təqdim edilməsi” iddia tələbinə münasibətdə ləğv edilmiş, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini məhkəmədən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı dividendin ödənilməsini tələb edir. Halbuki, dividendin ödənilməsi Mülki Məcəllənin 106.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətin ümumi yığıncağının qərarı əsasında verilir. Lakin cavabdeh tərəfindən xalis gəlir olmadığına görə belə bir qərar qəbul edilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Y.Murtuzayeva apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, “müəssisənin sənədlərinin təqdim edilməsi” iddia tələbinə münasibətdə qətnamə ləğv edilməli və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında yalnız “xxxx” ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciət var, lakin həmin müraciət "xxxx” ASC-yə ünvanlanmamışdır. Etiraza əlavə olunmuş dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, müəssisənin adı “xxxx” ASC, idarə heyətinin sədri isə Emin Zeynalovdur. Göründüyü kimi, iddiaçı mübahisəni məhkəmədənkənar həll etmək üçün məhkəməyə qədər cavabdeh müəssisəyə müraciət etməmiş, pretenziya qaydasına əməl etməmişdir. Digər iddia tələbi, yəni dividend tələbi ilə bağlı analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, dividendlər səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı əsasında verilir, bu onların müstəsna səlahiyyətinə aiddir, bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Qeyd edilən qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, hazırkı iddia tələbi də həmin əsasla təmin edilməməlidir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx” ASC-nin nizamnaməsindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə qeydiyyata alınmış, "xxxx” ASCnin səhmdarlarının xx xxxx 2017-ci il tarixli ümumi yığıncağında təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx” ASC xx xxxxxx 2000-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışdan görünür ki, İddiaçı "xxxx” ASC-nin 156 səhminin səhmdarıdır. "xxxx” ASC-nin arayışından görünür ki, 2008-2018-ci illər ərzində müəssisənin xalis mənfəəti olmamış və buna görə də müəssisənin səhmdarlarına dividendlər ödənilməmişdir. "xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, xx xxxx 2019-cu il tarixdə ümumi yığıncağının iclası keçiriləcəkdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 01/03-43 №-li, xx xxxxxx 2019cu il tarixli məktubundan görünür ki, hal-hazırda «xxxx» ASC-nin MDM-ə qeyd olunan müqavilə üzrə borcu olduğuna görə MDM tərəfindən cəmiyyətə xidmət göstərilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 01/03-144 №-li, xx xxxxxx 2019cu il tarixli məktubundan görünür ki, «xxxx» ASC-nin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (MDM) xidmət müqaviləsi üzrə borcu olduğuna görə xx xxxxxxx 2017ci il tarixdən MDM tərəfindən cəmiyyətə xidmət göstərilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Maliyyə X3 ********** №-li, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Palata tərəfindən “xxxx” ASC-yə sorğu göndərilmişdir. Lakin həmin sorğuda tələb edilən sənədlər və məlumatlar Palataya təqdim edilməmişdir. Bununla da həmin cəmiyyət qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Palatanın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatları təqdim etməyərək araşdırmanın aparılmasına mane olmuşlar. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Palata tərəfindən hüquqi şəxs olan “xxxx” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, müvafiq məhkəməyə göndərilmişdir. Bununla əlaqədar olaraq adı çəkilən cəmiyyət Məcəllənin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli hesab edilmiş və barəsində 1500 (bir min beş yüz) manat cərimə növündə tənbeh tədbiri görülməsi barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2677/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı “divindendin verilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13678/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, “müəssisənin sənədlərinin təqdim edilməsi” iddia tələbinə münasibətdə ləğv edilmiş, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni qismən, yəni iddia tələbinin “dividendin verilməsi” hissəsində cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni iddia tələbinin “dividendin verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı onun sahib olduğu səhmlərə görə dividendlərin ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, müəssisənin xalis mənfəət olmadığına görə dividend tutula bilməz. “xxxx” ASC-nin Nizamnaməsinin 10.5-ci bəndinə əsasən, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar müşahidə şurasının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Lakin belə bir qərar qəbul edilməmiş, xalis gəlir olmadığına görə, müəssisə gəlir əldə etmədiyinə görə dividendlərin ödənilməsinə dair qərar qəbul edilməmişdir. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddələrinin tələblərinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinin tələblərinə görə cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsində isə təsbit olunmuşdur ki, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin qeyd olunan müddəalarından müəyyən olunur ki, səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi məsələsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Cavabdeh “xxxx” ASC -nin Nizamnaməsinin 10.5-ci bəndində isə göstərilmişdir ki, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar müşahidə şurasının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Hazırkı işdə müəyyən olunur ki, “xxxx” ASC səhmdarlarının müvafiq tarixlərdə ümumi yığıncaqları keçirilmiş, lakin cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi, yəni iştirakçılara dividendlərin ödənilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın qərarları olmadığı halda isə məhkəmənin səhmdar cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərini həyata keçirmək və dividendin verilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş dividendlərin ödənilməsi tələbi özü-özlüyündə əsaslı deyildir və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni iddia tələbinin “dividendin verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin “dividendin verilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar