Məhkəmə qərarları › İş №2(103)-4528/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4528/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4528/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh X2, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, Cavabdeh X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(007)- 2648/2012 saylı qərardadından verdiyi şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli, 2(007)-2648/2012 nömrəli qətnaməsinə əsasən cəmi 10.695,07 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh və X1 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh X2 nümayəndəsi və vəkili X7 müddətin bərpasına dair ərizə verərək, Nizami rayon Məhkəməsi tərəfindən 03 dekabr 2012-ci il tarixli, 2(007)-2648/2012 saylı qətnaməsindən qanunla müəyyən edilmiş şikayət vermə müddətinin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı “kredit müqaviləsi üzrə borc tutulması” tələbinə dair iddiası üzrə Nizami rayon Məhkəməsi tərəfindən 03 dekabr 2012-ci il tarixli, 2(007)-2648/2012 saylı qətnaməsi qəbul edilmişdir. Lakin qeyd edilən işin məhkəmə icraatı zamanı onun iştirakı məhkəmə tərəfindən təmin edilməmiş, həmçinin qeyd edilən qətnamə qeydiyyat ünvanına qətnamə rəsmi qaydada göndərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Nizami rayon Məhkəməsinə tərəflərindən ərizə ilə müraciət edilərək, 03 dekabr 2012-ci il tarixli, 2(007)-2648/2012 saylı qətnaməsini rəsmi qaydada təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra məhkəmədən cari ilin noyabr ayında (məhkəmə işləmədiyindən qətnamənin təqdim ediləməsini dəqiq tarixini dəqiqləşdirə bilməmişdir) qəbzi imzalamaqla səlahiyyətli nümayəndə və vəkil kimi qətnaməni rəsmi qaydada qəbul etmişdir. Lakin 24 noyabr 2020-ci il tarixdə “Covid-19” virusundan verdiyi testin nəticəsi Pozitiv çıxdığından 1 ay ərzində karantində qalaraq müalicə olunmuşdir. Eyni zamanda sonradan böyrəklərində də yaranmış fəsadlarla bağlı hələ də müalicəsi davam edir. Bu səbəbdən də Qətnaməni qəbul etmə tarixindən şikayət verilmə müddətinə kimi 1 aylıq müddət tərəflərindən buraxılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsi 29 yanvar 2021-ci il tarixli, 2(007)-2648/2012 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Cavabdeh tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin 12 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4, onun nümayəndəsi və vəkili X7 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi və onun nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməli, mülki iş materialları müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli, 2(007)-2648/2012 saylı qətnaməsi cavabdeh X2 işdə qeyd olunan ünvanına göndərilmiş və həmin qətnamə poçt xəbərnaməsinə əsasən cavabdeh tərəfindən 28 dekabr 2012-ci il tarixdə təhvil alınmışdır. Həmçinin cavabdeh X2 nümayəndəsi və vəkili X7 qətnamənin alınması üçün məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmənin 03 dekabr 2012-ci il tarixli qətnaməsi cavabdeh X2 nümayəndəsi və vəkili X7 tərəfindən 16 noyabr 2020-ci il tarixdə təhvil alınmışdır. Lakin məhkəmə hesab edir ki, qeyd olunan qətnamənin təkrar qəbul edilməsi apellyasiya şikayətinin verilmə müddətinin axımını yenidən başlatmır. Beləliklə qanunla müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Şikayət ərizəsində ötürülmüş prosessual müddətin bərpa edilməsi xahiş edilsə də, prosessual müddətin üzürlü səbəbdən ötürülməsi barədə ərizəyə əlavə edilmiş sənədlər qətnamə təkrarən qəbul edildikdən sonra yaranmış hallardandır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin istinad etdiyi qətnamənin cavabdeh tərəfindən 28 dekabr 2012-ci il tarixdə alınması barədə iş materiallarında olan SS081226660AZ saylı poçt qəbzindən görünür ki, həmin qəbz cavabdeh tərəfindən imzalanmamış, poçt rəisi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qətnamə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə təqdim olunmamışdır. Məhkəmə bundan sonra qeyd etmişdir ki, qeyd olunan qətnamənin təkrar qəbul edilməsi apellyasiya şikayətinin verilmə müddətinin axımını yenidən başlatmır. Kollegiya hesab edir ki, qətnamənin təkrar qəbul edilməsi halı müəyyən olunmur. Əksinə qətnamənin 16 noyabr 2020-ci ildə cavabdehin nümayəndəsi tərəfindən qəbul edilməsi müəyyən olunur. Müddətin bərpası barədə ərizəyə isə cavabdehin nümayəndəsinin xəstəlikləri ilə bağlı sənədlər əlavə edilməsinə baxmayaraq, məhkəmə həmin sənədlərə qiymət verməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(007)-2648/2012 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün, iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(007)- 2648/2012 saylı qərardadı ləğv edilsin, cavabdeh X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli, 2(007)-2648/2012 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası ərizəyə yenidən baxılması üçün, iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar