Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-453/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-869/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NAT000205 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 15 ay müddətinə hər ay 192 (sonuncu ay 189) manat ödəmək şərti ilə, ümumi qiyməti 2.877 manat olan masa - divan komplektini nisyə almış və müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq aylar üzrə ödəməyi, həmin şərtləri pozduqda gecikdirilmiş borc məbləğinin 0,5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NAT000205-1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı və öhdəliyi tam icra etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin əşyalar iddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmiş və bu zaman onun tərəfindən malın texniki göstəricisinə və yararlılığına iradlar bildirilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsinə əsasən "xxxx" QSC iddiaçının (Müştərinin) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verməyi, Müştəri isə borcluya qarşı pul tələbini Faktora qarşı güzəşt etməyi öhdəsinə götürmüşdür. Onların arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsinə əlavə olunan reqres barədə sazişə əsasən ödənilməmiş borc məbləği 2.050 manat təşkil edir. Hazırda iddiaçı Cavabdeh1 həmin müqavilə üzrə 3.262 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin ondan və zaminlik müqaviləsinə əsasən öhdəliyi yaranmış Cavabdeh2 tutulmasını tələb edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.262 manat məbləğində borcun və ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən bir ədəd 2.877 manat dəyərində masa-divan komplektini cavabdehə satmış və komplekt Cavabdeh1 təhvil verilmiş, bunun nəticəsi olaraq təhvil-təslim aktı tərtib edilmişdir. Bundan başqa onunla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bütün bu məlumatlar onun tərəfindən "xxxx" QSC-yə ötürülmüş, bank tərəfindən məlumatlar yoxlanılaraq təsdiq edilmiş və malın dəyəri ona ödənilmişdir. Cavabdeh1 cədivəl üzrə 15 ay müddətində hər ay 192 manat pul ödəməli idi. Lakin cavabdeh yalnız 3 ay ödəniş etmiş sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, təhvil aldığı əmlakın dəyərini ödəməmişdir. Bu səbəbdən də "xxxx" QSC ödənilmiş pul məbləğini faizləri ilə birlikdə, yəni 2.877 + 385 = 3.262 manat pulu ondan geri almışdır. Lakin cavabdehlər tərəfindən borc məbləği ona ödənilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 869/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.262 manat məbləğində borcun və 53 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X7)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.262 manat məbləğində borc və 53 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386cı, 427-ci, 429-cu, 442-ci, 448-ci, 467-ci, 470-ci, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hər hansı şəxslə zaminlik müqaviləsi bağlamamışdır və iş materialına əlavə edilmiş müqavilə saxtadır, onun tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən onun prosesdə iştirakı təmin edilməmiş və o, sübutlarını təqdim etmək hüququndan məhrum olmuşdur. Məhkəmə qətnaməsindən iş icra şöbəsinə dəvət ediləndən sonra, yəni xx.xx.2023-cü il tarixdə məlumat almışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, zaminlik müqaviləsi onun tərəfindən imzalanmamışdır. Qeyd edilən müqavilənin imzalanması ilə bağlı onun atasının bibisi oğlu Cavabdeh1 ona müraciət etmiş, o da ilkin olaraq razılaşmış və zamin olmağının mümkünlüyünün yoxlanılması üçün şəxsiyyət vəsiqəsini göndərmişdir. Lakin sonradan fikrindən daşınmışdır. Məhkəmə mübahisəsindən əvvəl o, bu fikirləri "xxxx" QSC-nin ofisində də bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilərək, rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı oğlu apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, zaminlik müqaviləsini Cavabdeh2 şəxsən özü bağlamamış, zaminlik müqaviləsini onun əvəzinə etibarnamə əsasında əsas borclu Cavabdeh1 imzalamışdır. Bundan əvvəl X4 şəxsiyyət vəsiqəsini də onlara göndərmişdir. Lakin etibarnaməni onlara göstərsə də, sənədlərə əlavə edilməsi üçün ona təqdim etməmiş və özündə saxlamışdır.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı7nı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Cavabdeh2 pulun və dövlət rüsumunun tutulması hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia bu cavabdehə münasibətdə rədd edilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, satıcı qismində iddiaçı zamin qismində isə Cavabdeh2 göstərilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində çıxış edir. Belə ki, həmin müqavilənin məzmununa əsasən (2.2-ci bəndi) Cavabdeh2 Cavabdeh1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı və öhdəliyi tam icra etməyi öhdəsinə götürmüşdür.
20. Hazırda iddiaçı həmin zaminlik müqaviləsinə istinad edərək, 3.262 manat borcun və ödənilmiş 53 manat dövlət rüsumunun həm əsas borclu Cavabdeh1, həm də zamin kimi Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh2 isə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirərək, ona münasibətdə iddianın rədd edilməsini xahiş edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Hazırki mübahisə üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
23. Bu baxımdan Cavabdeh2 münasibətdə irəli sürülmüş tələbdə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin məhz Cavabdeh2 tərəfindən imzalanması sübuta yetirilməli idi. Lakin iddiaçı bu müqavilənin onun tərəfindən imzalanmaması ilə bağlı cavabdehin mövqeyinə zidd mövqedən çıxış etmir, əksinə bu halı təsdiq edir və həmin müqavilənin zaminin əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalandığını etiraf edir. Lakin Cavabdeh1 Cavabdeh2 əvəzinə həmin müqaviləni imzalamaq səlahiyyətini verən etibarnaməni təqdim edə bilmir, həmin etibarnamənin ona göstərildiyini, lakin verilmədiyini bildirir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan da Cavabdeh2 tərəfindən Cavabdeh1 hər hansı səlahiyyətin etibar edilməsini təsdiq edən etibarnamənin mövcud olması müəyyən edilmir.
24. Bununla belə, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi zamin olaraq Cavabdeh2 tərəfindən imzalanmamış, buna hər hansı təmsilçilik səlahiyyəti olmadan Cavabdeh1 tərəfindən imzalanmışdır. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 Rüstəm oğlunun iddiaçı qarşısında yaranmış öhdəliklərinin təminatı olaraq Cavabdeh2 arzuladığı və buna uyğun olaraq iradə ifadəsini əks etdirən hər hansı yazılı zaminlik müqaviləsi imzalanmamışdır. Halbuki, mülki qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması və bu formaya riayət edilməməsinin onun etibarsızlığına səbəb olması imperativ qaydada təsbit edilmişdir. Qeyd edilənlər öz növbəsində həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaradır və bu baxımdan xx.xx.2022-ci il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə icra edilməmiş öhdəliklərin icrasının, o cümlədən ödənilmədiyi iddia edilən 3.262 manat pulun bu cavabdehdən tələb edilməsini istisna edir.
25. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının özü də zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanmadığını etiraf etdiyindən müqavilədəki imzanın ona məxsus olub-olmasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasınn keçirilməsi zəruri bilinməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 869/2023 saylı qətnaməsi cavabdeh (zamin) Cavabdeh2 əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdeh2 aid edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-869/2023 saylı qətnaməsi “cavabdeh (zamin) Cavabdeh2 3.262 (üç min iki yüz altmış iki) manat məbləğində borcun və ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.