Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4533/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi) İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin (Ləğv prossesində olan) nümayəndəsi X1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(001)- 681/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC (Ləğv prossesində olan) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28.08.2015-ci il tarixli 100.LN.1604.280815.00002 saylı kredit müqaviləsi üzrə 100.000 ABŞ dolları əsas, 27.951,83 ABŞ dolları faiz, 18.923,98 ABŞ dolları cərimə olmaqla, cəmi 146.875,81 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 15 faizlə 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(001)- 681/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 28.08.2015-ci il tarixli 100.LN.1604.2808.15.00002 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh bir il müddətinə illik 15% olmaqla, 100.000 ABŞ dolları kredit verilmiş və sonuncu ödəniş tarixi 29.08.2016-cı il qeyd olunmuşdur.Maliyyə arayışından görünür ki, cavabdehin 100.000 ABŞ dolları əsas, 27.951,83 ABŞ dolları faiz borcu, 18.923,98 ABŞ dolları hesablanmı artırılmış faiz borcu olmaqla, 05.08.2019-cu il tarixə ümumi borcu 146.875,81 ABŞ dolları təşkil edir.Xəbərdarlıq məktundan görünür ki, 06.08.2019-cu il tarixdə borcluya 5 (beş) iş günü ərzində borcun ödənilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilərək qeydiyyat ünvanına göndərilmiş, lakin borclu həmin ünvanda yaşamadığından qeyd edilən məktub 09.08.2019-cu ildə geri qayıtmış və aktlaşdırılmışdır.Cavabdehin nümayəndəsi və və vəkili tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli iclasında təqdim edilmiş ərizə ilə "xxxx" ASC tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli iclasında təqdim edilmiş ərizədən müəyyən olunur ki, iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə etiraz edərək, müddətin ötürülmədiyini, sözügedən müqavilə üzrə sonuncu ödənişin 24.11.2016-cı il tarixdə edildiyini, iddiaçı tərəfindən məhkəməyə əvvəlcə 09.08.2019-cu il tarixdə, ikinci dəfə isə 23.10.2019-cu il tarixdə müraciət etdiyini bildirmişdir. Müqavilə müddəti bitdikdən sonra Abdullayev Zakir adlı şəxs tərəfindən 27.09.2016-cı il tarixdə 9.900 ABŞ dolları, 24.11.2016-cı il tarixdə 7000 ABŞ dolları ödəniş olunmasına baxmayaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən heç bir ödənişin olmamasını və Zakir Abdullayev adlı şəxsi tanımadığını bildirməsinə istinad edərək 1-ci instansiya məhkəməsi hazırkı qətnaməni qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-147/2021saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “əvvəla kasasiya instansiyası məhkəməsi, iddiaçının ilkin olaraq 09 avqust 2019-cu ildə deyil, 03 oktyabr 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etməsinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia müddəti bitən tarixədək rabitə orqanı vasitəsilə məhkəməyə təqdim edilib və 03 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olub. Bundan sonra, iddia ərizəsi məhkəmənin 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra 23 oktyabr 2019-cu il tarixdə iddiaçı təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə olan halda, iddia müddətinin axımının kəsilməsi iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən deyil, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin rabitə orqanına təqdim edildiyi vaxtdan hesablanmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, iddia müddətinin kəsilməsi anını düzgün müəyyən etməyib. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış 28 avqust 2015-ci il tarixli kredit müqaviləsinin sonuncu icra müddətinin 29 avqust 2016-cı il tarixdə bitdiyini, iddiaçının hazırki iddia ilə məhkəməyə əvvəl 09 avqust 2019-cu il tarixdə, sonradan isə 23 oktyabr 2019-cu il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyünü, cavabdehin onun adından Zakir Abdullayev adlı şəxs tərəfindən 27 sentyabr 2016-cı il tarixdə 9.900 ABŞ dolları, 24 noyabr 2016-cı il tarixdə 7.000 ABŞ dolları məbləğində aparılmış ödənişlərdən məlamatsız olduğunu, onun həmin şəxsi ümumiyyətlə tanmadığını göstərsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, cavabdehin adından kifayət qədər böyük məbləğdə, yəni cəmi 16.900 ABŞ dolları ödəniş etmiş Zakir Abdullayevin şəxsiyyətini müəyyən edib, onun cavabdehə, o cümlədən hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, habelə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin borclunun əvəzinə üçüncü şəxsin də icra edə bilməsini nəzərə almadan və beləliklə də iddia müddətinin axımının başlanması anını düzgün müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddənin mənasına görə, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Hazırki halda apelyasiya instansiyası məhkəməsi, Zakir Abdullayev tərəfindən müxtəlif vaxtlarda ödənilmiş cəmi 16.600 ABŞ dolları məbləğində vəsaiti bank qəbul edərkən, borclu Cavabdeh bunun əlehinə və ya bu ödənişlər barədə məlumatlı olub-olmamasına dair heç bir araşdırma aparmadan, işə əlavə edilmiş 27 sentyabr 2016-cı il və 24 noyabr 2016-cı il tarixli kassa mədaxil orderlərinin və həmin orderləri imzalamış əməliyyatçı və xəzinadarın imzalarının həqiqiliyini yoxlamadan, onların hazırki mübahisəli məsəyə münasibətini öyrənmədən, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hər hansı hərkətlər etməməsi qənaətinə gəlmişdir.” Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətin etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 28.08.2015-ci il tarixli 100.LN.1604.2808.15.00002 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh bir il müddətinə illik 15% olmaqla, 100.000 ABŞ dolları kredit verilmiş və sonuncu ödəniş tarixi 29.08.2016-cı il qeyd olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 100.000 ABŞ dolları əsas, 27.951,83 ABŞ dolları faiz borcu, 18.923,98 ABŞ dolları hesablanmış artırılmış faiz borcu olmaqla, 05.08.2019-cu il tarixə ümumi borcu 146.875,81 ABŞ dolları təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktundan görünür ki, 06.08.2019-cu il tarixdə borcluya 5 (beş) iş günü ərzində borcun ödənilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilərək qeydiyyat ünvanına göndərilmiş, lakin borclu həmin ünvanda yaşamadığından qeyd edilən məktub 09.08.2019-cu ildə geri qayıtmış və aktlaşdırılmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi və və vəkili tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli iclasında təqdim edilmiş ərizədən görünür ki, "xxxx" ASC tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli iclasında təqdim edilmiş ərizədən görünür ki, iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə etiraz edərək, müddətin ötürülmədiyini, sözügedən müqavilə üzrə sonuncu ödənişin 24.11.2016cı il tarixdə edildiyini, iddiaçı tərəfindən məhkəməyə əvvəlcə 09.08.2019-cu il tarixdə, ikinci dəfə isə 23.10.2019-cu il tarixdə müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki işə iddia müddətini tətbiq etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia müddəti bitən tarixədək rabitə orqanı vasitəsilə məhkəməyə təqdim edilib və 03 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Bundan sonra, iddia ərizəsi məhkəmənin 07 oktyabr 2019-cu il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra 23 oktyabr 2019-cu il tarixdə iddiaçı təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti saylır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddənin mənasına görə iddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının kəsilməsi isə özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi). İddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi yolu ilə rəsmiləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının kəsilməsi üçün əsas ola bilər. Digər tərəfdən, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə həm borclu fiziki şəxsin, həm də borclu hüquqi şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilməsi üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini göstərən və təsdiqləyən hərkətlər etsin. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər: məsələn, kreditor qarşısında borclu şəxsin borcu etiraf etməsi, əsas borcu və ya faiz borcunu tam və ya qismən ödəməsi, əsas borc üzrə faizləri köçürməsi və sair. İş materialları ilə müəyyən edilir ki, kredit müqaviləsi üzrə 27 sentyabr 2016-cı il tarixdə 9900 ABŞ dolları, 24 noyabr 2016-cı il tarixdə isə 7000 ABŞ dolları, cəmi 16900 ABŞ dolları məbləğndə ödənişi Cavabdeh adından Abdullayev Zakir adlı şəxs tərəfindən həyata keçirilmişdir ki, cavabdeh tərəfin hər hansı ödəniş etmədiyini, ümumiyyətlə Zakir Abdullayev adlı şəxsi tanımadığı barədə verdiyi izahatı kollegiya inandırıcı saymır və hesab edir ki, bu kimi izhatalar öhdəliyin icrasından yayınmağa yönəlmiş kimi qəbul edilmədlir. Digər tərəfdən təkrar apellyasiya baxışı zamanı bank tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdehla bank arasında 17 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 100.000 dollar kredit verilmiş, həmin borcun ödənişi olaraq 16.07.2015-ci il tarixli kassa mədaxil orderinə əsasən 12500 ABŞ dolları ödəniş həyata keçirilmişdir ki, həmin qəbzin alan qrafasında Cavabdeh, ödəyən qrafasında isə Abdullayev Zakir qeyd edilmişdir, beləliklə əvvəlki borc da Cavabdeh adından eyni şəxs tərəfindən icra edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi qeyd olunan maddənin mənasına görə, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir, bununla da iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülməmişdir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxıb yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalı, Cavabdeh kredit müqaviləsi üzrə əsas borcuna görə 100.000 ABŞ dolları (ödəniş gününə manata olan məzənnəyə uyğun) manat iddiaçının xeyirinə tutulmalıdır. Faiz borcuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 28.08.2016-cı il tarixdə bitmişdir. Həmin tarixə olan faiz borcu isə 14497,96 ABŞ dolları təşkil edir ki, faiz borcu məhz həmin məbləğdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qiivvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Beləşərtin olmadığı müqaviləöhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarına əsasən, Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 100000 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 18923,98 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamışdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 2000 (iki min) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, iddia ərizəsinə görə dövlət rüsumu cavabdehdən iddiaçı tərəfin xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmişdövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(001)- 681/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28.08.2015-ci il tarixli 100.LN.1604.2808.15.00002 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 100.000 (bir yüz min) ABŞ dolları, faiz borcuna görə 14.497,96 (on dörd min dörd yüz doxsan yeddi ABŞ dolları, doxsan altı sent) ABŞ dolları, dəbbə pulu 2000 (iki min) ABŞ dolları olmaqla, cəmi 116.497, 96 (bir yüz on altı min dörd yüz doxsan yeddi ABŞ dolları doxsan altı sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4533/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4533/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver