Məhkəmə qərarları › İş №2(103)-4538/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4538/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4538/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” ilk, Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(005)-4247/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhvil verdiyi mərmər-qranitin dəyəri və qazanc daxil olmaqla 24500 ABŞ dollarının (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və həmin məbləğə 2018-ci ilin avqust ayından məhkəmə qətnaməsi çıxarılan günə bank uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı vurulmuş zərərə görə 32060 manat zərərin, 5800 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) borcun, 1000 manat vəkilə ödənilmiş xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(005)- 4247/2019 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-3023/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3023/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Yeni apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarına əsasən hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(005)-4247/2019 saylı qətnaməsi ilk iddia tələbinin təmin olunmaması hissəsində mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan həmin hissədə ləğv edilməli və mülki iş qeyd edilən hissədə baxılması üçün aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Ali Məhkəmənin həmin qərarında qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı tərəflər məhkəmə baxışının barışıq sazişi ilə tamamlamaq yaxud mübahisənin məhkəmədən kənar sülh yolu öz aralarında həll etmək təklifinə əsasən tərtib edilmiş aktdan görünür ki, cavabdeh müəyyən miqdarda mərmər-qranit malları iddiaçıya qaytarmış, həmin malların 14700 ABŞ dolları dəyərində qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi həmin akta, aktın bağlanmasına kimi tərəflərin hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən malların bir hissəsinin qaytarılması, bu hərəkətləri məhkəmədə işə baxılana kimi etməkdən yayınması əsas verir ki, malların üzərində sərəncam vermək imkanı cavabdehdə olmuş, iddiaçının malların satılmasında iştirakı olmamışdır. Bu hal onların birgə biznes fəaliyyəti ilə məşğul olmalarına dair cavabdehin dəlillərini təkzib edir. İş üzrə dindirilmiş şahidlər də mərmər-qranit mallarının iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini, malları cavabdehin İntiqam adlı işçisi tərəfindən təhvil alındığını, mərmər sexinin Cavabdeh icarə əsasında işlətdiyini göstərmişlər. Azərbaycan Respublikası gətirilmiş malların dəyərinin İran İslam Respublikasıında iddiaçı tərəfindən ödənilməsi də hazırkı iş üzrə tərəflər arasında birgə biznes fəaliyyətinin olmadığına dəlalət edən hallardan biridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı münasibətlərin müəyyən edilməsindən ötrü işə baxan məhkəmələr tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin qeyd edilən malların iddiaçı tərəfindən ölkəyə gəririlməsini qəbul etməsi halında həmin malların keyfiyyətli olmaması barədə göstərdiklərinin sübut etmə yükünün cavabdehin üzərinə düşməsinə də məhkəmələr qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, Cavabdeh polis idarəsində və məhkəmə iclaslarında verdiyi izahatlarında, həm də qarşılıqlı iddia ərizəsində iddiaçının onun sifarişi əsasında 4 TİR maşında mərmər-qranit malın İran İslam Respublikasından Azərbaycan Respublikasına 2018-ci ilin yayında gətirilməsi, həmin malların onun anbarına boşaldılmasını, iddiaçının ondan gömrük rüsumu ödəmək üçün hər maşına görə 5400 manat, yük daşıma haqqı olaraq hər maşına görə 1450 ABŞ dolları olmaqla, cəmi 5800 ABŞ dolları və yük boşaldılması üçün hər maşına görə 600 manat olmaqla, cəmi 2400 manat fəhlə pulu almasını etiraf etmiş, həmin halları mübahisələndirməmişdir. İddiaçı tərəflər arasındakı münasibətlərin nisyə alqı-satqı olduğunu, cavabdehin ona 14700 ABŞ dolları mala görə, 4000 ABŞ dolları isə hər maşına görə pul verməli olduğunu göstərmiş, cavabdeh isə tərəflər arasındakı münasibətlərin birgə biznes fəaliyyəti olduğunu, mallar satılmadığına görə ziyana düşdüklərini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı hər iki tərəf fiziki şəxsin sahibkarlıq uşotu haqqında şəhadətnamənin surətlərini təqdim etdilər. Hazırkı mübahisə, işdən göründüyü kimi fərdi sahibkar statusuna malik olan hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi sahibkar statusuna malik olan tərəflər arasında həmin mübahisə apellyasiya baxışının predmeti olan hissədə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından, birinci instansiya məhkəməsi mülki işi həmin hissədə aidiyyət qaydalarına riayət etmədən öz icraatına qəbul etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli və iş həmin hissədə aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 5-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Həmin qərarın 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə ilk iddia tələbinin təmin olunmaması hissəsində məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, mülki iş qeyd edilən hissədə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(005)- 4247/2019 saylı qətnaməsi İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasının təmin olunmaması hissəsində ləğv olunsun və iş materialları həmin hissədə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar