Məhkəmə qərarları › İş №2(103)-454/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-454/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-454/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 163/18 saylı, 18 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Mərkəz” filialı borcalan Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün, illik faiz dərəcəsi 7% olmaqla, 211 ay müddətinə ilə aylıq 825,19 manat ödəmək şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipotekaya götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5-05301-093018, qeydiyyat nömrəsi **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 163/18 saylı, 18 iyul 2018-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC-nin “Mərkəz” filialı borcalan Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün, illik faiz dərəcəsi 7% olmaqla, 211 ay müddətinə ilə aylıq 825,19 manat ödəmək şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit vermişdir.

3. İş materiallarında olan, “Kreditor-İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “Alıcı- İpoteka qoyan” qismində Cavabdeh və “Satıcı” qismində X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 160.000 manat təşkil etmiş, mənzilin dəyərinin 60.000 manat məbləğində olan hissəsi “Alıcı-İpoteka qoyan”ın özü tərəfindən, 100.000 manat məbləğində olan hissəsi isə “Kreditor-İpoteka saxlayan” tərəfindən xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinə əsasən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. “Kreditor-İpoteka saxlayan”la “Alıcı-İpoteka qoyan” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmeti 245.000 manat dəyərində qiymətləndirilmişdir.

4. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 89.656,39 manat əsas borcu, 3.382,11 manat faiz borcu, cəmi 93.038,5 manat borcu yaranmışdır.

5. İş materiallarında olan, Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair xx.xx.2018-ci il tarixli, M-0505/ATB saylı hesabatın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinin xx.xx.2018-ci il tarixinə olan bazar dəyəri 245.000 manat, likvid qiyməti 215.000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 89.656,39 manat əsas, 3.382,11 manat faiz, cəmi 93.038,5 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 163/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipotekaya götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5-05301-093018, qeydiyyat nömrəsi **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borcu 89.656,39 manat, faiz borcu 3.382,11 manat təşkil edir. Cavabdeh xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün ona pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş də cavabsız qalmışdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1034/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev), iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə yaranmış 89.656,39 manat əsas borcun, 3.382,11 manat faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manatın, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, cəmi 93.453,5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutulması, həmin tutmanın Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyəri) 215.000 (iki yüz on beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsin. Borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh həmin mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 89.656,39 manat əsas və 3.382,11 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalı, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzilinin 1 ay ərzində Cavabdeh tərəfindən boşaldılmalı, əks təqdirdə o, məcburi qaydada mənzildən çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 36.1, 36.2, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə iştirakını təmin etmədən baxaraq yekun qərar qəbul etmiş, prosessual hüquq və vəzifələri izah olunmamış, qanunla müəyyən edilmiş hüquqları və prosessual normaların tələblərini pozmuşdur. Məhkəmə işə iştirakı olmadan baxmış, qanunla ona verilmiş hüquqlarından istifadə etməkdən məhrum etmiş, tərəflərin bərabərlik hüquqlarını, çəkişmə prinsipinin tələblərini pozmuşdur. Bunlarda prosesual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Cavabdeh qismində cəlb olunduğu iş üzrə məhkəməyə dəvət olunmağı barədə məlumatlı olmamış, bu barədə məlumatlı olmuş olsaydı qanunla ona verilmiş hüquqlardan istifadə edib zəruri sənəd və sübutlarını məhkəməyə təqdim edərdi. Birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təmin olunaraq iddiaçı banka tərəfindən ödənilən vəsaitləri nəzərə almayaraq qiymət verməmiş, məhkəmədə işitirakının təmin olunmamasından istifadə edərək həmin halların hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə kredit borcu üzrə vəsaitlərin ödənilbödənilməməsini, borc üzrə son ödəniş məbləğin ümumiyyətlə araşdırmamış və mübahisə üzrə əhəmiyyət kəsb edən bu kimi halları qiymətləndirməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı

15. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

33. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

34. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

35. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

37. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

38. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

39. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

40. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.

41. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”.

42. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

43. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;

44. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

45. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

46. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

47. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

53. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, məhkəmə qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Birinci instansiya məhkəməsi, Cavabdeh kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin kredit vəsaitini və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən hesab etmişdir ki, iddia tələbi 89.656,39 manat əsas və 3.382,11 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir.

58. Cavabdeh qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, məhkəmə işə iştirakı olmadan baxmış, qanunla ona verilmiş hüquqlarından istifadə etməkdən məhrum etmiş, məhkəmə xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təmin olunaraq, iddiaçı banka tərəfindən ödənilən vəsaitləri nəzərə almayaraq qiymət verməmiş, kredit borcu üzrə vəsaitlərin ödənilb-ödənilməməsini, borc üzrə son ödəniş məbləğin ümumiyyətlə araşdırmamış və mübahisə üzrə əhəmiyyət kəsb edən bu kimi halları qiymətləndirməmişdir.

59. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsas və faiz borcun tutulması hissəsində gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır.

60. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən işə şifahi icraat qaydasında hazırlıq iclasının xx.xx.2022-ci il tarixə, saat 09:50-yə təyin edilməsi barədə Cavabdeh xx.xx.2022-cxi il tarixli məhkəmə bildirişi göndərilmiş və həmin bildiriş xəbərnamədə imza edilməklə, xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Bundan sonra isə, məhkəmə baxışı iclasları barədə cavabdehə bildirişlər göndərilsədə onun yaşadığı mənzildə olmaması səbəbindən bildirişlər geri qayıtmışdır. Beləliklə işdən görünür ki, cavabdehin hazırki məhkəmə mübahisəsindən məlumatı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin qeyd edilən dəlilləri də, əsassızdır.

61. Eləcə də, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəmənin tərəfindən banka ödənilən vəsaitləri nəzərə almayaraq qiymət verməməsi, kredit borcu üzrə vəsaitlərin ödənilb-ödənilməməsini araşdırmaması barədə dəlillərini araşdıraraq qeyd edir ki, cavabdeh şikayətində qeyd etdiyi bu dəlillərlə bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya baxışı zamanı şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir.

62. Halbu ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Bundan başqa məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə qiymətləndirdikləri 245.000 manat məbləğində müəyyən edilsə də, məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin hazırki vəziyyətdə real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etdiyindən apelyasiya məhkəməsi tərəfindən qiymətləndirici dəvət edilərək rəy alınmışdır.

64. Belə ki, iş materiallarında olan, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 298/ATB/22 saylı, 23 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin, 1 saylı mənzilinin hazırki dövrə olan orta bazar dəyəri 378.000 (üç yüz yetmiş səkkiz min) manat, Likvid qiyməti 340.000 (üç yüz qirx min) manat təşkil edir.

65. Məhkəmə kоllegiyası hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin, 1 saylı mənzilinin hazırki dövrə (23 dekabr 2022-ci il tarixə) olan orta likvid dəyərinin 340.000 (üç yüz qirx min) manat həddində müəyyən edilməsi nəzərə alınmalıdır.

66. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2022 saylı, 03 iyun 2022-ci il tariхli qətnaməsinin dəyişdirilməsinə dair hissədə qismən təmin edilə bilər.

67. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, Cavabdeh apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən, bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4 və 386-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsas sayıldığından, iddiaçının apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi хahiş оlunduğundan apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ipoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin, 1 saylı mənzilinin hazırki dövrə olan likvid dəyəri 340.000 (üç yüz qirx min) manat həddində müəyyən edilməli, məhkəmə qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

69. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə xərci olan mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir.

70. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1034/2022 saylı, 03 iyun 2022ci il tariхli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 215.000 (iki yüz on beş min) manat məbləğində müəyyən edilməsi hissədə dəyişdirilsin. İpoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin, 1 saylı mənzilinin hazırki dövrə olan likvid dəyəri 340.000 (üç yüz qirx min) manat həddində müəyyən edilsin. Qətnamə Cavabdeh apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olan mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat cavabdeh X3 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin – VOEN:**********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52 İBAZ******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar