Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-454/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2773/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 1104 manat, sonuncu ay isə, 1121,44 manat kredit borcunu dövri olaraq ödəməlidir.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 23508,11 manat kredit borcu, 4088,54 manat faiz borcu və 1490,65 manat cərimə borcu olmaqla, cəmi 29087,30 manat borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.508,11 manat kredit borcu, 4088,54 manat faiz borcu və 1490,65 manat cərimə borcu olmaqla, cəmi 29.087,30 manat məbləğində borcun və 177,26 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC-yə etdiyi xx.xx.2022-ci il tarixli müraciət-ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6491.89 manat ödəniş etmiş və оnun iddiaçıya 23.508,11 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 349 gün üçün hesablanmış faiz borcu 4088.54 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 349 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1490.65 manat təşkil edir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2773/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 23.508,11 manat kredit borcu, 4088,54 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 27.896,65 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 173,69 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X4).
7. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı ərizə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin ərizə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən 23508,11 manat kredit borcu, 4088,54 manat faiz borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 739.1-ci, 462.1-ci, 467-ci, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2773/2024 nömrəli qətnaməsini əsas və faiz borcun tutulması hissəsində ləğv edib, həmin hissədə iddia tələbinin qismən təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə ilə müəyyən edilən və cavabdeh tərəfindən iddiaçıya kredit borcundan edilən ödənişlər onu deməyə əsas verir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş və iddiaçı ilə arasında bağlanmış müqavilənin tələblərini pozmamışdır. Eyni zamanda cavabdehin ödədiyi məbləğ iddia ərizəsində daha az göstərilmişdir. Cavabdeh iddiaçıya qətnamədə göstərilən məbləğdən daha çox ödəniş etmişdir. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının nümayəndəsinin verdiyi izahatı əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə hüquq bərabərliyi prinsipi pozulmuşdur. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutlarırədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar biri-birini inkar edir. Məhkəmə yalnız iddiaçının şişirdilmiş və əsassız məlumatlarına əsaslanmaqla nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə mübahisənin obyektiv həllinə nail olmaq üçün məhkəməmühasibatlıq ekspertizası təyin edə bilərdi. Çünki həm əsas, həm də faiz borcu iddiaçı tərəfindən şişirdilərək iddia tələbinə daxil edilmişdir. Bu da kifayət qədər mübahisə doğuran məqamdır. Lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə sistemi vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində apellyator tərəfindən qətnamənin əsas və faiz borcu məbləği mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız faiz borcunun tutulması ilə bağlı hissəsində dəyişdirilməli, mübahisələndirilöən digər hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
21. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişildilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.
22. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 mart 2025-ci il tarixli 9/10374 nömrəli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 061A********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 11 sentyabr 2023-cü il tarixinə (sual üzrə tarixinə) İddiaçı QSC olan borcu 28.195,31 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 25.416,54 manat, faiz borcu üzrə 2.778,77 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra 2391,47 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2023-cü il tarixə göstərildiyindən 2391,47 manat məbləğində ödəniş nəzərə alınmadı.
23. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə qətnamə ilə qət edilən əsas məbləğ borcdan daha az borcunun olduğunu sübuta yetirə bilmir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi. Məhkəmə kollegiyası isə faiz məbləği ilə bağlı 11 mart 2025-ci il tarixli 9/10374 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Lakin hesablanma ilə müəyyən edilmişdir ki, faiz borcunun məbləği iddia qeyd edilənləndəın azdır. Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 2.778,77 manat məbləğində faiz borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Digər məbləğlərin tutulması hissəsində hər hansı bir hesablamada pozuntunun olması müəyyən edilməməklə, apellyasiya şikayəti verən şəxs tərəfindən də təqdim edilmədiyindən həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2773/2024 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək 2.778,77 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.