Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4542/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3260,1 manat borc və 30 manat dövlət rüsumu, ümumilikdə 3290,1 manat borcun İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edərək fotoşəkillər çəkmişlər. Cavabdeh tərəfindən qeyri-qanuni təbii qazdan istifadəyə görə "İddiaçı” İB-nə 3260,1 manat ziyan dəymişdir. Cavabdeh ilə bağlanılmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. İşə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-487/2020 nömrəli 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 388.8 manat pul vəsaitinin və 23 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 102 manat pul məbləğinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5734/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iddianın mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5734/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-663/2021 saylı 08.02.2021-c il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2020ci il tarixli, 2(103)-5734/2020 nömrəli qətnaməsini ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin sayğacdan kənar qazdan qeyriqanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq 10.04.2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunması və həmin akta əsasən cavabdehə 388,8 manat cərimə hesablanmasını əsaslı saymış, sonrakı aktların isə cavabdehin təbii qazdan qeyriqanuni istifadəsini təsdiq etmək üçün yetərli sübut sayılmamasını müəyyən edərək, iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinn 21, 1096, 1097, 560.3.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinadla əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə iddianın təmin olunmamış hissəsində qanuni sayıla bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarından görünür ki, iş üzrə tərəflər arasında 22.05.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan Cavabdeh qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “G-4” tipli sənaye cihazı G-4 markalı, 1202AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən mənzildə 4 gözlü qaz plitələri (PQ-4), (0/1) qızdırıcı radiator peçi (1/1) cihazları mövcuddur. 10.04.2017, 31.01.2018, 16.03.2018, 27.04.2018, 29.05.2018, 27.07.2018, 28.08.2018, 28.09.2018, 31.10.2018, 30.11.2018, 28.12.2018, 31.01.2019, 28.02.2019, 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019, 31.01.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktların surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən qaz sayğacına qeyri-qanuni qoşulma müşahidə olunmuşdur. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamələrlə cavabdehin abunə hesabına orta sərfiyyatla 10.04.2017-ci il tarixə 1944 kub metr, 31.01.2018-ci il tarixə 1325 kub metr, 29.03.2018-ci il tarixə 634 kub metr, 30.04.2018-ci il tarixə 576 kub metr, 29.05.2018-ci il tarixə 324 kub metr, 30.07.2018-ci il tarixə 1332 kub metr, 28.08.2018-ci il tarixə 576 kub metr, 28.09.2018-ci il tarixə 1008 kub metr, 31.10.2018-ci il tarixə 1008 kub metr, 30.11.2018-ci il tarixə 1008 kub metr, 28.12.2018-ci il tarixə 1008 kub metr, 31.01.2019-cu il tarixə 1008 kub metr, 28.02.2019- cu il tarixə 1008 kub metr, 29.03.2019-cu il tarixə 1008 kub metr, 30.04.2019-cu il tarixə 1008 kub metr, 30.05.2019-cu il tarixə 324 kub metr, 28.06.2019-cu il tarixə 324 kub metr, 31.07.2019-cu il tarixə 324 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29981 nömrəli, 17 yanvar 2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hacı Həsən küçəsi 303 nömrəli fərdi yaşayış evində İddiaçınə məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar qoşulma halı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulduğu iddia olunan zərərin ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğunu iddia edir və sübut qismində öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib olunmuş aktları təqdim etmişdir. Birinci instansiyası məhkəməsi həmin aktları mötəbər sübut hesab etməyərək və həmin aktlar əsasında hesablanmış məbləği əsassız hesab edərək iddianı qismən təmin etmişdir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə fərdi yaşayış evində iddiaçıya məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halının olduğu müəyyən edilmişdir. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-nin 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan ekspert rəyini tədqiq etməmiş, ona qiymət verməmiş və rəylə razılaşmamasının səbəblərini əsaslandırmamışdır. Eyni zamanda Məhkəmə baxışı zamanı cavabdeh bildirmişdir ki, qaz xəttinə özbaşına qoşulmayıb, qaz idarəsinin işçiləri buna şərait yaradıblar. Həmin şəxslər müəyyən edilməlidir. Qış aylarında 10 manat, yay aylarında 5 manat veriblər. Qeyri-qanuni işlətməkdən başqa çarə olmayıb. Göründüyü kimi cavabdeh izahatında qaz xəttinə sayğacdan kənar qoşulduğunu etiraf etmişdir. Baxılan iş üzrə cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğu yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla təsdiq edildiyi halda sübut əhəmiyyətinə malik olan cavabdehin etirafedici izahatına da heç bir qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənləri nəzərə almadan iddianı qismən, yalnız 10.04.2017-ci il tarixli, ******* saylı aktı əsas götürülməklə həmin akt üzrə hesablanmış 1944 kub metr qazdan qanunsuz istifadə edilməsinə görə 388.8 manat(1944x0.2=388.8) məbləğində vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməməklə, birinci instansiya məhkəməis səhv nəticəyə gəlmişdir. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının qanunla qorunan hüquqları məhdudlaşdırılmamalıdır və bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,60 manat, 16.03.2018-ci il tarixli ******* saylı akt əsasında 322,20 manat, 25.04.2018-ci il tarixli ******* saylı akt əsasında 268,80 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 28.07.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat, 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2871,3 manat (2871,3 manat + 388,8 manat), cəmi 3260,1 manat borc və 30 manat dövlət rüsumu İddiaçı verillsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4542/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4542/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver