Məhkəmə qərarları › İş №2(103)-4542/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4542/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4542/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, girova tutma yönəldilməsi, ədalətli məhkəmə araşdırması hüququ) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bundan sonra – iddiaçı, yaxud bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış 16 iyun 2011-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə avtomobil alınması məqsədilə 18 ay müddətinə, 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilməsi razılaşdırılmış, cavabdeh krediti ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış 16 iyun 2011-ci tarixli girov müqaviləsinə əsasən, 1999-cu il buraxılışlı “Daevoo Leganza” markalı avtomobil həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə girov (ipoteka) qoyulmuş, girov qoyulmuş əmlakın dəyəri 7500 manat müəyyənləşdirilmişdir.

3. Girov (ipoteka) müqaviləsi Daxili İşlər Nazirliyinin BDYPİ-də qeydiyyata alınmışdır.

4. Bank cavabdehə 23 aprel 2012-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan əsas borcdan 4647,04 manatın, 925,54 manat faizin, ümumilikdə 5572,78 manatın 5 gün ərzində ödənilməsini tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.

5. Bank tərəfindən cavabdehə xx.xx.2012-ci il tarixdə də eyni məzmunlu xəbərdarlıq göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 4647,04 manat məbləğində əsas, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, girov predmetinin məbləği kredit borcunu ödəmədikdə tutmanın borclunun digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, xx.xx.2012-ci il tarixinə banka 4647,04 manat əsas, 925,54 manat faiz olmaqla, cəmi 5572,58 manat borcu yaranmış, dələrlə xəbərdarlıqların olunmasına baxmayaraq, kreditin qalıq məbləğinin qaytarılması üçün heç bir tədbir görülməmişdir.

8. Birinci instansiya məhkəməsinin 27 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 4647,04 manat məbləğində əsas, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı Az ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödənişlər etmiş, sonrada ödəniş etməmiş, nəticədə iddiaçıya əsas kredit və faiz borcu yaranmışdır. Cavabdehin tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə iddiaçıya əsas kredit üzrə 4647,04 manat əsas, 925,54 manat faiz borcunun yaranması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, tutma iddiaçı qarşısında cavabdeh tərəfindən girovla yüklü edilmiş “Daevoo Leganza” markalı, buraxılış ili 1999-cu il, ban nömrəsi KLAVA69ZEXB173932 olan avtomobilə yönəlməlidir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin “ipoteka predmetinin məbləğinin kredit borcunu ödəmədikdə tutmanın borcalanın digər əmlakına yönəldilməsi” hissəsi ilə bağlı bildirmişdir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında olan 16 iyun 2011-ci il tarixli girov müqaviləsinin 1.8-ci bəndində girov obyektinin satılmasından hasil edilmiş məbləğ bankın tələblərinin tam ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin borclunun başqa əmlakından almaq ixtiyarı qeyd olunsa da, həmin əmlakların nədən ibarət olması barədə dəqiq məlumat göstərilməmişdir. Digər tərəfdən, məhkəmə baxışı zamanı da iddiaçının nümayəndəsi verdiyi izahatlarında tələbin qeyd olunan hissəsini əsaslandıra bilməmiş və məhkəməyə cavabdehə məxsus digər əmlakların nədən ibarət olması barədə hər hansı mötəbər sübut növü təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 269, 317.1, 319.1, 319.6, 385, 386.1, 445.1, 445.2.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 39.3-cü, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxılarkən iştirakı təmin olunmamış, işin faktiki halları tam araşdırılmamışdır. Həmçinin, iddiaçı bankdan kredit almamış, bankın vəzifəli şəxsləri onun adından saxta müqavilə bağlayaraq krediti mənimsəmişlər. Həmin əməllərinə görə bankın vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşlar

15. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmünə əsasən, İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X7 vəzifəsindən sui-istifadə edərək ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli 01 nömrəli kredit müqavilələri və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədləri - girov müqavilələri, kredit sifarişləri, ssuda verilməsi üçün sərəncamlar, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəllərini hazırlamış və müvafiq sənədlər əsasında həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526 652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, bu əməlləri ağır nəticələrə səbəb olmuşdur. Həmin əməllərinə görə X7 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının cavabdehə qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə kredit verilməsi sübut olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.2, 385.1.1, 385.1.2, 387.2.2, 388-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya məhkəməsi İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X4 vəzifəsindən sui-istifadə edərək ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli kredit müqaviləsi və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədlər həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526 652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurması, bu əməllərin ağır nəticələrə səbəb olmasına görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 1(101)-98/2016 saylı hökmünə istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə kredit verilməsi sübut olunmur. Bununla belə, mülki işə əlavə edilmiş həmin hökmdən görünür ki, (səh. 204) ekspertizaya təqdim olunmuş, Cavabdeh adına olan xx.xx.2011-ci il tarixli 01 nömrəli kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsindəki, 2-ci vərəqində “borcalan” qrafasında “Cavabdeh” qeydlərinin qarşısındakı, 16 iyun 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Qeyd olunan məlumatın tərəflər arasında etibarlı bir kredit müqaviləsinin bağlanıb-bağlanmadığı, bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilib yetirilmədiyi, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olub-olmaması və ümumilikdə iddia tələbinin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi sözügedən rəyə və hallara lazımi hüquqi qiymət verməmişdir. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutların qiymətləndirilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən hallara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi qiymət verilmədiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir”.

22. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

Təkrar apellyasiya baxışı, verilən izahatlar

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı bankın (ləğvedicinin) nümayəndəsi isə Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla şikayətin əsassız olduğunu bildirmişdir.

24. Cavabdeh izahatında həmçinin göstərmişdir ki, 2011-ci ildə qohumu Şahin Heybətliyə görə tanıdığı Elçin adlı şəxs özünə kreditlə maşın almaq istədiyini və bir nəfər Bakı şəhərində qeydiyyatda olan şəxsin zaminliyinə ehtiyac yarandığını ona demiş, razılaşaraq şəxsiyyət vəsiqəsini Elçinə vermiş, növbəti gün Elçin zaminlik məsələsinin alınmadığını, avtomobili onun özünün adına almaq lazım olduğunu ona bildirmiş, lakin bununla razılaşmayaraq şəxsiyyət vəsiqəsinin qaytarılmasını istəmişdir. Elçinə ona 50 manat vermiş, şəxsiyyət vəsiqəsini qaytarmışdır. Heç bir bank əməliyyatlarında iştirak etməmiş, sənədləri imzalamamışdır.

25. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldildiyindən “Daevoo Leganza” markalı avtomobillə bağlı hərrac keçirilmiş, avtomobil hərracdan 800 manat satılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

31. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

37. Maddə 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır.

38. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

41. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

43. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

44. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

45. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

48. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

49. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır.

50. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

51. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

52. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

53. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

65. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

66. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

67. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

68. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

69. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur, məhkəmə isə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

71. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə mübahisələndirilən (yoxlanılan) hissədə ləğv edilərək, həmin hissədə işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

72. İddiaçı, xx.xx.2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə avtomobil alınması üçün illik 30%-lə 18 ay müddətinə 5000 manat kredit verildiyini və cavabdehlə girov müqaviləsinin bağlandığını, xx.xx.2012-ci il tarixinə onun banka 4647,04 manat əsas, 925,54 manat faiz borcunun yarandığını bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, həmin müqavilə üzrə ona ümumiyyətlə pul vəsaiti verilməmiş, kredit və girov müqaviləsi bağlamamışdır.

73. Buna görə də kollegiya, ilk növbədə cavabdehin həmin dəlilinə, yəni onunla bank arasında bağlanmış müqavilənin etibarlı müqavilə olub-olmadığı məsələsinə qiymət verməyi zəruri hesab edir; belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

75. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının (§ 31-37) mənasına görə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

76. İddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1-ci, 319.1ci, 739.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 29, 30, 48). Bununla belə qeyd olunmalıdır ki, həmin iddia tələbi üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – xx.xx.2011-ci il tarixli müqavilə üzrə cavabdehə kredit məbləğinin verilib-verilməməsi sübutetmənin predmetidir.

77. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 54-56).

78. İddiaçı, mübahisəli hala dair sübut kimi xx.xx.2011-ci il tarixli kredit və girov müqavilələrini, habelə ödəniş cədvəlini təqdim etmişdir.

79. Bununla belə, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və apellyasiya baxışı zamanı tədqiq olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, “...İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X7 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ... öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib X9, X6, X3 və qeyrilərinin gəlir əldə etməsi üçün onların qarşısında nüfuz qazanmaq, kredit portfelini yüksəldib özünü işgüzar işçi kimi göstərməklə, həmin şəxslərin təklifi ilə ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsi və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədləri – girov müqavilələri, kredit sifarişləri, ssuda verilməsi üçün sərəncamları, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəllərini hazırlamış və müvafiq sənədlər əsasında həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526 652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, bu əməlləri ağır nəticələrə səbəb olmuşdur”.

80. Həmin cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı əsasında müəyyən edilmişdir ki, “Cavabdeh adına olan xx.xx.2011-ci il tarixli 01 nömrəli kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsindəki, 2-ci vərəqində “borcalan” qrafasında “Cavabdeh” qeydlərinin qarşısındakı, 16 iyun 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. ...Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “Cavabdeh” qeydinin qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

81. Mülki-prosessual qanunvericiliyin müəyyənləşdirdiyi preyudisiya mexanizminə əsasən (§ 58), cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş hökmü hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

82. Beləliklə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2011-ci il tarixli kredit müqaviləsini imzalamış cavabdeh müvafiq hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bununla da həmin müqavilə ona münasibətdə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur.

83. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin müqavilələr əsasında cavabdehə münasibətdə müvafiq hüquqlar əldə etməmişdir və iddia tələbi müqavilələrə istinadən təmin oluna bilməz.

84. Bununla belə kollegiyanın qənaətinə görə, cavabdeh müvafiq müqavilələri və xəzinə orderini imzalamaqla banka məxsus pul vəsaitinin mənimsənilməsinə şərait yaratmış, beləliklə də bank qarşısında qanundan irəli gələn öhdəliyi yaranmışdır.

85. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.

86. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən, əhəmiyyətsiz əqd üzrə bankın xəzinəsindən məxaric etdiyi 5000 manatın banka ödənilməmiş hissəsi Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən bankın xeyrinə tutula bilər.

87. Həmin pul vəsaitinin cavabdeh tərəfindən digər şəxslərə verilməsi, yaxud digər şəxslər tərəfindən onun vasitəsilə bankın xəzinəsindən məxaric olunması isə müvafiq iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir.

88. İddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehə 4647,04 manat əsas borc hesablamışdır; həmçinin işin materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra qətnamənin icrası qaydasında ipoteka predmeti olan avtomobil açıq hərracdan 800 manata satılmışdır.

89. Belə olan halda isə cavabdehdən bankın xeyrinə 3847,04 manat tutula bilər. Nəzərə alınmalıdır ki, tərəflər arasında etibarlı müqavilə münasibətinin yaranmadığı qənaətinə gəlindiyindən, xx.xx.2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsi əsasında cavabdehə faiz borcunun hesablanması mümkün deyildir.

90. Avtomobil artıq açıq hərracdan satıldığı üçün, kollegiya iddiaçının digər tələbinə qiymət verməyi zəruri hesab etmir.

91. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun 17 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi rüsum məbləği onun özünə aid olunmalıdır.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2012 saylı iş üzrə 27 avqust 2012-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 3867,04 (üç min səkkiz yüz altmış dörd manat 4 qəpik) manat tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar