Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4543/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1008/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X4” ASC ilə Cavabdeh arasında sonuncunun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona 2.000 manat məbləğində kredit xətti açılmış, kreditin başlama tarixi xx.xx.2022-ci il, kreditin bitmə tarixi xx.xx.2025-ci il, kreditin müddəti 35 ay, faiz dərəcəsi illik 27.6 %, aylıq 2.3 %, gecikməyə görə faiz dərəcəsi ödənilməmiş minimal ödənişin 0.5 %-i, gecikməyə görə cərimə birinci ay 5 manat məbləğində, növbəti aylar 10 manat məbləğində nəzərdə tutulmuşdur.
2. Ərizədə Cavabdeh "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu, imzası ilə təsdiq etdiyini və razı olduğunu bildirmişdir.
3. Müqavilənin 3.1.11-ci bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. Müqavilənin 3.1.30-cu bəndinə əsasən bank, internet şəbəkəsində müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart hesabından silinmələrə, kartdan PİN kodu daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır. Müqavilənin 5.7.15-ci bəndinə əsasən bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsilə bu limiti azalda bilər.
4. “X4” ASC-nin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Bank ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AGİD**********2 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka xx.xx.2023-cü il tarixinə 6.500 manat əsas, 474,22 manat faiz, 187,6 manat cərimə, cəmi 7.159,82 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 222 saylı və 9682 saylı arayışlarından görünür ki, Cavabdeh polis bölməsinə müraciət edərək və izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində olan “Leobankda lotoreyada oynamaq” səhifəsinə daxil olaraq orda şəxsiyyət vəsiqəsinin kodu və mobil nömrəsini qeyd etmiş, xx.xx.2023-cü il tarixdə isə özünə məxsus 4098 5844 7165 5056 nömrəli "xxxx" hesabından və 4098 5844 7120 9682 nömrəli "xxxx" hesabından 4.997,17 manat pulun naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etmişdir.
6. "xxxx" ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh, kart hesabından naməlum şəxs və şəxslər tərəfindən pulun çıxarılmasını bildirmiş və aylıq hesablanacaq faiz məbləğinin dayandırılmasını xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə 6.500 manat əsas, 659,82 manat faiz, 0 cərimə, cəmi 7.159,82 manat “X4” ASC-yə borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X4” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6.500 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faiziə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 6.500 manat əsas, 659,82 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7.159,82 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6.500 manat əsas, 659,82 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7.159,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 91,60 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh 6.500 manat əsas, 659,82 manat faiz, cəmi 7.159,82 manat məbləğində borcun və ödənilmiş 91,50 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə aşağıda qeyd etdiyi xüsusatlara görə iddiaçının iddia tələbini qəbul etmir və hesab edir ki, iddiaçı tərəfindən verilmiş tələb tamamilə əsassızdır. O, xx.xx.2023-cü il tarixində İnstagram sosial şəbəkəsində "xxxx" ASC-ə məxsus "Leobankda lotereya oynamaq" səhifəsinə daxil olmuşdur. Sözü gedən səhifədə ondan şəxsiyyət vəsiqəsinin kodu və mobil nömrəsi tələb edilmiş, o da bunun qaydalar olduğu zənn edərək özünə məxsus fərdi məlumatları həmin səhifəyə daxil etmişdir. Bundan sonra onun razılığı olmadan xx.xx.2023-cü il tarixində ona məxsus **********209682 nömrəli Leobank hesabından 4.997.17 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Onun xəbəri olmadan ona məxsus bank hesabından bu qədər məbləğin naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılması faktı ilə bağlı araşdırılma aparılması, əmələ cinayət-hüquqi qiymət verilməsi üçün tərəfindən xx.xx.2023-cü il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət edilmişdir. Ona faktla bağlı araşdırılma aparıldığı bildirilmiş, bununla bağlı olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 222 saylı Arayış təqdim edilmişdir. Həmin arayışdan aydın olduğu kimi xx.xx.2023-cü il tarixində 4.997,17 manat məbləğində pul vəsaitinin naməlum şəxs tərəfindən çıxarılması faktı öz əksini tapmışdır. Bundan savayı, aparılan istintaq və araşdırmalar zamanı məlum olmuşdur ki, sözü gedən müqavilə üzrə 6.500 manat məbləğində kredit götürülmüş, həmin pul vəsaitinin bir hissəsi, yəni 1.500 manat ilkin olaraq çıxarılmış, qalan məbləğ, yəni 5.000 manat isə istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən 2 dəfə olmaqla Ukrayna Respublikası, Vinisi şəhərində çıxarılmışdır. Faktla bağlı araşdırma davam edir. Bütün bunlar sözü gedən pul vəsaitinin götürülməsi, çıxarılması, istifadəsi, eyni zamanda, digər prosedurlarla onun bir bağlılığının olmamasının bariz sübutudur. Sözü gedən ona məxsus olan bank hesablarından pul vəsaitləri çıxarılan zaman ona hər hansı bir bildiriş, təsdiq olunmasını əks etdirən icazə bildirişi, təhlükəsizlik kodu göndərilməmişdir. Halbuki, cəmiyyətlə arasında bağlanılmış müqaviləyə əsasən, bank xidmətlərinin aparılması zamanı təhlükəzlik qaydalarına əməl edilməsi, məxfiliyin qorunması üçün cəmiyyət bütün lazimi tədbirlər görməklə məsuliyyət daşıyır. Belə ki, ona məxsus olmuş kartlardan pul çıxarılan zaman bank tərəfindən təhlükəsizliyə riayət olunmaması ilə müşayiət olunan addımlar nəticəsində bu gün onun kart hesabımdan pul çıxarılmış və mən maddi ziyana məruz qalmışdır. Halbuki Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası haqqında Qərarın 2.1.16-cı maddəsinə əsasən, informasiya təhlükəsizliyi dedikdə, informasiyanın konfıdensiallığının, tamlığının və əlçatanlığının mühafizə olunması nəzərdə tutulur. Bu barədə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada müraciət edilmiş, baş verən hadisənin halları barədə əməkdaşlar məlumatlandırılmışdır. Belə ki, o sözügedən qanunsuz hərəkətlərlə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırmaların davam etdiyini bildirmiş, ona hesablanmış əsassız borcların silinməsini, bundan sonra aylıq hesablanacaq faiz məbləğinin dayandırdılmasını xahiş etmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müraciəti cavablandırılmamış, baş verən qanunazidd hərəkətlər və yaşadığı çətinliklər gözardı edilmiş, bu hüquqazidd hərəkətlərin və nəticələrin aradan qaldırılmasının onlara aid olmamasını bildirilərək yaranmış qeyri-qənaətbəxş nəticələrin aradan qaldırılmasına heç meyil göstərilməmişdir. Qeyd edir ki, cari gündə isə iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsassız olaraq ondan sözü gedən müqavilə üzrə öhdəliklərin icrasını tələb edir. O, öz üzərinə düşən öhdəliklərini icra etməkdən boyun qaçırmır. Sözügedən pul vəsaitinin 1.500 manatı onun tərəfindən kartdan çıxarılmış və istifadə edilmişdir. Lakin, qalan məbləğin ondan asılı olmayan səbəblərdən, razılıq iradəsinin xaricində baş verən hadisənin hallarını, cari imkanının nəzərə alınmasını iddiaçıdan xahiş etsə də, iddiaçı onun xahişini nəzərə almamağa davam etmiş, həmin pul vəsaitinin tərəfindən ödənilməsini qərəzli şəkildə israr etmişdir. Həmin hadisə baş verən zaman, hazırki mübahisə üzrə iddiaçı ümumiyyətlə onu müqavilə tərəfi kimi qəbul etməmiş, onu Leo Bank ASC-ə yönləndirmişdir. Bu gün isə maraqlı olmadığı, onu qəbul etmədiyi halda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə onun üçün çıxılmaz, eyni zamanda, əhəmiyyətli dərəcədə çətin vəziyyət yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1008/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia təmin edilmiş, Cavabdeh 6.500 manat əsas, 659,82 manat faiz borcu olmaqla, cəmi 7.159,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 91,60 manat dövlət rüsumunun “X4” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
12. Məhkəmə cavabdehə məxsus bank kart hesabından naməlum şəxs və ya şəxslər tərəfindən 4.997,17 manat pul vəsaitinin çıxarılmasına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli X2 2.2.1-ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır, 3.1.11-ci bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır, 3.1.15-ci bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, bank bu problemlərə sörə müştəri qarşısında məsuliyyət daşımır.
13. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin etirazında göstərdikləri iddia tələbinin təmin edilməməsi üçün əsas kimi qəbul edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 448.1, 743.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuşdur, belə ki, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edərək iddia tələbinin əsasını təşkil edən pul vəsaitinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etməli, bundan sonra iddia tələbinə hüquqi qiymət verməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona ayrılmış limitin artırılaraq 6.500 manat olduğundan məlumatı olmuş, 1500 manatdan istifadə etmiş, qalan məbləğin kartda qalmasına qərar vermişdir. Əsas borcu hissə-hissə ödəyə bilər.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.
27. Cavabdehin etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli X2 3.1.30-cu bəndinə əsasən bank, internet şəbəkəsində müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart hesabından silinmələrə, kartdan PİN kodu daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır.
28. Bu halda məhkəmə kollegiyası əsas borc tələbinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.
29. Bundan əlavə, cavabdeh tərəfindən gecikmədə olan borcun ödənildiyi barədə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
30. Kollegiya cavabdehdən tutulmalı olan faiz borcuna münasibətdə qeyd edir ki, “X4” ASC tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 474,22 manat faiz borcu yarandığı müəyyən edilmişdir. Bildirişlə banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
31. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən xx.xx.2023-ci il tarixinədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır.
33. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1008/2024 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə cavabdehdən iddiaçı “X4” ASC-nin xeyrinə 659,82 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 474,22 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1008/2024 nömrəli qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 474.22 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR