Məhkəmə qərarları › İş №2(103)-4546/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4546/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4546/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (3-cü şəxs: Cavabdeh1) qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-948/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (3-cü şəxs: Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tərəfindən müştərək qaydada dəymiş ziyan məbləği olaraq 18000 manat məbləğində pul ödənişinin məcburi olaraq icrası, habelə ödənişin vaxtında edilməməsi nəticəsində yaranmış ildə 5 faiz hesabı ilə 19 ay üçün həmin məbləğin faizi olaraq 1450 manat və dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində xərcin, ümumilikdə 19481 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Holcim» zavodunun dileri olan İddiaçı MMC-yə Cavabdeh2 müraciət edərək tanışı Cavabdeh1 18.000 manat dəyərində 3600 kisə 144 ton olmaqla sement lazım olduğunu bildirmiş, sonradan onlara Cavabdeh1 adından sement sifariş olunmuş, mal sifariş verilən ünvana, yəni Cavabdeh1 işlətdiyi daş sexinə birbaşa «Holcim» zavodunun anbarından bir neçə dəfəyə 02.05.2017-ci il, 16.05.2017-ci il və 18.05.2017- ci il tarixlərdə 5 dəfə olmaqla daşınmışdır. Sonradan Cavabdeh1la daşınma qaiməsində olan ilə əlaqə saxlayarkən, o, borcu olmamasını, malı 1 dəfə qəbul etməsini, digər dəfələr malı onun sexinə tanışları yığmasını, malı alan və gətizdirən sexin onun qohumu Əlibala Məmmədov olmasını, şirkətə borcu olmamasını, təqsirli şəxslərin tapılması ilə bağlı izahat və ərizə verərək xahiş etmişdir. Bununla bağlı Cavabdeh1 ərizə və izahatını da təqdim etməklə şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, şirkəti aldadan təqsirli şəxslərin dairəsini müəyyən edərək dəymiş ziyanın ödənilməsinə kömək edilməsini xahiş etmişlər. Abşeron rayon Polis İdarəsində bu fakt üzrə araşdırma aparılmış, cavabdehlərin izahatı alınmış, 12.07.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etmə hüquqları izah edilmişdir. Polis İdarəsindən əldə edilmiş araşdırma materiallarından görünür ki, Cavabdeh4 Cavabdeh1 ərizəsində dediklərini təsdiq edərək göstərmişdir ki, daş sexi işlədir, tanışı Cavabdeh3la şərikli tikinti aparmaq istədiyini, 2017-ci ilin may ayında Emin sementinin olmasını bildirmiş, bu sementləri satmağa köməklik etməsini xahiş etmiş, yığmağa yeri olmadığını, Emin gətirdiyi sementləri tanışı Abbasa sexlərinə yığmağını xahiş etmişdir. Sementləri Abbasın sexinə yığdırmış, Abbas sementi qəbul etmiş, sonra öyrənmişdir ki, sementləri Emin Xırdalan şəhərində bir tikintiyə satmışdır. Cavabdeh3 polisə verdiyi izahatında qeyd etmişdir ki, qardaşı Elçinin «Holcim» zavodu ilə müqaviləsi var idi və sement götürürdü. Özü Əlibala və bir neçə şəxslə tikinti işləri apardığı üçün tikintiyə o da pul qoymalı olduğu üçün, lakin pulu olmadığı üçün qardaşı Elçindən xahiş etmişdir ki, ona müəyyən qədər sement versin. 2017- ci ilin may ayında qardaşı Elçin 3600 kisə sementi ona tikintiyə sərf etmək üçün göndərdi. Lakin sementi saxlamağa yeri olmadığı üçün Əlibalanın köməyi ilə Abbas adlı şəxsin sexinə yığdırmış və həmin sementləri də Əlibala satmışdır. 2018-ci ilin əvvəllərində Əlibala onunla şəriklikdən pulunu da alıb ayrılmış və bu səbəbdən də həmin sementlərin pulunu verə bilməmişdir. Qeyd edilənlərdən də görünür ki, cavabdehlər Cavabdeh1 adına rəsmiləşdirdikləri 18.000 manat məbləğində 3600 kisə sementi əldə edərək satmış və şirkətə ödənilməli olan pulu ödəməklə şirkətə ziyan vurmuşlar. Dəfələrlə Cavabdeh2la görüş keçirərək şirkətə ödənilməli olan borcun ödənilməsini tələb etdikdə Elçin qardaşı Eminin, Emin isə Əlibalanın ödəməli olduğunu göstərsələr də araşdırma materialları ilə hər üçünün şirkətə ziyan vurması öz təsdiqini tapmış və bu səbəbdən də hesab edir ki, müştərək qaydada dəymiş 18000 manat ziyan məbləğini ödəməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(009)-948/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 18000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat, cəmi 18031 (on səkkiz min otuz bir) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-948/2019 saylı iş üzrə 04.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25.07.2019-cu il tarixli 2(103)-8791/2019 saylı qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(009)- 948/2019 saylı qətnaməsinin verilmiş apelyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apelyasiya Məhkəməsinin 25.07.2019-cu il tarixli 2(103)- 11685/2019 saylı qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qalan hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.01.2020-ci il tarixli 2(102)-149/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8791/2019 nömrəli iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsin əsasən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(009)-948/2019 saylı qətnaməsi apelyatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, iddianın qalan hissədə də rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3147/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız Abşeron RPİ-nin 12 iyul 2018-ci il tarixli Cinayət işinin rədd edilməsi haqqında qərarına əsaslanmışdır. Şirkət tərəfindən hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmişdir. Adı çəkilən qərar qanuni qüvvəyə minməmiş və ondan şikayət verilmişdir. Cavabdeh2 iddiaçı şirkətlə hər hansı bir bağlılığı olmamışdır. O, iddiaçının nə əməkdaşı, nə dileri olmuş, nə də o, şirkətlə hər hansı bir müqavilə öhdəliyi bağlamışdır. Cavabdehlər məhkəmə iclasına dəvət edilməmiş və bu səbəbdən də hüquqlarını müdafiə edə bilməmişdir. Bu isə öz növbəsində onların konstitusiyada və tərəfdaş olduqları beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı ilə Cavabdeh4 arasında 07 avqust 2018-ci il tarixdə akt imzalanaraq borcun olmadığı qeyd edilmişdir. Cavabdeh4 iddiaçı təşkilatdan sement məhsulu almış və bunun müqabilində təbii ki, pul vəsaitini ödədiyi üçün borcunun olmaması barədə sənədlər imzalanmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apelyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərinmdən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi apellyasiya şikayəti verən şəxsə münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, yüknəqliyyat qaimələrin surətlərindən görünür ki, 3600 kisə, 144 ton sementin satıcısı kimi “xxxx” MMC, alıcı kimi İddiaçı MMC, daşıyıcılar kimi müxtəlif MMC-lərə məxsus avtomaşınlar, yükü qəbul edən şəxs kimi isə Cavabdeh1 göstərilmişdir. Qeyd olunan sənədlərdə Cavabdeh2la “xxxx” MMC, nədə ki İddiaçı MMC arasında hər hansı əmlakın, həmçinin sementin alqı-satqısı, sifarişi barədə məlumatlar öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı şirkət Cavabdeh2 sifarişi ilə 3600 kisə sementi təhvil verərək öz üzərinə götürdüyü öhdəliyi icra etsə də, həmin sementə görə ödənilməli olan pul məbləği ödənilməmişdir. İddiaçıya sementin alınması ilə bağlı sifariş Cavabdeh2 tərəfindən verildiyindən, Cavabdeh2 isə sementin alınmasını Cavabdeh3 tapşırdığından, 3600 kisə sementin dəyərinin ödənilməsinə görə də öhdəliyi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh3 daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “iddiaçı 3600 kisə olmaqla 144 ton sementin dəyərinin Cavabdeh2 tutulmasını tələb etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, təqdim edilən sübutlar isə məhkəmələr tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Cavabdeh2 144 ton sementin alınması ilə bağlı iddiaçı şirkətə sifariş verməsi və həmin sifarişə əsasən “xxxx” ASC-dən sement buraxılması halları müəyyən edilməyib. Apellyasiya məhkəməsi iş üçün əhəmiyyət daşıyan həmin halla bağlı Ali Məhkəmənin göstərişlərinə əməl etməməklə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilən bu müqavilə iddiaçı şirkətlə “xxxx” ASC arasında olan alqı-satqı münasibətlərini təsdiq etsə də, Cavabdeh2 iddia tələbində göstərilən miqdarda və məbləğdə iddiaçıdan sement almasını, başqa sözlə, Cavabdeh2 iddiaya cavab verməli şəxs olmasını müəyyən etmək üçün əsas sayıla bilməz. Apellyasiya məhkəməsi Abşeron rayon Polis İdarəsinin 12 iyul 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyətli qərar kimi istinad etməklə, səhvə yol vermişdir. Kollegiya qeyd etmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə cinayət təqibi üzrə istənilən dövlət orqanının deyil, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı preyudisial əhəmiyyət daşıyır”. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 3600 kisə olmaqla 144 ton sementin dəyərinin Cavabdeh2 tutulmasını tələb etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, təqdim edilən sübutlar isə məhkəmələr tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Cavabdeh2 münasibətdə əsaslı hesab edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 948/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-948/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar