Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4546/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 24.12.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı 155.000 manat (və ya hər iki tərəfin razılaşdığı məzənnə ilə, konvertasiya ediləndən sonra 100.000 ABŞ dolları ekvivalentində) borcu olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2017-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməyən 102.000 manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 395 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bu günədək borcundan 40000 ABŞ dolları ödəmişdir. Ən son borc xx.xx.2022-ci ildə ödənilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-246/24 saylı iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı ilə cavabdeh arasında müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2017-ci il tarixdən başlamışdır. Lakin iş materiallarında olan “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışlarda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcüstan Respublikasından cavabdehin həyat yoldaşı X2 tərəfindən 2022-ci il tarixdə müxtəlif pul vəsaitləri köçürülmüş, bununla da borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Göründüyü kimi, iddiaçı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borc aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 373, 377, 375, 376, 380, 385, 389, 406, 442, 448, 739, 740-cı maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müddətlər ərzində iddiaçı öz pozulmuş hüquqlarını tələb etmədikdə, bu hal qarşı tərəfin öhdəliyinin xitamına səbəb olur. Sözügedən Məcəllənin 550-ci maddəsində də birbaşa olaraq göstərilir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarış adı qoyulan kağız parçaısını mötəbər sübut kimi qəbul etməsi, yalnız məhkəmənin qərəzli və qeyri-obyektiv münasibətin göstəricisi ola bilər. Nəzərə alınmalıdır ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Əgər həqiqətən də cavabdehin özünün iddiaçıya borcu var idisə, deməli, iddiaçı xx.xx.2020-ci ilədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Halhazırda iddiaçı iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən 40000 ABŞ dolları miqdarında ödənişlərin edilməsini, həmin ödənişlər varsa, kim tərəfindən, necə, hansı təyinatla ödənilməsini, iddia müddəti bitənədək müddət ərzində hər hansı bir ödənişin edilib-edilməməsini aydınlaşdırmadan, iş materiallarına heç bir dəlilə söykəməyən öz mülahifəzsi ilə qiymət verərək, nəticədən əsassız qətnamə qəbul etmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739.1 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verərək həmin hallar üzrə yanlış nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
17. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
19. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçının borcu tələb etmək hüququ həmin tarixdən yaranmış, 3 il ərzində - xx.xx.2020-ci ilədək borcu tələb etmək hüququ mövcud olmuşdur. İddiaçı həmin müddət ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin cavabdehin borcu etiraf edən hərəkətlərə yol verməsi və bununla müddətin axımının kəsilməsinə dair mövqeyi əsaslı olmamışdır.
21. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
22. Qanunun yuxarıda göstərilən mənasından da görünür ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddətinin axımının kəsilməsinə səbəb olur.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlandığı vaxtı düzgün müəyyən etsə də, həmin müddətin bitdiyi vaxt və müddətin axımının kəsilməsi ilə bağlı normaları mübahisəyə düzgün tətbiq etməmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2017-ci ildə başlamış və xx.xx.2020-ci ildə bitmişdir.
25. Məhkəmə kollegiyası iddia müddəti bitdikdən 2 il sonra, yəni 2022-ci il tarixdə cavabdeh tərəfindən 40 000 ABŞ dolları ödəniş edilməsi və bunun iddia müddətinin axımını kəsməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayaraq qeyd edir ki,əvvəla, cavabdeh bunu qəbul etmir və 2022-ci ildə iddiaçıya hər hansı ödəniş etmədiyini bildirir. İddiaçı özü də bu ödənişlərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, belə bir ödəniş aparılmış olsaydı belə, həmin ödəniş iddia müddətinin axımını kəsə bilməzdi. Belə ki, cavabdehin borcun etirafına yönəlmiş hərəkəti iddia müddəti ərzində deyil, 3 illik iddia müddəti keçdikdən sonra edilmişdir. Bu cür hərəkətlər yalnız iddia müddəti ərzində edildikdə iddia müddətinin axımının kəsilməsinə səbəb olur. İddia müddəti qurtardıqdan sonra borcun etirafına yönələn hər hansı ödənişin aparılması iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz.
26. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd olunmalıdır.
27. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd edilməlidir (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı 102.000 manat pul tələbinə iddiası rədd edilsin. İddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.