Məhkəmə qərarları › İş №2(103)-4547/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4547/2025

10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4547/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2604/2025 saylı, 02 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh AR Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2604/2025 saylı 02 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh AR Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, iddia tələbinin hüquqi yardıma görə tələb olunan 1140 manat pulla bağlı sübut əhəmiyyətli hər hansı sənədin təqdim olunması mümkün olmadığından iddianın həmin pulun cavabdehdən tutulması hissəsində iddiadan imtina edir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə kollegiyası hazırki məsələyə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının qeyd edilən hissədə iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan ərizəsindən görünür ki, iddia tələbinin hüquqi yardıma görə tələb olunan 1140 manat pulun cavabdehdən tutulması hissəsində iddiadan imtina etmişdir. Həmçinin onun gələcəkdə qeyd olunan tələb ilə bağlı heç bir iddia və tələbi olmayacaqdır, hazırki iddiasından hüquqi yardıma görə tələb olunan 1140 manat pulun cavabdehdən tutulması hissəsində imtina edir və iş üzrə icraata müvafiq hissədə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi yardıma görə tələb olunan 1140 manat pulun cavabdehdən tutulması hissəsində iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddia tələbinin hüquqi yardıma görə tələb olunan 1140 manat pulun cavabdehdən tutulması hissəsində imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2604/2025 saylı 02 iyun 2025-ci il tarixli qətnaməsi - hüquqi yardıma görə tələb olunan 1140 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar