Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4548/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəymiş zərərin əvəzinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən ona məxsus sement zavodunun “xxxx” ASC tərəfindən icbari sığortalandığını, eyni zamanda 04.10.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən AZ//PİP/18/0018 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” verildiyini, müəyyən edilmiş sığorta haqqlarını ödədiyini, sığorta məbləğinin ümumilikdə 300 000 manat (avadanlıq (drabilka motor) - 50 000 manat; bunker (3 ədəd) -10 000 manat; çardaq (naves) – 240 000 manat olmaqla)) müəyyən edildiyini, 15.10.2018-ci il tarixində işə gələrkən sexin çardağının (navesin) güclü külək (fırtına) nəticəsində təqribən 500 kv.m. ölçüdə dağıldığını (uçduğunu) gördüyünü, dərhal ASC-yə məlumat verərək sonuncu iş günü, yəni 12.10.2018-ci il tarixdə hər şeyin qaydasında olduğunu, iş bitdikdən sonra işçilərin evlərinə getməsi səbəbilə hadisədən 15.10.2018-ci il tarixində xəbərdar olduğunu bildirdiyini, ASC-nin İxtiyar adlı əməkdaşının həmin gün əraziyə gəldiyini, şəkillər çəkdiyini və sənədləşmə aparıldıqdan sonra hesablama aparılıb sığorta ödənişi ediləcəyini söylədiyini, lakin sonradan ASC-nin sığorta ödənişini həyata keçirməkdən imtina etdiyini, uçmuş çardağın bərpasına 40 000 manat tələb edildiyini, bundan başqa ASC-nin ödəməli olduğu sığorta ödənişini ödəməməsi nəticəsində sement sexində olan vulkan külünün yağışdan və küləkdən yararsız hala düşməsi, həmçinin vulkan külünün itlərin yeməyinə (suyuna) qarışması ilə əlaqədar iki bahalı itinin ölməsi səbəbindən 20 000 manat maddi ziyana məruz qaldığını irəli sürmüş, buna görə də ümumilikdə 60 000 manat ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı dövlət nəfinə tutulması, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ona aid edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin qeyri-obyektiv ekspertiza rəyinə istinad etdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək həmçinin göstərmişdir ki, “xxxx” ASC-nin əməkdaşları müxtəlif bəhanələr gətirərək hüquqlarını kobud şəkildə pozmuşlar və hələ də pozmaqda davam edirlər. Belə ki, 26.02.2010-cu il tarixində Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın 22-ci müddəasının 22.1-ci bəndində “sənədlərin təqdim olunması vaxtından etibarən, sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir” əks olunsa da, 3 ay ərzində müraciətinə konkret münasibət bildirilməmiş, getgələ salınmış, sonda isə əsassız imtina cavabı verilmişdir. Sözügedən qaydanın “Xüsusi şərtlər” bölməsinin “Fırtına üzrə şərtlər” bəndində qeyd olunur ki, “Əmlakın Yanğın və X3 Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə: Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına (10 (on) metr yüksəklikdə saniyədə 17,1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir”. Göründüyü kimi, 17,1 metrdən yuxarı sürətlə əsən küləkləri fırtına kimi qəbul etsələr də, 13.10.2018-ci il tarixində küləyin sürətinin 19 m/san olması faktını qəbul etməyərək, görmək istəməyərək, fırtına kimi qiymətləndirməyərək qanunsuzluğa yol verirlər. Həmin qaydanın 17-ci müddəasının 17.1-ci bəndində göstərilir ki, “Sığortalı hadisə baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 5 (beş) iş günü ərzində sığortaçıya məlumat verməlidir”. Maddənin məzmunundan da aydın olduğu kimi o, hadisədən 15.10.2018-ci il tarixində xəbər tutduqdan sonra müddəti buraxmadan dərhal sığortaçıya məlumat vermişdir. Odur ki, müddətin buraxılması və ya gec xəbər vermədən söhbət gedə bilməz. Əgər sözügedən qaydalara, qanunvericiliyin tələblərinə, əldə edilmiş məlumatlara, işin hallarına, sənədlərə qanuni nəzər yetirilsə, tələbi təmin edilməli, ona dəymiş zərər müəyyən edilərək sığorta ödənişi ödənilməlidir. Məhkəmə isə real faktları və işin hallarını təhrif etmiş, araşdırılan sübutlar bilərəkdən cavabdehin xeyrinə şərh olunmuş, mübahisəyə ədalətli hüquqi qiymət verilməmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh şirkətin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən 12.10.2018 tarixində hadisə baş verməsi barədə 15.10.2018 ci il tarixdə məlumat verilmiş, daha sonra yenidən müraciət olunaraq hadısənin 12,13,14 oktyabr 2018-ci il tarixlərdə baş verməsi halının araşdırılması xahiş olunmuş, müvafıq sorğulara alınan cavablardan məlum olmuşdur ki, 12,13,14,15 oktyabr tarixlərində Abşeron rayonu ərazisində iddiaçı ilə ASC arasında bağlanan sığorta müqaviləsinin şərtlərinə uyğun sığorta hadisəsi baş verməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamenti tərəfindən ASC-nə təqdim olunmuş hava şəraiti barədə məlumatdan görünür ki, 12.10.2018 ci il tarixində hava dəyişkən buludlu, görünüş 10-20 km., havanın orta temperaturu 8,7 dərəcə, külək şimal, şimal şərq istiqamətli, maksimum sürət 13m/sek (6 bal) olmuşdur. Eyni zamanda 13.10.2018-ci il tarixdə hava tutqun buludlu, görünüş 10-20 km, havanın orta temperaturu 15,2 dərəcə, külək şimal, şimal-şərq istiqamətli, maksimum surət 13m/sek (6 bal) olmuşdur. Müəyyən edilmişdir ki, sığortalıya məxsus obyektin talvar tikintisinin xarici divarları və dam örtüyündə yaranmış qüsurların meteoroloji stansiyalar tərəfindən göstərilən sürətlə əsən küləklərin təsiri nəticəsində yaranması qeyri-mümkündür. Mülki Məcəllənin 900.1.9-cu maddəsinə əsasən sığorta müqviləsinin məzmununda sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş əlavə sığorta təminatları ilə əhatə olunur. İdiaçının iddia tələbinin məzmunundan, eyni zamanda cəmiyyətə ünvanlanan müraciətindən göründüyü kimi, sığortalı, hadisənin baş vermə tarixindən məlumatsız olmuşdur. Halbuki, sığorta müqaviləsinin şərtlərində əsas şərt olaraq ərazidə 7/24 saat mühafizə təminatının olması birbaşa göstərilmişdir ki, sığortalı bu şərtləri pozmuşdur. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişi verilməsindən imtinanın əsasını yaradır. Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektə 16.01.2019-cu il tarixdə baxış keçirilən zaman, dövlət tərəfindən 17-18 yanvar 2019-cu il tarixlərində havanın şəraitinin kəskin pisləşəcəyi bildirilərək, həmin tarixlərdə tələbə və işçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə iş günü olmaması göstərilmişdir. Həmin tarixlərdə də hidrometeoroloji stansiyalar tərəfındən Bakı şəhərində küləyin sürətinin 30-35 m/san və Bakı ətrafı kəndlərdə isə küləyin sürətinin 35-40 m/san olduğu göstərilmişdir. Həmin günlərdən sonra sığortalıya məxsus obyektdə hər hansı hadisənin baş vermədiyi müşahidə olunmuşdur. Qeyd olunan faktlardan, o cümlədən, iş materialına əlavə edilmiş görüntülərdən, sığortalıya məxsus tikintinin yükgötürən konstruktiv elementlərinin ölçülərindən göründüyü kimi, tikilidə yaranmış qüsurların, hidrometeoroloji stansiyalar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranması mümkün deyildir. İddiaçının iddia tələbinin məzmununda göstərdiyi və heç bir fakta əsaslanmayan, fərziyələr üzərində qurduğu tələblərdən biri də guya sığorta ödənişi ödənilməməsi nəticəsində, sement sexində olan vulkan külünün yağışdan, küləkdən yararsız hala düşməsi və vulkan külünün itlərin yeməyinə qarışması ilə əlaqədar olaraq iki itinin ölməsi səbəbindən 20 000 manat maddi ziyana məruz qalmasıdır. Lakin iddiaçı nəzərə almamışdır ki, itlərin ölməsi faktı təsdiq olunmamaqla yanaşı, bu halın sığortaçının təqsirindən ortaya çıxması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 08 fevral 2021-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “Baxılan iş üzrə iddiaçı, aralarında bağlanmış sığorta müqavilələrinə istinad edərək sığorta ödənişinin ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh sığorta ödənişinin ödənilməsindən sığorta hadisəsinin baş verməməsi əsası ilə imtina etmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdehin dəlillərindən və təqdim etdiyi sübutlardan görünür ki, etirazın digər əsası kimi iddiaçıya məxsus tikililərin lazımi keyfiyyətdə olmadığına istinad edilir. İş üzrə fırtına təbiət hadisəsinin sığorta təminatları sırasında olduğu işin mübahisə olunmayan halıdır. Bu baxımdan hazırkı işin həlli baxımından ilk növbədə iddiaçının istinad etdiyi tarixlərdə fırtına baş verib-vermədiyinin müəyyən olunması vacib əhəmiyyətə malik idi. Həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları, o cümlədən, hidrometeoroioji stansiyada müşahidə olunmuş hava şəraitinə dair məlumatları sadalamaqla kifayətlənmiş, həmin sübutlar əsasında hansı halların müəyyən edildiyini və ya müəyyən edilmədiyini ümumiyyətlə əsaslandırmamış və sübutlara qiymət verməmişlər. Halbuki MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan hesab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Lakin əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər sübutlarla yanaşı qiymət verməlidir. Eyni zamanda məhkəmələr mütəxəssis və ekspert rəylərini MPM-in 103-cü maddəsinə əsasən qiymətləndirməmişlər. Qətnamələrdə, həmçinin bəzi maddi hüquq normalarına istinad edilsə də, həmin istinadlar əsasında iddia tələbinin və cavabdehin etirazının qanuni əsasının hansı hüquq norması olduğu, iş üzrə hansı halların müəyyən edildiyi və bu halların tələbin və ya etirazın dispozisiya şərtlərinə uyğun olub-olmadığı əsaslandırılmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin məzmunundan belə çıxır ki, məhkəmələr sığorta predmetinin lazımi keyfiyyətdə inşa edilmədiyi barədə cavabdehin etirazının dəlili ilə razılaşmışlar. Halbuki Mülki Məcəllənin 914.1 -ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə müstəqil ekspertiza təyin etmək hüququna malikdir. Mülki Məcəllənin 911.2-ci maddəsində sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək vəzifəsi müəyyən edilsə də, Məcəllənin 935-ci maddəsinə əsasən bu məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Lakin işə baxmış məhkəmələr istinad olunan maddi hüquq normalarının tələblərini də nəzərə almamışlar”. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələblərinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən İddiaçı məxsus ofis binası (istehsal) “xxxx” ASC tərəfindən 05.10.2018-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi əsasında 100 000 manat məbləğində, həmin ünvanda adı çəkilən şəxsə məxsus sement zavodu (istehsalat sexi və avadanlıqlar) isə 08.10.2018-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi” əsasında 300 000 manat məbləğində (avadanlıq (drabilka motor) - 50 000 manat; bunker (3 ədəd) -10 000 manat; çardaq (naves) – 240 000 manat olmaqla)) sığortalanmış, sığorta şəhadətnamələrində müxtəlif təbiət hadisələri ilə yanaşı qar ağırlığı, sel və su basması, yer sürüşməsi, qasırğa, fırtına, dolu və leysan nəticəsində sığortalanmış əmlaka zərər dəyməsinin sığorta təminatına daxil olduğu müəyyənləşdirilmiş, hər bir hadisə üzrə (zəlzələ və yanğın riskləri istisna olmaqla) ümumi sığorta məbləğinin 1% hissəsi şərtsiz azadolma məbləği kimi nəzərdə tutulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 2018-ci ilin oktyabr ayının 12dən sonrakı tarixdə (12-15 oktyabr tarixləri arasında) istehsalat sexinin çardağının (dam örtüyünün) bir hissəsi (19,0 x 12,0 metr ölçüdə) uçmuş, iddiaçı həmin uçqunun fırtına (güclü külək) nəticəsində baş verdiyini bildirməklə sığorta ödənişinin ödənilməsi üçün 15.10.2018-ci il tarixdə “xxxx” ASC-nə müraciət ünvanlamış, müraciət əsasında “xxxx” ASC-nin sifarişi ilə “xxxx” MMC 26.10.2018-ci il tarixdə “Əmlakın qiymətləndirilməsi barədə rəy” hazırlayaraq iddiaçıya dəymiş ziyanın məbləğini 42 763,93 manat müəyyənləşdirmiş, bununla belə, “xxxx” ASC-nin iddiaçıya göndərdiyi 07.12.2018-ci il tarixli məktubda “...12, 13, 14, 15 oktyabr 2018-ci il tarixində Abşeron rayonu ərazisində sığorta müqaviləsinin şərtlərinə uyğun hadisə baş verməmişdir” göstərilməklə ona sığorta ödənişinin həyata keçirilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçının əmlakının “Daşınmaz əmlakın icbari sığortası” və “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnamələri əsasında “xxxx” ASC-də sığortalanmış olduğu, sığorta müddəti ərzində (2018-ci ilin oktyabr ayının 12-dən sonrakı tarixdə) istehsalat sexinin çardağının (dam örtüyünün) bir hissəsinin uçduğu mübahisələndirilməməkdədir; bununla belə cavabdeh şirkət, hadisənin sığorta hadisəsi olmadığını irəli sürərək iddiaçıya sığorta ödənişi verməkdən imtina etmişdir. Bu baxımdan kollegiya, sığorta hadisəsi və bununla əlaqədar sığorta ödənişlərini müəyyən etmək üçün əlaqədar qanunvericilik və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış sığorta müqavilələrində (sığorta şəhadətnamələrində) fırtına təbiət hadisəsi sığorta riski olaraq müəyyənləşdirilmiş, 26.02.2010-cu il tarixində Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın “Fırtına üzrə şərtlər” bəndində isə “Əmlakın Yanğın və X3 Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə: Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına (10 (on) metr yüksəklikdə saniyədə 17,1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərərin sığorta təminatına daxil edildiyi” təsbit olunmuşdur. Cavabdeh müəssisənin sorğusu əsasında Milli Hidrometerologiya Departamenti tərəfindən göndərilən və birinci instansiya məhkəməsinə təqdim olunan məlumatlarda göstərilmişdir ki, 12.10.2018-ci il tarixdə hava dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 18,7° C, minimum temperaturu 16,6° C, maksimum temperaturu 23,1° C, külək mal istiqamətli olub, maksimum sürəti 13 m/san (6 bal) olmuşdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır; 13.10.2018-ci il tarixdə hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu 14,9° C, minimum temperaturu 13,4° C, maksimum temperaturu 17,4° C, külək şimal stiqamətli olub, maksimum sürəti 19 m/san (8 bal) olmusdur. Saat 02:00-dan 02:46-dək leysan yağış yağmış, yağıntının miqdarı 1,7 mm olımuşdur; 14.10.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,6° C, minimum temperaturu 14,1° C, maksimum temperaturu 19,5° C, külək cənub-cənub-şərq istiqamətli olub, maksimum sürəti 7 m/san (4 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır; 15.10.2018-ci il il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,7° C, minimum temperaturu 11,0°C, maksimum temperaturu 20,6° C, külək şimal istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. Təkrar apellyasiya baxışı zamanı Milli Hidrometeorologiya Departamentinə göndərilmiş müvafiq sorğuya verilən cavabda da eyni məzmunlu məlumatlar göstərilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, 13.10.2018-ci il tarixdə əsən külək çox möhkəm külək olmuşdur. Göründüyü kimi, sığorta şəhadətnaməsinə əsasən yağış, qar, dolu ilə birlikdə olubolmamasından asılı olmayaraq saniyədə 17,1 metrdən yuxarı sürətlə əsən küləyin fırtına kimi qəbul olunacağı razılaşdırılmış, iddiaçıya məxsus əmlaka ziyan dəydiyi irəli sürülən tarix intervalında isə əmlakın yerləşdiyi ərazidə 19 m/san. sürətində (8 ball) çox möhkəm gülək əsmiş olduğu müəyyənləşdirilmişdir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının əmlakına ziyan dəyməsi ilə nəticələnən hadisənin sığorta hadisəsi olmadığına dair cavabdeh şirkətin arqumenti əsassızdır. Kollegiya cavabdeh şirkətin iddiaya və apellyasiya şikayətinə etiraz kimi irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentini də əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin “sığorta hadisəsi barədə məlumatlandırma” başlıqlı 923-cü maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnamədə) isə təsbit olunmuşdur ki, “sığorta hadisəsi baş verdikdə 24 saat ərzində ...xidmət telefonlarına dərhal məlumat verməlidir”. Göründüyü kimi, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində”, sığorta şəhadətnaməsində isə “24 saat ərzində və ya dərhal” kimi müəyyənləşdirilmişdir. Kollegiya hesab edir ki, tərəflər arasındakı münasibətləri tənzimləyən qanunvericilik və müqavilə müddəalarının yuxarıda göstərilən məzmunları konteksində iddiaçının, 13.10.2018-ci il tarixində gecə saatlarında baş vermiş hadisə barəsində 15.10.2018-ci il tarixində məlumat verməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməzdi və qeyd olunan müddət “mümkün olan ən qısa müddət” olaraq qiymətləndirilməlidir. Nəzərə alınsa ki, sığorta şəhadətnaməsində bu müddət 24 saat olaraq göstərilmişdir, cavabdehin irəli sürdüyü arqument bu səbəblə də qəbul oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, “dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 1 gün, hətta bir gündən çox da ola bilər. Qaldı ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin istinad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 935-ci maddəsinə görə, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması; bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun; sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər. Halbuki, yuxarıda gəldiyi qənaətə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda vermişdir və sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının sığorta tələbindən sonra “xxxx” ASC-nin sifarişi ilə “xxxx” MMC 26.10.2018-ci il tarixdə “Əmlakın qiymətləndirilməsi barədə rəy” hazırlayaraq iddiaçıya dəymiş ziyanın məbləğini 42 763,93 manat müəyyənləşdirmiş, iddiaçı isə bu məbləği mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin cavabdeh şirkətin təqdim etdiyi müstəqil ekspert rəyinə əsaslanmaqla “...sement zavodunun tikililərində yaranmış qüsurların 18.10.2018-ci il tarixində hidrometeoroloji stansiyalar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranmamasının müəyyən edildiyi” və “qüsurların inşaat işlərində istifadə olunan yükgötürən konstruktiv elementlərin konstruktor tərəfindən aparılmış hesabatların düzgün hesablanmaması nəticəsində və ya binanın layihə sənədlərinə uyğun inşa olunmaması, eləcə də binanın tikintisində keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi səbəbilə yarandığı” qənaəti ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 911.2-ci maddəsinə görə, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 914.1-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə müstəqil ekspertiza təyin etmək hüququna malikdir. Məcəllənin 935.2-ci maddəsinə görə isə, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Qanunvericiliyin sadalanan müddəalarına əsaslanmaqla kollegiya hesab edir ki, əgər cavabdeh şirkət ona verilən hüquqdan istifadə etməyərək sığortaladığı əmlakın fiziki və texniki xüsusiyyətlərini təyin etməmişdirsə, bunun yaratdığı nəticəyə görə yalnız özü məsuliyyət daşıya bilər və belə yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Xüsusilə nəzərə alınmalıdır ki, sığorta müqaviləsi bağlanarkən iddiaçıdan əmlakın keyfiyyət göstəriciləri barədə məlumat tələb olunmamış, “xxxx” ASC bilavasitə özü sığortaladığı çardağı 240 000 manat qiymətləndirməklə onun əmtəə dəyərini müəyyənləşdirmişdir; belə olan halda isə çardağın keyfiyyətsiz inşa edildiyinə dair arqument haqlı sayıla bilməz. Göstərilənlə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Mülki Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh şirkət 26.10.2018-ci il tarixdə “Əmlakın qiymətləndirilməsi barədə rəy” hazırlatdıraraq iddiaçıya dəymiş ziyanın məbləğini 42 763,93 manat müəyyənləşdirmiş, sığorta şəhadətnaməsində şərtsiz azadolma məbləği kimi hər bir hadisə üzrə (zəlzələ və yanğın riskləri istisna olmaqla) ümumi sığorta məbləğinin 1% hissəsi nəzərdə tutulmuş, iddiaçıya məxsus çardaq üçün sığorta məbləği 240 000 manat razılaşdırılmışdır; bu isə o deməkdir ki, cavabdeh şirkətin özü tərəfindən iddiaçıya aid çardağa dəydiyi müəyyənləşdirilən ziyan məbləğindən 1% azadolma məbləği çıxılmaqla qalan məbləğ (40 363,93 manat) ona ödənilə bilər. Lakin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan (MPM-in 218-ci maddəsi) və iddiaçı 40 000 manat sığorta ödənişi tələb etdiyindən, onun həmin tələbi 40 000 manat həddində təmin olunmalıdır. Bununla belə kollegiya, iddiaçının “iki bahalı itinin ölməsi səbəbindən məruz qaldığı 20 000 manat maddi ziyanın ödənilməsi” tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin tələbin araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də cavabdedən tutularaq ona ödənməli, keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəymiş zərərin əvəzinin verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 40 000 (qırx min) manat sığorta ödənişi, həmçinin ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 46,40 (qırx altı manat 40 qəpik) manat, yəni cəmi 40 046,40 (qırx min qırx altı manat 40 qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Hesab № ******* X1, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4548/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4548/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver