Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4548/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 26% olmaq şərti ilə 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələrinə 02 nömrəli 28 aprel 2017-ci il tarixli əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1076,27 ABŞ dolları müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ********* nömrəli xx.xx.2014 tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka 495,49 ABŞ dolları əsas borc, 118,30 ABŞ dolları faiz borcu, 380,94 ABŞ dolları cərimə, müqavilə müddətindən sonra gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 72,17 ABŞ dolları məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1066,90 ABŞ dolları borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1066,90 ABŞ dolları borcun - bundan 495,49 ABŞ dolları əsas, 118,30 ABŞ dolları faiz, 380,94 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,17 ABŞ dolları faiz borcu, habelə iş üzrə ödənilmiş 38,14 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin olunaraq, cavabdehlərdən 495,49 ABŞ dolları əsas borc, 118,30 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 (beş) faizlə hesablanmış 72,17 ABŞ dolları məbləğində faiz məbləği olmaqla, ümumilikdə 725,96 ABŞ dolları məbləğində borcun və 26 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas, faiz, illik 5 (beş) faizlə hesablanmış borcun, azaldılmış dəbbə pulunun və məhkəmə xərclərinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC-nə olan borcla bağlı 426 manat kompensasiya məbləği hesablanmışdır və həmin məbləğin 353 manat hissəsi "xxxx" ASC-yə olan borca yönəldilmişdir . Həmçinin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş çıxarışda borcalanın bağlanmış öhdəliklərində “tam ödənilmişdir” kimi qeyd edilmişdir. Bank qarşısında öhdəliyi qalmamış, borc məbləği araşdırılmamış, məhkəmə iclasları barədə məlumatı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 12.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 13.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 14.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 15.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının hədləri 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 17.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 19.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bank qarşısında icra olunmamış öhdəliyinin olmadığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 495,49 ABŞ dolları əsas borc, 118,30 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 72,17 ABŞ dolları məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1066,90 ABŞ dolları borcu vardır. Həmçinin, məhkəmə Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən tələb olunan 380,94 ABŞ dolları dəbbə pulunun məbləğini 40 ABŞ dollarına endirməkdə haqlı olmuşdur. 20.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 21.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 22.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 23.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.