Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-455/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh minik avtomobilinə vurulmuş ziyana görə 1501 (min beş yüz bir) manatı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd etdiyi kimi, ona məxsus olan "VAZ 21150" markalı ** VA *** dövlət qeydiyyat nişanlı minik avtomobili 28.04.2017-ci il tarixdən onun mülkiyyətində olmuşdur. 28.04.2017-ci il tarixdə avtomobil texniki baxışdan keçirilmişdir, avtomobildə heç bir nasazlıq aşkar edilməmişdir. Elə həmin tarixdən avtomobili etibarnamə əsasında Cavabdeh etibar etmişdir. Cavabdehin etibarnamə əsasında idarə etdiyi həmin avtomobili yüksək sürətlə idarəetməsi nəticəsində “Opel Astra” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Adı çəkilən avtomobili qəbul edərkən bir sıra avtomobil hissələrinin aradan çıxdığı aşkar edilmişdir. O, avtomobili cavabdehə etibarnamə əsasında verərkən heç bir nasazlıq mövcud olmamışdır. Texniki baxışdan keçərkən yararlılıq vəziyyəti təsdiq edilmişdir. Avtomobildə belə nasazlıqları nəzərə alaraq "xxxx" ASC-nin X1 AVTOVAZ Servis Mərkəzinə müraciət etmişdir. Avtoekspert tərəfindən 24 noyabr 2020-ci il tarixində ziyan aktı tərtib edilmişdir (həmin aktı sübutedici bir fakt kimi ərizəsinə əlavə edib). Həmin akta görə ehtiyyat hissələrinin adları, qiymətləri ümumi məbləği və təmir xərcləri ümumilikdə 1501 (bir min beş yüz bir) manat təşkil etmişdir. Qeyd olunanlardan da görünür ki, onun avtomobilinə vurulan zərər cavabdehin hüquqa zidd inzibati xəta törətməsi nəticəsində vurulmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9692/2018 saylı qətnaməsində qeyd edilir ki, “İddiaçılə 28.04.2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair bağlanmış müqavilə formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibarsız müqavilə olmuşdur. Bu səbəbdən müqavilə bağlandığı gün İddiaçı Cavabdeh avtomobili idarə etmək və üzərində sərəncam vermək səlahiyyətləri də daxil olmaqla bütün hüquqları ehtiva edən etibarnamə vermiş və nəqliyyat vasitəsi Cavabdeh istifadə və sahibliyində qalmışdır. İddiaçı avtomobilin Cavabdeh verdiyi 7000 manat borc müqabilində onun adına keçirdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Avtomobilə dair 28.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra nəqliyyat vasitəsinin Cavabdeh sahibliyində və istifadəsində saxlanılması və onun adına etibarnamə verilməsi təsdiq edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazında irəli sürdüyü mülahizələr əsassızdır...” Bundan başqa iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(103)-9692/2018 saylı icra sənədinə izah verilməsi barədə qərardadında qeyd edilir ki, “VAZ 21150” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda olduğu vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. ...İddiaçı məhz cavabdehin qeyri-hüquqi əməlinə istinad etsə də, yuxarıda sadalanan məhkəmə aktlarına əsasən avtomobilin alqı-satqısına dair bağlanmış müqavilə formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibarsız müqavilə olması və bundan əlavə qeyd olunan avtomobilin məhz olduğu vəziyyətdə İddiaçı təhvil verilməsi faktları İddiaçı iddia tələbində irəli sürdüyü mülahizlərin əsassız olduğunu təsdiq edir. Tətbiq edilən maddi hüquq norması: Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilə cavabdehin istifadəsində olarkən zərər vurması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal qeyd olunan avtomobilin iddiaçının adına formal rəsmiləşdirilməsi ilə bağlıdır. İkincisi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(103)-9692/2018 saylı qətnaməsinə istinad edərək avtomobilin alqı-satqısına dair bağlanmış müqavilənin formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibarsız müqavilə olması və bundan əlavə qeyd olunan avtomobilin məhz olduğu vəziyyətdə İddiaçı təhvil verilməsi faktlarının İddiaçı iddia tələbində irəli sürdüyü mülahizlərin əsassız olduğunu təsdiq etdiyini göstərsə də istinad etdiyi qətnamənin nəticəsinə və etibarsız adlandırdığı müqavilənin bu gün də qüvvədə olmasını nəzərə almamışdır. Belə ki, həmin qətnamədə cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-1237/2018 saylı, 20 aprel 2018-ci il tarixli qətnaməsinin qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edildiyi, həmin hissədə yeni qətnamə qəbul edildiyi, yəni mübahisə predmeti olan avtomobilə görə İddiaçı Cavabdeh xeyrinə 2000 manatın tutulması qət edilmişdir. Demək, qarşılıqlı iddianın təmin edilməsi ilə avtomobilin İddiaçı mülkiyyətində olmasına dair bütün şübhələr, həm də Cavabdeh həmin avtomobilə görə ödədiyi məbləğ ona qaytarıldığına görə aradan qaxmış oldu. Ona görə də avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsızlığı barədə Kaman Məmmədov da hansısa tələb irəli sürmədiyindən məhkəmənin həmin müqaviləni hazırki mərhələdə formal və etibarsız adlandırması düzgün olmamışdır. Üçüncüsü, məhkəmənin Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(103)- 9692/2018 saylı icra sənədinə izah verilməsi barədə qərardadına istinad etməklə iddianı rədd etməsi də düzgün qənaət olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(103)-9692/2018 saylı icra sənədinə izah verilməsi barədə qərardadında “VAZ 21150” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda olduğu vəziyyətdə Cavabdeh alınaraq İddiaçı qaytarılsın.. göstərilməsi də hazırki iddianın əsaslı olmasına heç bir təsiri yoxdur. Çünki, qeyd olunan icra sənədinə əsasən avtomobilin hazırda olduğu vəziyyətdə, yəni zədəli vəziyyətdə qaytarılması barədə izah verilməsi Cavabdeh həmin avtombilə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşımaqdan azad edə bilməzdi. Çünki, qeyd olunan qətnaməyə əsasən həmin avtomobilə görə ödədiyi məbləği İddiaçı ona qaytarmalı olduğu qət edilmiş və həmin qətnamə də qanuni qüvvəsini almışdır. Dördüncüsü, apellyasiya baxışı zamanı mübahisə predmeti olan “VAZ-21150” markalı **- UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın 9/8823 saylı, 21.01.2022-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 24.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı "VAZ 21150" markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1501,0 manat müəyyən edildiyi təsdiq olunmuşdur. Demək, ekspert rəyi ilə də iddianın əsaslı, yəni zərərin məbləğinin şişirdilmədiyi təsdiq olunmuşdur. Tətbiq edilən prosessual hüquq norması: Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli və iddia təmin edilməli, Cavabdeh avtomobilə dəymiş ziyana görə 1.501 (min beş yüz bir) manat alınaraq İddiaçı xeyrinə ödənilməli, həmçinin keçirilmiş ekspertiza təqdiqatının dəyəri Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh avtomobil dəymiş ziyana görə 1.501 (min beş yüz bir) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-455/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-455/2022
21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver