Məhkəmə qərarları › İş №2(103)-4550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4550/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4550/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X6, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair”, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı 10 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10 iyun 2018-ci il tarixdə, 01 noyabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almış, bu barədə 10 iyun 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmişdir. Müqavilə üzrə tərəflərin hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini bu günə kimi geri qaytarmamış, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir yerinə yetirməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixdə 32 saylı notariat kontorunda İddiaçı ilə aralarında 17.000 ABŞ dollarının verilməsinə dair bağlanmış kredit müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 10.06.2018-ci il tarixdə 17.000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirməmiş, bu müqavilə onun işə götürülməyinin şərti kimi bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı yanında işə düzələrək sonuncuya məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylamışdır, cavabdeh isə gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümümi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əsassız olaraq ondan müqavilə üzrə almadığı pullar tələb olunacağı bildirilmişdir. Hesab edir ki, işə düzəlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Bu hal gələcəkdə ondan əsassız olaraq pul tələb edilməsinə gətirib çıxaracaqdır. O, cavabdeh ilə olan işinə son qoymuş, bundan sonra bu kredit müqaviləsi ləğv edilməli və ya başqa bir razılaşmanı pərdələmək niyyəti ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. Cavabdeh təkcə onunla deyil, başqa şəxslərlə də eyni qaydada belə kredit müqavilələri bağlamışdır və kim onunla işləməkdən imtina edirsə onu məhkəməyə verib ondan vermədiyi pulu tələb edir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(002)-202/2019 saylı qətnaməsi ilə onunla işləmiş X3 18.430 ABŞ dolları müqavilə bağlanan tarixə məzənnə ilə 31.331 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. X1 Elnur Aftandil oğlu ilə əmək haqqı məsələsində düz gəlməyib işdən çıxandan sonra ondan kredit müqaviləsində göstərilən pulun alınması üçün məhkəməyə müraciət edilmişdir. Həmin qətnamədən X4 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onlar ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı 21.07.2018-ci il tarixdə X9 ilə 18.430 ABŞ dolları məbləğində, həmin gün, yəni 21.07.2018-ci il tarixdə X11 ilə 18.430 ABŞ dolları məbləğində, 09.06.2018-ci il tarixdə X7 ilə 16.000 ABŞ dolları məbləğində və 10.06.2018-ci il tarixdə Cavabdeh ilə 17.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Lakin bu müqavilələr üzrə heç kimə borc verilməmişdir. Cavabdeh onu işə götürmək üçün bu kredit müqaviləsinin bağlanmasını şərt kimi qoymuşdur. Belə ki, o, topdan satış məntəqələrindən “Milenium” markalı dondurmaların satışının təşkili üçün cavabdehə məxsus “uğur” markalı soyuducuları mağazalara verilməsini və dondurma mövsümünün sonunda soyuducuların mağazalardan yığılmasını təşkil etməli idi. Cavabdeh bildirmişdir ki, bu kredit müqaviləsi onun işləməsinin və soyuducuların yığılması üçün qarantiya kimi bağlanmışdır. O, işləmək istəmədiyini bildirdikdə, həmin müqavilə ləğv ediləcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(001)- 8496/19 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-8496/2019 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7312/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı 10 dekabr 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi və onun tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirib. Notarial qaydada bağlanmış olan 10 iyun 2018-ci il tarixli kredit müqaviləsini əsas mötəbər sübut kimi götürmüşdür. Bağlanmış olan müqavilənin onun iradəsinə zidd olan halları nəzərə almamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2020-ci il tarixli 2(103)- 5468/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan 01.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2021-ci il tarixli 2(102)-1700/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, o, İddiaçı yanında işə düzəlmiş, onun işi mağazalara soyuducu vermək və dondurma paylamaq olmuşdur. İddiaçı tərəfindən biri yük, digəri isə soyuducu maşın olmaqla iki avtomobilə dair ona etibarnamə verilmiş, yük maşını ilə mağazalara soyuducu daşımış, digər ilə isə dondurma paylamışdır. İşə düzələrkən əmək müqaviləsi bağlanmamışdır, lakin qeyd edilmişdir ki, bir müddət sonra əmək müqaviləsi bağlanacaqdır. Mübahisəli kredit müqaviləsi isə gördüyü işlərin təminatı olaraq bağlanmışdır, yəni mağazalara payladığı soyuducuların mövsümün sonunda geri qaytarılması, habelə dondurmaların satışından əldə olunan pulun təhvil verlməsini təmin etmək məqsədini daşımışdır. Yalnız onunla deyil, bütün işçilərlə belə müqavilə bağlanmışdır. Rauf Bafadarov adlı başqa bir işçi ilə Elnur arasında mübahisə olmuş və həmin işə Bakı Apelyasiya Məhkəməsində baxılarkən Rauf ondan şahid qismində ifadə verməyi xahiş etmişdir. Elnur bununla bağlı məhkəmə prosesində şahid qismində iştirak edəcəyi təqdirdə ona qarşı iddia qaldıracağını və onu işdən çıxaracağını bildirmişdir, o isə həmin məhkəmə prosesində iştirak etsə də, şahid qismində dindirilməmişdir. Bundan sonra aralarında hazırki mübahisələr yaranmışdır. İşdən çıxarıldıqdan sonra soyuducu payladığı bütün mağazalarla akt tərtib edərək, verdiyi soyuducuları təhvil alaraq onun əvəzinə işə götürülmüş olan şəxsə təhvil vermişdir. Elnurla aralarında hər hansı şəxsi münasibət və etibar olmamışdır ki, ona təmintasız olaraq 17.000 ABŞ dollarını borc versin, Elnuru yalnız həmin ərəfədə tanımışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili C.Yusifov apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, tərəflər arasında şəxsi münasibətlər olmuş, belə ki, iddiaçının bir çox dostları ilə cavabdeh arasında müəyyən fəaliyyət növü olub, bunun nəticəsində tanış olublar, səmimi münasibətləri yaranmışdır. Cavabdehin maddi çətinliyi olmuş, buna görə iddiaçıdan borc istəmiş, iddiaçı isə yaranmış münasibətlərinə görə, həmçinin digər dostlarına inandığından borc məbləğini vermişdir. Aralarında hər hansı işçiişəgötürən münasibəti olmamışdır. Təmsil etdiyi şəxs tərəfindən cavabdehə dostlarının xahişi ilə müəyyən fəaliyyətlə bağlı avtomobillərə dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya məhkəməsinin göstərilən nəticəyə gələrkən işdə olan hansı mötəbər və digər sübutlarla təkzib olunan sübutlara əsaslanması müəyyən edilmir. Tərəflər arasında əmək münasibətlərinin mövcud olması (əmək və ya hər hansı məzmunda xidmət müqaviləsinin) müəyyən edilmədiyi halda bağlanmış kredit müqaviləsinin məhz əmək münasibətləri ilə bağlı olmasına dair nəticəyə gəlmək yolverilən hesab edilmir. Apelyasiya məhkəməsi müqavilənin yalan əqd olması ilə bağlı gəlmiş olduğu nəticəsini cavabdeh tərəfin izahatı və onun tərəfindən təqdim olunmuş şahidin ifadəsinə istinad etməklə gəlmişdir. Lakin kredit müqaviləsinin notariat orqanında bağlanması, məbləğin depozitə qoyulması və məbləğin məhz cavabdeh tərəfindən depozitdən götürülməsi aşkar olduğu və həmin faktları təkzib edən sübutların olmaması halında müqavilənin puç əqd adlandırması anlaşılan deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi Mülki Proesessual Məcəllənin 88-ci maddəsini əsas tutmaqla tərəflərin təqdim etmiş olduqları sübutlara tam baxmalı və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bununla yanaşı qeyd edilmlədir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi real müqavilədir, yəni faktiki olaraq pul məbləğinin və ya əşyanın verilməsi ilə bağlanmış hesab olunur. Hazırkı işin halları baxımından pulun notariusun bank hesabı vasitəsi ilə verilməsi aşkardır. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh müqavilənin etibarsızlığını tələb edir, lakin müddətin ötürdüyü barədə gəlinən qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Lakin qeyd edilməlidir ki, Cavabdeh etibarlılığını mübahisələndirdiyi 10.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı 31.10.2019-cu il tarixdə irəli sürmüşdür. Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürülməklə verilməsi aşkardır. Apelyasiya məhkəməsinin müqavilənin etibarsız (yalan) əqd olmasına dair mövqeyi tam olaraq əsaslandırılmadığı halda mübahisəyə kəsici müddətlə bağlı normaların tətbiq edilməsinin mümkünsüz olması nəticəsinə gəlməyin özü mübahisəlidir”. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” iddiası qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10.06.2018-ci il tarixdə kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat) məbləğində pul borc verir, Cavabdeh 01.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Hazırda İddiaçı qeyd edilən müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını bildirərək, 29.240 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, bu müqavilənin onun işə qəbul edilməsinin təminatı olaraq bağlandığını bildirərək, müqavilənin həm etibarsız, həm də ləğv edilməsini tələb edir. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarına əsasən, həmçinin apelyasiya baxışında verilmiş izahatlardan müəyyən edilir ki, tərəflər arasında şifahi tarşırıq müqaviləsindən irəli gələn mülki-hüquq münasibətləri olmuşdur. İddiaçı tərəf cavabdehlə aralarında hər hansı işçi-işəgötürən münasibəti olmadığını bildirir, iş materiallarından da tərəflər arasında əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Yəni, həqiqətən tərəflər arasında işçi-işəgötürən münasibətləri yaranmamışdır. Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Müşfiq Dəmirov iş üçün əhəmiyyətli olan suallara cavab verə bilmədiyi üçün, məhkəmə iclası İddiaçı iştirakının təmin edilməsi məqsədilə təxirə salınsa da, hazırki məhkəmə iclasına nə iddiaçı özü, nə də Müşfiq Dəmirov gəlməmiş, onu yeni vəkili-nümayəndə qismində Ceyhun Yusifov təmsil etmiş, sonuncu da qeyd olunan halları, yəni tərəflər arasında hər hansı işgüzar münasibətlərin olmasını inkar etmişdir. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 08.05.2018-ci il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308 Yük” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 07.05.2022-ci il tarixədək qüvvədədir. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 11.05.2019-cu il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308D Yük” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 31.05.2023-cü il tarixədək qüvvədədir. Cavabdeh bildirmişdir ki, yük maşını ilə mağazalara soyuducu daşımış, digər ilə isə (kuzovu soyuducu olan) dondurma paylamışdır. İş materiallarında olan “üzləşmə aktlarından” müəyyən edilir ki, fəaliyyət dövründə işlədiyi bütün mağazalarda müştəriyə satılan mallara və həmin mallara görə “xxxx” MMCnin xəzinəsinə ödəniləsi pullara dair, həmçinin MMC tərəfindən onun təqdim etdiyi məhsulların satışının uyğun qaydada saxlanılması üçün müvəqqəti istifadəyə verilmiş soyuducuların xarici görünüşü və texniki vəziyyətinə baxış keçirilməsi və təhvil verilməsi barədə cavabdeh işdən çıxarıldıqdan sonra üçtərəfli üzləşmə aktları tərtib edilmişdir (Cavabdeh bildirmişdir ki, həmin aktların əsli mağazalarda qalmış, ona yalnız surəti verilmişdir, ona görə də onların əsillərini təqdim edə bilmir). İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin qanuni təmsilçisi X2r (hazırki iş üzrə iddiaçının qardaşı). Müəyyən edilir ki, cavabdehin işlədiyi MMC-nin qanuni təmsilçisi İddiaçı qardaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq cavabdehə iddiaçıya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımaq və dondurmanın saxlanması üçün soyuducuların paylanması tapşırılmışdır ki, cavabdeh də üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Kollegiya hesab edir ki, məhz qeyd edilən tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı cavabdehlə mübahisələndirilən kredit müqaviləsini bağlamış, həmin müqavilə üzrə cavabdehə müqavilədə göstərilən məbləğdə pul verilməmişdir. Kollegiyanın göstərilən nəticəyə gəlməsi üçün aşağıdakılar kifayətdir: • Tərəflərin əvvəllər tanış olmaması; • Aralarında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olması; • İddiaçı yük (söyuducu və dondurma) daşımaq üçün iki yük avtomobilinə dair Cavabdeh etibarnamə verməsi; • Dondurma və soyuducuların məxsus olduğu müəssisənin İddiaçı qardaşına məxsus olması; • Tərəflər arasında hər hansı etibarlı münasibətlərin olmadığı şəraitdə, İddiaçı hər hansı təminat olmadan əvvəllər tanımadığı Cavabdeh kifayət qədər küllü miqdar hesab olunan 17.000 ABŞ dollarının verilməsi; • Kreditin 01.11.2018-ci il tarixədək qaytarılması şərtilə verilməsinə baxmayaraq, hazırki iddianın tərəflər arasında tapşırıq müqaviləsinə xitam verilməsindən dərhal sonra qaldırılması (üzləşmə aktları 2019-cu il sentyabrın 05-06-da tərtib olunmuş, iddia isə 19.09.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur). Belə olan halda müəyyən edilir ki, mübahisələndirilən 10.06.2018-ci il tarixli kredit müqaviləsi yalan əqddir, yəni Cavabdeh öhdəsinə götürdüyü tapşırığın yerinə yetirilməsini (dondurmaların pulunun ödənilməsini, soyuducuların isə mövsümün sonunda geri qaytarılmasını) təmin etmək üçün bağlanmışdır. Kredit müqaviləsinin tapşırıq müqaviləsi ilə eyni dövrdə bağlanması isə onu göstərir ki, kredit müqaviləsi tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin lazımınca icra edilməməsi nəticəsində Cavabdeh İddiaçı ödəməli olan borcun etrafı xaraktekrini daşımamışdır. Buna görə, kredit müqaviləsinin yalan əqd olması əsası ilə etibarsızlığı nəticəsində «borcun etirafı haqqında» müddəaların tətbiqi də mümkün deyildir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin borc (kredit) müqaviləsi haqqında müddəalarından görünür ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllənin 739.1, 739.2-ci və 740.2-ci maddələri). Hazırki işdə də tərəflər arasında 10.06.2018-ci il tarixli kredit müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuşdur (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir). Lakin, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə «əqdlərin etibarsızlığı» institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.» Görünrüyü kimi, istinad olunan işdə olduğu kimi hazırki işdə də mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil, Cavabdeh tələbi həmin müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlanması səbəbindən etibarsız sayılması ilə bağlıdır. Kollegiya tərəflərin müqaviləyə qədərki danışıqlarını (işlə bağlı), münasibətlərini (münasibətlərinin olmamasını), sonrakı hərəkətlərini (tapşırıq müqaviləsi əsasında hərəkət etmələrini) və yuxarıda sadalanan digər xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, müqavilənin etibarsız olması faktı təkcə Cavabdeh iradə ifadəsi ilə deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş yuxarıdakı hallar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə İddiaçı tapşırıq müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və hazırki işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları, yəni tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edən qaydaları tətbiq etmək mümkün deyildir. Bununla belə, hazırki iş üzrə kredit müqaviləsinin etibarsız hesab olunması gələcəkdə tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia qaldıracağı təqdirdə İddiaçı tərəflərin kredit müqaviləsi bağlayarkən əslində nəzərdə tutuqları əqdin qaydalarının tətbiq edilməsini tələb etmək hüququndan mərhum etmir. Bir illik kəsici müddətlə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edə obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üçün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur. Beləliklə, əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (mübahisələndirmə müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır. Hazırki işdə iddia tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi yox, əhəmiyyətsiz əqdin etibarsız hesab olunması barədə olmaqla yanaşı, digər tərəfdən də mübahisələndirilən kredit müqaviləsinin icrasına başlanmamışdır, yəni həmin əqd üzrə İddiaçı Cavabdeh hər hansı məbləğdə pul verməmişdir. Buna görə müddətlə bağlı müddəalara istinad edərək, müddətin ötməsi barədə dəlillər əsassızdır. Cavabdeh tələbinin kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, həmin hissədə tələb əsassızdır, mübahisələndirilən müqavilə etibarsız müqavilədir və onun ləğvi tələbi əsassızdır. Nəhayət, İddiaçı başqa şəxslərlə borc mübahisəsi üzrə qüvvədə olan məhkəmə aktlarına münasibətdə Kollegiya qeyd edir ki, həmin işin halları ilə hazırki işin halları arasında hər hansı oxşarlığın olması bütün işlərdə eyni məzmunlu qətnamə qəbul edilməsinə hüquqi əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında olan 10.06.2018-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar