Məhkəmə qərarları › İş №2(103)-4550/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4550/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4550/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bankın “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 25.866,04 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 manat və bank xidmət haqqı üçün ödənilmiş pulun əvəzi olaraq 0,40 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bankın “Sənaye” filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı “Kredit müqaviləsinə” əsasən Bankdan 30.280 manat məbləğində pulu, illik 21 faiz dərəcəsi ilə kreditə götürmüşdür. Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 48 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir. İş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2023-cü il tarixli RPZ-00025- 01/23A saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar. Nəticədə onların Banka 25.866,04 manat məbləğində əsas kredit borcu yaranmışdır. Bank, borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 184 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 25.866,04 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,40 manat, xidmət haqqının əvəzi kimi 0,33 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

4. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu qəbul edir və hər ay vaxtı-vaxtında ödəyəcəyini bildirir. Belə olan halda, Bankın borcun ödənilməsinin gecikdirilməsini əsas götürərək kredit müqaviləsini birtərəfli qaydada ləğv etməsi əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, əsassız olan iddianı təmin etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

6. Cavabdeh1 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

7. İş üzrə digər tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat

8. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia hər iki cavabdehə münasibətdə təmin edilsə də, cavabdeh (zamin) Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir.

9. Qətnamədən apellyasiya şikayəti yalnız cavabdeh (borcalan) Cavabdeh1 tərəfindən verilmişdir. O, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.

10. Məhkəmə bildirir ki, Cavabdeh1 qətnamənin tam, o cümlədən Cavabdeh2 aid hissəsini mübahisələndirsə də, Məhkəmə hesab edir ki, o, Cavabdeh2 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh1 digər Cavabdeh2 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.

11. Odur ki, Məhkəmə, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin cavabdeh (zamin) Cavabdeh2 aid hissəsinin, yəni zaminin məsuliyyətinin yaranması əsaslarının əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan 30.280 manat məbləğində pulu, illik 21 faiz dərəcəsi ilə kreditə götürmüşdür.

14. Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 48 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir.

15. Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşdur.

16. Bank bildirir ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar.

17. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu 25.866,04 manat məbləğindədir.

18. Cavabdeh1 Banka qeyd edilən məbləğdə borcunun olduğunu qəbul edir.

19. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıq göndərək borcun ödənilməsini tələb etmişdir.

20. “Ödəniş qəbzindən” görünür ki, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 184 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir.

21. Göstərilənlərə əsasən işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.

22. Borcalan Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, o, Banka olan borcunu qəbul edir və hər ay vaxtı-vaxtında ödəyəcəkdir. Belə olan halda, Bank tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinə və borcun vaxtından əvvəl tam ödənilməsinə etiraz edir.

23. Cavabdeh1 mövqeyindən belə anlaşılır ki, onun tərəfindən aylıq ödənişlərin edilməsində gecikmə olsa da, bu hal müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun bir dəfəyə ödənilməsini tələb etmək üçün əsas təşkil edə bilməz. Çünki artıq onun tərəfindən borcun ödənişlərinin həyata keçiriləcəyi Banka bəyan edilmişdir.

24. Lakin “Kredit müqaviləsinin” şərtlərində müqavilə öhdəliklərinin borcalan tərəfindən sonradan borcu ödəmək niyyətinin bəyan edilməsinin Bankın müqaviləni ləğv etmək hüququnun qarşısını alması şərti nəzərdə tutulmamışdır.

25. Əksinə “Kredit müqaviləsinin” 3.1-ci bəndində borcalan tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi halında borcverənin birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və müqavilə üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququ öz əksini tapmışdır.

26. “Kredit müqaviləsinin” 3.1-ci bəndində qeyd edilmiş formada razılaşmanın məzmunu mülki qanunvericiliyin də tələblərinə uyğundur.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

28. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi dəlillər Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki, iş üzrə tərəflər arasında bağlanmış “Kredit müqaviləsində” borcalanın öhdəliyini lazımi qaydada icra etməməsi halında borcverənin birtərəfli qaydada vaxtından əvvəl müqaviləyə xitam verməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur və belə razılaşma qanunvericiliyin tələblərinə uyğundur. Belə olan halda sonradan borcalanın müqavilə münasibətlərini davam etdirmək arzusunda olmasını bəyan etməsi borcverənin öz hüququndan istifadə etməsi imkanının qarşısını almır və bu kimi halın baş verməsi cavabdehin bir borclu kimi kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və o, Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 739-cu maddəsinə əsasən Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

29. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi

30. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ

Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 12 fevral 2024-cü il tarixli qətnamənin zaminin məsuliyyətinin yaranmasını müəyyən edən hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar