Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4551/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(002)-40/2016 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31140 ABŞ dolları əsas borcun, 3188 ABŞ dolları faiz borcunun, 300 ABŞ dolları cərimənin, cəmi 34628 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümumi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(002)- 40/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 31140 ABŞ dolları əsas borc, 3188 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 34628 ABŞ dollarının (ödənildiyi zaman manata məzənnə ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümumi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun yaranmış borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mülkiyyətçi Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşayış sahəsini bir ay ərzində tərk etmədikləri halda həmin mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə prosesində onun iştirakı təmin edilməmiş, kredit müqaviləsi üzrə ödədiyi 16000 ABŞ dolları məbləğində pul borcun hesablanması zamanı nəzərə alınmamış, ipoteka predmeti olan mənzil öz dəyərindən aşağı qiymətə, yəni 37000 manata qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(103)- 843/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(002)-40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(102)- 772/2021 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Cavabdeh3 və onun vəkilinin apellyasiya qaydasında işə baxılarkən iştirakları təmin edilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(103)-843/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(002)- 40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı əsas krеdit müqаviləsinə əsasən bank Cavabdeh3 120 ay müddətinə 100000 manat kredit limiti verilməsi barədə razılaşmışlar. 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı əlavə krеdit müqаviləsinə əsasən, "xxxx" ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı ipoteka müqaviləsinə əsasən, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümumi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 bank qarşısında öhdəliklərinin icrasına görə zamin durmuşlar. Cavabdeh3 30 iyul 2014-cü il tarixli 300714/173884 saylı kredit müqaviləsi üzrə 23.10.2015-ci il tarixə 31140 ABŞ dolları məbləğində əsas borcu, 3188 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası apellyator tərəfindən mübahisələndirilən borc ilə bağlı bildirir ki, cavabdeh borcu mübahisələndirsə də, buna heç bir əsas gətirməmiş, borcun ödənilməsinə dair hansısa sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işdə olan mötəbər sübutlar əsasında borcun məbləğinə dair qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktı qəbul edildikdən sonra əgər hansısa ödənişlər həyata keçirilmişdirsə, bu icra mərhələsində nəzərə alınmalıdır. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin dəyərindən aşağı qiymətlə müəyyən olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İpoteka müqaviləsindən görünür ki, müqavilədə tərəflər ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 37000 manata razılaşdırmışlar. Bundan əvvəl apellyasiya icraatı qaydasında işə baxılarkən mənzilin qiymətləndirilməsi həyata keçirilmiş və mənzilin bazar dəyərinin 50000 manat olması müəyyən edilmişdir. (i.v.123-125) Mənzil 48000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış və 30600 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir. 05.09.2018-ci il tarixdə mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ tanınmışdır. 06.11.2019-cu il tarixdə mənzil boşaldılaraq iddiaçı banka təhvil verilmişdir. 14 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil bank tərəfindən 27000 manata X1. (i.v.146-158, 167-219) Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə prosesində iştirakının birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh3 sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, məhkəmə bildirişlərindən biri Cavabdeh3 qeydiyyatda olduğu ünvanda qəbul edilmiş, digər bildiriş isə cavabdehin qeydiyyatda olduğu ünvanda tapılmaması əsasına görə geri qaytarılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılması barədə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Sadalananlara görə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2(002)- 40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4551/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4551/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver