Məhkəmə qərarları › İş №2(103)-4552/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4552/2020

03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4552/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 1028/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü Aytac Süleymanlı, xx.xx.2008-ci il təvəllüdlü Səxavət Süleymanlı və xx.xx.2010-cu il təvəllüdlü Yusif Süleymanlının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat olmaqla, cəmi 600 manat aliment tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12559/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2005-ci il təvəllüdlü Aytac Süleymanlı, xx.xx.2008-ci il təvəllüdlü Səxavət Süleymanlı və xx.xx.2010cu il təvəllüdlü Yusif Süleymanlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə sabit pul məbləğində 140 manat aliment tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, uşaqların hər birinə görə 100 manat olmaqla, cəmi 300 manat aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh 2012-ci ildən etibarən heç yerdə işləmir. Bu barədə onun tərəfindən məhkəməyə təqdim olunmuş Suraxanı rayon Məşgulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışına əsasən müəyyən olunmuşdur ki, Əmək və X3 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi alt sistemində cavabdehin müqaviləsi aşkar edilməmişdir. Əvvəlki qətnaməyə görə, hər uşağın saxlanılması üçün o, hər ay 100 manat, olmaqla, cəmi 300 manat ödəyir. Ən açınacaqlı hal ondan ibarətdir ki, heç bir qazancı və gəliri yoxdur. Heç bir gəliri olmayan şəxs 420 manat yüksək məbləğdə təyin edilmiş alimenti necə ödəsin? Rayon məhkəməsinin qeyri-qanuni qətnaməsi onun yaşamaq hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iclasında cavabdeh, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, davamlı heç yerdə işləmir, fəhlə kimi günlük işlərlə məşğul olur, əlilliyi yoxdur. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İddiaçı isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqlarının saxlanması üçün 2020-ci il üzrə müəyyən edilmiş aliment məbləğinin yuxarı həddindən az olmaqla 140 manat aliment tutulması qət edilsə də, həmin məbləğlə razıdır. Odur ki, qeyd olunanlara əsasən, şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(103)-12559/2018 saylı qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Aytac Süleymanlı, xx.xx.2008-ci il təvəllüdlü Səxavət Süleymanlı və xx.xx.2010-cu il təvəllüdlü Yusif Süleymanlının saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmişdir. Əmək və X3 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən, Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində Cavabdeh müqaviləsi aşkar edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğinin artırılmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, cavabdehdən tutulan aliment miqdarı bir uşağa görə 100 manat olmaqla, üç uşağa hər ay 300 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, Kollegiya, yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması əsaslıdır. Bu qənaətə gələrkən Kollegiya, onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayanmaddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, cavabdehin işsiz olması, habelə maddi imkanının aşağı olması aliment məbləğinin artırılmaması üçün əsas ola bilməz. Çünki, həmin hallar Cavabdeh uşaqlarını yaşayış minimumuna uyğun qaydada saxlamaq öhdəliyini aradan qaldırmır. Ali Məhkəmə də, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1120/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə) Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar