Məhkəmə qərarları › İş №2(103)-4552/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4552/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4552/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və s.” tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 verdiyi apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma məzmuna riayət edilmədiyi üçün Məhkəmənin eyni nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Məhkəmənin 07 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz olaraq apellyasiya şikayətini geri qaytarmışdır, belə ki, verdiyi şikayətdə qanunverciliyin tələblərinə əməl olunmuşdur, şikayətin mətninin cədvəlsiz əks olunması qanunun tələbinin pozulması hesab edilə bilməz, məhkəmə şikayətin “PDF” variantına baxmadan səhv qənaətə gəlmişdir, ona görə də şikayətin təmin edilməsini, 03 may 2023-cü il tarixli qərardadın ləğv edilməsini, apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, cavabdeh apellyasiya şikayətində sadəcə işin hallarını göstərmiş, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulduğunun nədə ifadə olunduğunu göstərməmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Bununla da müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətini qanunvericliyin tələblərinə tam şəkildə əməl etmədən vermişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur, ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 361, 363, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin ediməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar