Məhkəmə qərarları › İş №2(103)-4553/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4553/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4553/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” BOKT MMC, Cavabdeh onun xeyrinə 14.286,45 ABŞ dolları əsas, 5.116,38 ABŞ dolları faiz və 18.931,23 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 38.334,06 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması, AB №936092 qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsus olan **-DO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, ban WDB2110061A256057, M.İ.H. 2148 sm3, qara metal rəngli, buraxılış ili 2003-cü il olan “Mercedes Benz E220 CDİ minik” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15.000 manat müəyyən edilməklə açıq hərracdan satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh iddiaçı “xxxxxxxxxx BOKT” MMC-nin xeyrinə 14.286,45 ABŞ dolları əsas, 5.100 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.436,45 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı nisbəti ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan **-DO-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara metal rəngli, 2003-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 15.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş 150 manat ekspertiza xərcinin Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, tələbin ondan yalnız miras aktivi kimi qəbul etdiyi payına mütənasib surətdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, rayon məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, kredit borcu üzrə məsuliyyəti öz üzərinə götürmüş Cavabdeh mərhum borclunun qanun üzrə vərəsəsi və hazırkı iş üzrə iddiaya cavab verməli şəxs olduğundan borc məbləği ondan zamin kimi yox, birbaşa borclu kimi tutulmalıdır. Məhkəmə bu hala əsaslanmaqla, onun mərhum borclunun qanun üzrə vərəsəsi olmasını əsas gətirsə də, borcun onun miras payına mütənasib surətdə tutulmalı olmasına əhəmiyyət verməmişdir. Belə ki, Cavabdeh miras qalan yeganə əmlak, dəyəri 15.000 manat olan “Mercedes Benz E220 CDİ minik” markalı avtomobil oldğundan, onun miras qoyanın borclarını yalnız həmin əmlakın dəyərinə mütənasib surətdə ödəmək öhdəliyi vardır. Məhkəmə isə, miras pay kimi qəbul etdiyi əmlakın dəyərindən iki dəfə artıq olan borcun, yəni 19.436,45 ABŞ dolları borcun ödənilməsi öhdəliyini onun üzərinə qoymuşdur. Bundan əlavə, məhkəmə, qətnamədə Cavabdeh ilə “xxxxxxxxxx BOKT” MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, onun borc alanın götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürməsinə, yəni onun iddiaçı qarşısında zaminlik öhdəliyinin olmasına istinad etmiş, lakin borcun ondan zamin kimi deyil, bir vərəsə kimi tutulmalı olmasını qeyd etmişdir. Belə olan halda, məhkəmə, zaminlik öhdəliyinin qüvvədə olub-olmamasına, həmin öhdəliyin xitamı üçün əsasların olub-olmamasına da qiymət verməli idi. Əri xx.xx.2015-ci il tarixdə öldükdən sonra Cavabdeh sözügedən avtomobili miras qismində qəbul edərək, öz mülkiyyətinə keçirmiş və həmin avtomobilə dair etibarnamə verməklə onu başqa şəxsə vermişdir. Aralarındakı razılığa görə, həmin şəxs krediti ödəməyi öz öhdəsinə götürsə də, ödəməmişdir. Buna baxmayaraq, bank bu barədə bildirmədən xx.xx.2019-cu il tarixdə ona qarşı iddia qaldırmış, beləliklə də, kreditor bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilməsi məsələsi ortaya çıxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin mübahisəsiz hallarına əsasən, “xxxxxxxxxx” BOKT MMC ilə Teymur Teymurov arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə, illik 19% şərtilə 20.300 ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə bağlanmış girov müqaviləsi ilə Teymur Teymurov xüsusi mülkiyyət hüququ ilə özünə məxsus mühərrik: 7390JC, ban: WDB2110061A256057, rəngi: qara metal, tip: sedan, buraxılış ili: 2003-cü il, “Mercedes Benz E220 CDİ minik” markalı avtomobili arvadı Cavabdeh yazılı razılığı ilə bank qarşısında ipoteka ilə yüklü edərək, habelə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh, zamin durmaqla “xxxxxxxxxx” BOKT MMC-nin tələb hüququna təminat vermişdir. “xxxxxxxxxx” BOKT MMC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Teymur Teymurova vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Teymur Teymurov isə müqavilə üzrə öhdəliyin tam icra etmədən xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhumun birinci növbəli vərəsəsi qismində arvadı - Cavabdeh Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə mərhumdan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “xxxxxxxxxx” BOKT MMC, Cavabdeh tələbdə göstərilən məbləğlərdə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişi reyestrdə qeydiyyata aldırmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26040 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Teymur Teymurov ilə “xxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2013cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməli olan kredit borcu xx.xx.2019-ci il tarixinə əsas borc üzrə 14.286,45 ABŞ dolları, faiz borcu üzrə 5.100 ABŞ dolları təşkil edir. İpoteka predmetinin ilkin satış qiyməti iddiaçı tərəfindən 15.000 manat həcmində müəyyən edilmiş və Cavabdeh da bu qiymətlə razılaşmışdır (səh.80). Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2013-cü il tarixli, AZBA- 007168 nömrəli kredit, zaminlik və girov müqavilələri, ölüm haqqında, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, AB № 936092 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, AA seriyalı, 081663 nömrəli ipoteka müqaviləsinin qeydiyyata lınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26040 nömrəli rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, Teymur Teymurovla aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Birinci instansiya məhkəməsi qeyd olunanları və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekpsertizasının rəyini nəzərə alaraq, mərhum Teymur Teymurovla “xxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun alacağını 14.286,45 ABŞ dolları əsas, 5.100 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 19.436,45 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiymətini isə tərəflərin razılaşması əsasında 15.000 manat müəyyən etmiş və qətnamə bu hissələrdə, eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməmişdir. Hazırda cavabdeh, qətnaməni zaminliyinə xitam verildiyini və mirayqoyanın vərəsəsi kimi isə onun kreditroları qarşısında yalnız mirasın aktivindəki payına mütənasib surətdə borclandığını bildirməklə mübahisələndirir. Kollegiya, ilk növbədə bildirir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh mərhum borclunun qanun üzrə vərəsəsi olduğundan, iddia tələbi üzrə zamin kimi yox, birbaşa borclu kimi cavabdehlik daşıyır. Başqa sözlə, Cavabdeh zaminliyi aradan qalxdığı üçün o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Çünki, Cavabdeh, mərhum həyat yoldaşı Teymur Teymurovdan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməklə mərhumun kreditor(lar)u qarşısında borclanmışdır. Belə ki, MM-nin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bununla belə, Kollegiya hesab edir ki, rayon məhkəməsi, mərhum Teymur Teymurovla “xxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış bütün borcu mərhumun vərəsəsi olan Cavabdeh tutmaqla, maddi hüquq normalarını pzomuşdur. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdə Cavabdeh Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən mərhum Teymur Teymurovdan miras qalmış əmlaka dair xx.xx.2015-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın “Mercedes Benz E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı avtomobildən ibarət olduğu qeyd olunmuşdur. Eyni zamanda, işdən görünür ki, sözügedən avtomobil Cavabdeh ilə mərhum Teymur Teymurovun nikah dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Bu hallar ona dəlalət edir ki, mərhum əri Teymur Teymurovdan ona yalnız qeyd olunan avtomobilin ½ hissəsi vərəsəlik qaydasında keçmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, S.Temurova, mərhum əri T.Teymurovun “xxxxxxxxxx” BOKT MMC qarşısında olan icra edilməyən borc öhdəliyinə görə “Mercedes Benz E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı avtomobilin ½ hissəsinin ona keçdiyi məqamda mövcud olmuş dəyəri həcmində məsuliyyət daşıyır. Ona görə də, məhkəmə kollegiyası tərəfindən sözügedən avtomobilin xx.xx.2015-ci il tarixə olan dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, PR/M-21/2020 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsinin xx.xx.2015-ci il tarixə olan bazar dəyəri 9200 manat təşkil edir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, ekspert rəyini nəzərə alaraq Kollegiya hesab edir ki, Cavabdeh iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə 4600 manat (9600 manat : 2 = 4600 manat) məbləğində kredit borcu tutulmalıdır. Beləliklə, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnaməsi iddianın “borcun tutulması” tələbinə aid hissədə ləğv edilməli, iddia həmin hissədə yuxarıda qeyd olunan əsaslarla qismən təmin olunaraq, Cavabdeh iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə 4600 manat borc tutulmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanlmamlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-142/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə 14286,45 ABŞ dolları əsas, 5100 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19436,45 ABŞ dolları kredit borcunun ödəniş günü Azərbaycan manatı nisbəti ilə tutulması” hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh miras aktivi kimi qəbul etdiyi “Mercedes Benz E220 CDİ minik” markalı, **-DO-*** dövlət nömrə nişanlı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsinin xx.xx.2015-ci il tarixinə olan bazar dəyəri 9200 manat məbləğinin yalnız payına mütənasib surətdə 4600 (dörd min altı yüz) manat borc tutularaq, iddiaçı “xxxxxxxxxx BOKT” MMC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar