Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4554/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Ağabayeva (Eyvazova) Rəhimə Ədalət qızının Cavabdeh Sadiq oğluna qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Ağabayeva (Eyvazova) Rəhimə Ədalət qızı, Cavabdeh Sadiq oğlunun iştirakı ilə, İddiaçı Ağabayeva (Eyvazova) Rəhimə Ədalət qızının Cavabdeh Sadiq oğluna qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1522/2023 saylı 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından 10 noyabr 2021-ci il təvəllüdlü X3 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3584/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında 21 iyun 2021-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 10 noyabr 2021-ci il təvəllüdlü X2 iddiaçı - anası İddiaçı yanında saxlanılması, Cavabdeh Sadiq oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 noyabr 2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1517/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3584/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün aliment tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilmiş və tərəflərin bigə nikahından anadan olmuş 10 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması, tutmanın xx.xx.2023-cü ildən etibarən hesablanması, həmçinin azyaşlının 3 yaşı tamam olana qədər onun (ananın) saxlanması üçün hər ay 261 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3584/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı övladı onun himayəsində saxlanılmaqla cavabdehdən hər ay 193 manat aliment tutulması qət edilmişdir. Hazırda yaşayış minimumu 220 manat təşkil edir. Eyni zamanda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat məbləğində müəyyən edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 may 2023-cü il tarixli 2(010)-1522/2023 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh Sadiq oğlundan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi, artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvə aldığı vaxtdan hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi artırılmış aliment miqdarının xx.xx.2023-cü ildən etibarən hesablanması hissəsində əsassızdır. Belə ki, MPM-nin yuxarıda qeyd olunan maddələrinin tələbindən də göründüyü kimi, alimentin artırılması tələbi üzrə qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi azyaşlının 3 yaşı tamam olana qədər iddiaçının (ananın) saxlanması üçün cavabdehdən hər ay 261 manat məbləğində pulun tutulması hissəsində də əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən göründüyü kimi, 10 noyabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 (yüz) manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 84-cü maddəsi baxımından tələbin bu hissədə əsaslı olması üçün iddiaçı tərəf cavabdehin tələb edilən aliment miqdarını verməyə maddi imkanının olmasını sübut etməlidir. Hazırda iddiaçı qət edilmiş həmin məbləğin artırılaraq hər ay 261 manat məbləğində müəyyən edilməsini tələb etsə də, lakin iddiaçı cavabdehin qeyd olunan həmin pul vəsaitini ödəməyə kifayət qədər maddi imkanının olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi yaşayış minimumu haqqında qanunla müəyyən edilən minimum dolanacaq həddi isə özü-özlüyündə tələbin bu hissədə təmin edilməsi üçün əsas deyildir. Çünki, ailə qanunvericiliyi istinad edilən maddə ilə sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. İddiaçı isə bu işdə həmin halı sübut edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 84.1, 84.1, 84.2.1, 112, Uşaq Hüquqları haqqında Qanuna, “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannaməyə, Mülki Prosessual Məcəllənin 233, 234.1, 234.2, 234.2.1 maddələrinə, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində dəyişdirilməsini, həmin hissədə iddianın təmin edilməsi, cavabdehdən əlavə olaraq uşağın 3 yaşı tamam olanadək özü üçün hər ay 261 manat alimentin tutulması və ümumi alimentin məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, özü işləmir və tələbədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə iddiaçının apellyasiya şikayəti həddində, yəni alimentin tutulma vaxtı və azyaşlının 3 yaşı tamam olana qədər iddiaçının (ananın) saxlanması üçün tələb edilən aliment məbləğinə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçı alimentin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan tutulmasını tələb etsə də, bu tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq təmin etməmişdir.
28. Qanunvericiliyin tələbinə əsasən birinci dəfə aliment təyin edildiyi halda alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır.
29. Lakin qanunvericilikdə alimentin artırılması halında qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
30. İddia tələbinin azyaşlının 3 yaşı tamam olana qədər iddiaçının (ananın) saxlanması üçün cavabdehdən hər ay 261 manat məbləğində pulun tutulması hissəsində rədd edilməsi barədə də məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 10 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
34. İşin hallarından görünür ki, iddiaçı qət edilmiş həmin məbləğin artırılaraq hər ay 261 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin zəruri vəsaitə malik olduğunu əsaslandırmamışdır.
35. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1522/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.